27 sentyabrda erməni hərbi birləşmələrinin silahlarından açılan mərmi Naftalan ərazisinə düşüb. Mərminin partlaması nəticəsində evə 100 min manat məbləğində ziyan dəyib.
Modern.az-ın məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin və Baş Prokurorluğun birgə keçirdiyi brifinqdə Baş Prokurorluğun mətbuat katibi Günay Səlimzadə deyib.
G.Səlimzadə qeyd edib ki, həmin faktlar əsasında Goranboy rayon prokurorluğunda bir neçə maddə ilə cinayət işi başlanıb.
Onun sözlərinə görə, Ağdam rayonunun cəbhəboyu kəndlərinə ermənilər tərəfindən açılan atəş nəticəsində bir nəfərin baş nahiyəsindən aldığı xəsarətlərdən həyatını itirməsi faktına görə Ağdam rayon prokurorluğunda cinayət işi başlanıb:
“Tərtər rayonuna ermənilər tərəfindən açılan atəşlər nəticəsində də mülki əhali müxtəlif dərəcəli bədən xəsarətləri alıb və həlak olub. Həmin faktlarla bağlı da Tərtər rayon prokurorluğunda cinayət işləri başlanıb. Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitunə uyğun olaraq, bütün addımlar atılır. Göstərilmiş faktlara əsasən, 5 cinayət işi başlanıb”.