Modern.az

Vərəmlə bağlı stiqmaya qarşı mübarizə yolları

Vərəmlə bağlı stiqmaya qarşı mübarizə yolları

Aktual

13 Avqust 2012, 14:35

Stiqma mənfi sosial yükü özündə daşıyan damğa olmaqla əsassız olaraq cəmiyyətdə müəyyən insanlar haqqında neqativ rəy yaradır, ətrafdakıların onlardan uzaq qaçmasına səbəb olur. Vərəmli xəstələr da stiqma ilə ən çox üzləşən insanlardandır.

B.e.ə. II minilliyə aid olan Hammurapinin qanunlar kodeksində kişilərə vərəmə tutulmuş arvadlarından boşanmaq hüququnun verilməsi vərəmlə bağlı stiqmanın hələ çox qədimdən mövcud olduğunu göstərir. Bu gün də vərəmli xəstələrə qarşı stiqma davam etməkdədir. Elmin, səhiyyənin bu qədər inkişaf etdiyi bir vaxtda vərəmə yoluxmuş insanların özlərinə və ailələrinə münasibət hələ də ürəkaçan deyildir. Onlarla bir yerdə işləməkdən, bir süfrə arxasında oturmaqdan, yol getməkdən, əl verib görüşməkdən çəkinirlər. Hətta olur ki, vərəm xəstəliyinə yoluxmuş şəxs müalicə olunub tam sağalsa belə, onun haqqında danışanda “çxotka filankəs” deyirlər. Stiqma ilə üzləşən xəstələr isə özlərini cəmiyyətdən uzaqlaşdırılmış, təhqir olunmuş, atılmış hesab edir, yaşamaq, çalışmaq həvəsini itirir, bir çox hallarda isə depressiyaya düşürlər.

Əslində stiqmanın kimə qarşı yönəlməsindən asılı olmayaraq sonda zərbə cəmiyyətə dəyir. Məktəb yaxşı bir şagirdini, gələcəyin bəlkə də ən yaxşı mütəxəssisini, kollektiv  yetişmiş kadrını, yaxşı bir insanı, cəmiyyət isə bunların hamısını itirir. Bu itkinin qarşısını almaq üçünsə ilk növbədə stiqmanı yaradan səbəbləri aradan qaldırmaq lazımdır.

Stiqmanı yaradan əsas səbəblərdən biri qorxudur. Qorxu demək olar ki, bir çox bəlaların səbəbkarıdır. Amerikanın 32-ci prezidenti F.Ruzvelt demişdi ki, “Mən tamamilə əminəm ki, qorxmalı olduğumuz yeganə şey – elə qorxunun özüdür”. Zənnimcə insanlar məhz vərəmə yoluxmaqdan qorxduqları üçün, daha doğrusu öz qorxularından qorxduqları üçün vərəmli xəstələrdən uzaq gəzməyə çalışırlar. Ancaq qorxu  heç vaxt öz-özünə yaranmır. Onun səbəbkarı çox vaxt məlumatsızlıq olur. Bir çox insanlar vərəmi sağalmaz, çarəsiz  xəstəlik hesab edirlər. Elə bilirlər ki, bu xəstəliyə yoluxmuş adamlar nə qədər müalicə alsalar belə onlarla ünsiyyətdə olmaq yenə də təhlükəlidir. Deməli məlumatsızlıq qorxu, qorxu isə stiqma yaradır. Ona görə də  stiqma ilə effektli mübarizə aparmaq üçün ilk öncə insanları geniş miqyasda maarifləndirmək lazımdır. Bu işdə təkcə həkimlər yox, həm də cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar, xüsusən KİV nümayəndələri daha yaxından iştirak etməlidirlər.

Vərəmlə bağlı xüsusi bukletlər hazırlamaq olar. Burada vərəmin törədicisi, yoluxma yolları, ilkin əlamətləri, erkən diaqnostika və müalicənin əhəmiyyəti, xəstəliyin profilaktikasında gigiyenanın, sağlam həyat tərzi keçirmənin rolu və s. haqqında ətraflı məlumat vermək olar. İnsanlar bilməlidir ki, vərəm ağır xəstəlikdir, ancaq sağalmaz xəstəlik deyildir. Vərəm o zaman qorxulu olur ki, müalicə olunmur.  Erkən aşkarlanıb müalicə olunan vərəm nə xəstə,  nə də ətrafdakılar üçün təhlükə yaratmır. Müalicə olunmuş xəstələr yoluxucu olmurlar. Onlar xəstəxanadan evə vərəm qapalı formaya keçəndən, yoluxuculuq qabiliyyətini itirəndən sonra buraxılırlar. Dispanser qeydiyyatında olduğundan belə xəstələr mütəmadi olaraq həkim müayinəsindən keçirlər.

 Sevindirici haldır ki, bu gün respublikamızda vərəmin erkən diaqnostikası və müalicəsi üçün hər bir şərait var. Poliklinika və məktəblərdə vərəmin erkən aşkarlanması məqsədilə vaxtaşırı Mantu sınağı qoyulur. Ancaq Mantunun nəticələri haqdakı səhv məlumatlar da  stiqmaya səbəb ola bilər. Bir çox şagirdlər və valideynlər elə bilir ki, Mantunun yeri qızarıbsa deməli həmin uşaq xəstədir. Lakin, vərəmin olduğuna tək qızartı yox, iynənin yerində əmələ gələn bərkləşmənin ölçüsü daha çox şübhə yaradır. Ona görə də həkim düzgün taktika seçərək, sınaqdan  əvvəl şagirdlərə başa salmalıdır ki, Mantunun yeri bir çox uşaqlarda, hətta sağlam olanlarda da qızara bilər və hər qızartı xəstəlik əlaməti deyil. Yaxşı olardı ki,  Mantusu müsbət çıxan şagirdlərin adı sinifdə açıqlanmasın,  onlarla individual əlaqə saxlanılıb müalicələri konfidensial şəkildə aparılsın.

Stiqma yaradan əsas səbəblərdən biri də bəzi xəstələrdə iradə, özünə inam hissinin zəif olmasıdır. İlk dəfə vərəm diaqnozu eşidən kimi xəstələrin çoxu panikaya düşür, həyatlarının sona çatdığını düşünərək dərin psixoloji sarsıntı keçirirlər. Ətrafdakıların onlara qarşı ikrah hissi keçirdiklərindən şübhələnərək camaatdan qaçır, əsəbi və aqressiv olurlar. Bu da digər insanların onlardan qaçmasına, stiqmanın yaranmasına səbəb olur. Belə vəziyyətin qarşısını almaq üçün həkimlərin üzərinə böyük məsuliyyət düşür. İlk növbədə həkim xəstənin etibarını qazanmağa, onun təkcə həkimi yox, həm də yaxın bir adamı olmağa çalışmalı, erkən müalicənin faydasını başa salmaqla xəstəlikdən tam sağalmanın mümkün olduğuna inandırmalıdır. Bundan başqa həkim pasiyentin ailəsi ilə söhbətlər aparmalı və onları xəstəyə mənəvi dəstək olmağa çağırmalıdır. Çünki belə xəstələrin təkcə dərman müalicəsinə yox həm də mənəvi dəstəyə, sevgiyə, qayğıya böyük ehtiyac duyurlar.                                                                                    

   Stiqma insanların şüurunda kök salan qorxu hissidir. Buna görə də  stiqmaya qarşı mübarizə aparmağın ən mühüm yollarından biri də insanların şüurunda dönüş yaratmaqdır. İlk növbədə vərəmə yoluxduğu üçün adamları qınamaq olmaz. Başa düşmək lazımdır ki, bu onların günahı deyil. Heç kim xəstələnmək istəməz, ancaq heç kim də vərəmə yoluxmaqdan sığortalanmayıb. Bu bizim hər birimizin başına gələ bilər. Biz xəstəni qınamazdan, onlara məsafəli davranmazdan əvvəl özümüzü onun yerində hiss etməyi bacarmalıyıq. Bir anlıq fikirləşməliyik: ”Əgər mən xəstə olsaydım və mənə qarşı münasibət belə olsaydı özümü necə hiss edərdim?”                                                                                                                    

    İnsanlar vərəmə yoluxmamaq üçün adətən tanıdıqları xəstələrdən uzaq durmağa çalışırlar. Ancaq nəzərə almırlar ki, ictimai nəqliyyatda, küçədə, bazarda və s. rastlaşdığımız, xəstə olduğunu bilmədiyimiz insanlardan da yoluxa bilərik. Hər yoluxma isə xəstəliklə nəticələnmir. Bir çox insanlarda vərəm çöpləri Qon ocaqları şəklində illərlə qalıb xəstəlik törətməyə bilər. Ancaq əlverişli şərait yarandıqda, yəni həyat şəraiti pisləşdikdə, uzun müddət yaxşı qidalanmadıqda, gün işığının yaxşı düşmədiyi, rütubətli, pis havalandırılan yerlərdə yaşadıqda, orqanizmin immuniteti zəiflədikdə bu “yatmış” vərəm çöpləri aktivləşir və xəstəlik törədir. Deməli, vərəmə yoluxmamaq üçün xəstələrdən qaçmaq yox, sağlam həyat tərzi keçirmək, immuniteti gücləndirmək, vərəm çöplərinin inkişafı üçün əlverişli şərait yaratmamağa çalışmaq lazımdır. Belə olduqda vərəmlə bağlı stiqma da aradan qaldırıla bilər.

Bunlardan əlavə, zənnimcə vərəm xəstələrinə kömək və stiqmaya qarşı mübarizə məqsədilə xüsusi cəmiyyətlər təşkil oluna bilər. Vərəm xəstəliyinə, stiqmaya qalib gəlmiş adamları, onlara bu çətinlikləri aşmaqda dəstək olmuş insanları, xəstələrin ailə üzvlərini bu cəmiyyətlərə cəlb etməklə stiqmaya qarşı  effektli mübarizə aparmaq olar. Stiqmanın aradan qaldırılmasında qrup halında təşkil olunmuş psixoterapiyanın da böyük əhəmiyyəti ola bilər. Xüsusən ona görə ki, xaricdə artıq belə təcrübə var. Belə qruplarda vərəm xəstəliyindən qurtulmuş, özündə güc taparaq yenidən əvvəlki sosial həyatına qayıtmış insanlar, xəstələrin ailə üzvləri, psixoloqlar, həkimlər toplaşırlar. Burada hər kəs utanmadan öz tarixçəsini danışır, xəstəliyə, ictimai qınağa qarşı necə mübarizə aparmağından, bu işdə ailəsinin rolundan söhbət açırlar. Vərəm xəstəliyinə tutulmuş və ya xəstəxanadan yenicə çıxmış, ictimai qınaqla necə mübarizə aparacağını bilməyən şəxslər üçün belə qruplara getmək çox faydalı olardı. Çünki belə söhbətlərdən sonra xəstələrin əksəriyyətində mübarizə ruhu güclənir, onlarda əvvəlki həyatlarına qayıtmağa inam yaranır.

Vüqar Haqverdiyev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı