“Son günlər bəzi saytlar və sosial şəbəkələrdə koronavirusla mübarizəyə ilk qoşulan bu klinikanın dezinfeksiya olunmaması, bu səbəbdən orada çalışan həkimlərin virusa yoluxması və digər məqamlar haqqında əsassız məlumatlar yayılır. Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında mütəmadi olaraq dezinfeksiya işləri aparılır”.
Modern.az-ın məlumatına görə, bu barədə Azərbaycan Tibb Universitetinin mətbuat xidmətinin açıqlamasında bildirilib.
Rəsmi məlumata görə, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında davamlı olaraq Sanitar-Epidemioloji mərkəz və özəl şirkət tərəfindən dezinfeksiya işləri aparılır:
“İşçilər yalnız 15 gün fasilə ilə işə çıxırlar. Yalnız könüllü istək olduğu halda, daha uzun müddətdə fasiləsiz işə çıxan əməkdaşlarımız olur. Həkimlər və tibb personalı arasında yoluxma hallarının əsas səbəbləri klinika rəhbərliyi tərəfindən araşdırılıb. Təəssüflə qeyd edək ki, bir çox hallarda səbəb - həkimlərimiz və tibb personalının klinikadan kənarda – oteldə özünütəcrid qaydalarına lazımınca əməl etməmələri olub. Digərləri ilə təmasda olmayan, otağından çıxmayan işçilərdə yoluxma olmayıb. Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası olaraq işçilərimizin oteldəki davranışına müdaxilə edə bilmərik”.
Qeyd edilib ki, kimlərinsə işə çıxmaqla bağlı təhdid olunması haqqında iddialar əsassız və yersizdir:
“Bu barədə Klinika rəhbərliyinə hansısa şikayət daxil olmayıb. İndiki həssas məqamda, koronavirusla mübarizə apardığımız bir dövrdə bu cür iddiaların mediaya ayaq açması təəssüf doğurur”.