Ali Baş Komandan İlham Əliyevin avqustun 26-da imzaladığı sərəncama əsasən, oktyabr çağırışına başlanılıb.
Modern.az-ın məlumatına görə, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin birinci müavini general mayor Zaur Abdullayev bildirib.
Z.Abdullayev qeyd edib ki, hazırda aparılan müddətli hərbi xidmətə çağırış qanunvericiliyə uyğun olaraq hər il olduğu kimi, ildə 4 dəfə həyata keçirilən prosedurdur:
"Bu çağırışın hazırki hərbi vəziyyətlə heç bir bağlılığı yoxdur. Həmişə olduğu kimi, 18 yaşı tamam olmuş və möhlət hüququ olmayan gənclər qanunvericiliyə uyğun olaraq vətən qarşısında borclarını yerinə yetirmək üçün əsgəri xidmətə yola salınırlar”.
Onun sözlərinə görə, gənc əsgərlər cəbhəyə deyil, müvafiq qoşun növlərinin hərbi hissələrinə - təlim mərkəzlərinə göndərilir:
“Qarşıdakı 3 ay müddətində onlarla orada təlimlər keçiriləcək, hərbin sirrləri öyrədiləcək, sonra xidmətlərini təyin olunduqları yerlərdə davam etdirəcəklər".