Son günlər Azərbaycan ordusunun Ermənistan silahlı qüvvələrinin təxribat xarakterli hücumlarına layiqli cavabı, təcavüzkar qüvvələrə öz həddini göstərməsi hər birimizin ruhunda qürur və ləyaqət duyğusunu alovlandırır. Bu gün bütün dövlət qurumları, özəl müəssisələr- hər bir Azərbaycan vətəndaşı öz ordusunun yanındadır.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Modern.az-a verilən məlumata görə, müxtəlif sahələr üzrə ixtisaslı həkimlər də bu nəcib təşəbbüsə qoşulur:
"TƏBİB-in elektron poçt ünvanı və sosial şəbəkə hesabları vasitəsilə könüllü olaraq yaralı əsgərlərimizin müalicə prosesində iştirak etmək niyyətlərini ifadə edirlər. Bütün tibb işçilərinə göstərdikləri həmrəyliyə görə TƏBİB adından təşəkkür edir, eyni zamanda bildiririk ki, hal-hazırda yaralı hərbçilərimizin sağlamlığına bir an öncə qovuşması üçün maddi-texniki baza tam təmin edilib. Səhiyyə müəssisələri komplekləşib və aidiyyatı ixtisaslı tibb işçiləri artıq fəaliyyətə başlayıb, əlavə resurslara zərurət yoxdur.
Bir daha təmənnasız xidmətə hazır olan bütün tibb işçilərinə minnətdarlığımızı bildirir, Azərbaycanın müzəffər ordusunun qələbəsinə əminliyimizi ifadə edirik".