“Süd məhsullarının ortalama saxlanma müddəti 14 gündür” - Gigiyena və Epidemiologiya Mərkəzi
Yay vaxtı insanların dadına çatan, onların susuzluğunun qarşısını alan içkilərdən biri də ayranlar və dovğalardır. Mağaza və dükanlarda geniş çeşiddə və qablaşdırılmış formada satılan bu məhsulların saxlanılma müddəti haqda nə bilirik? Qablaşdırılmış ağartı məhsullarının insan səhhətinə hər hansı bir ziyanı varmı?
Azad İstehlakçılar Birliyinin (AİB) rəhbəri Eyyub Hüseynov bildirdi ki, ağartı məhsullarının tərkibinə uzun müddət saxlamaq üçün elə inqridentlər vurula bilər ki, bu da xərçəngin yaranmasına şərait yarada bilər. “Bəli, bu problemdir. Yeyinti məhsulları haqqında qanununda göstərilir ki, ərzaq mallarının etiketində onun tərkibində olan bütün inqiridentlər, yəni nə qarışdırılıbsa, mütləq göstərilməlidir. Dünyada isə iki mindən artıq inqirident var. Malı uzun müddət saxlamaq , ona rəng vermək, dad vermək üçün və s. Bu inqirdentlərin bir hissəsinə icazə verilir, bir hissəsinə yox. Onların bir çoxu xərçəng xəstəliyi əmələ gətirir. Lakin bunu edən insanlar, çox ölkələrdə istehsalçılar istəyir ki, malları ölməz olsun. Onu gizlədirlər, qarışdırırlar, malın üzərinə yazmırlar. Ekspertiza mükəmməl olmayan ölkələrdə, xüsusən Azərbaycan kimi müstəqil ekspertizanın olmadığı ölkələrdə malı yeyən kimi insan ölmürsə, belə hesab olunur ki, o yaxşı maldır. Əlində bir tikə ilə öləndə isə deyirlər ki, zəhərləndi öldü. Azərbaycanda qida zəhərlənmələri gizlədilir. Və təsadüfü deyil ki, Dünya Səhiyyə Təşkilatının (DST) məlumatlarına əsasən, həyat səviyyəsinə görə dünyada 4-cü yerdə dayanan Avstraliyada 20 mln. adam yaşayır və ildə 5 mln. adam zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edir. Dünyada orta statistika ilə 3 adamdan biri bu diaqnozla səhiyyə müəssisələrinə müraciət edir. Azərbaycanda isə bu statistika ilə müqayisədə təxminən 2,5 mln. adam səhiyyə orqanlarına müraciət etməlidir. Lakin səhiyyə orqanları bu rəqəmi açıqlamır. Bu o deməkdir ki, Azərbyaqcanda zəhərlənmənin diaqnostikası yoxdur, hamısı yalançıdır. Çünki Səhiyyə Nazirliyi həm gigiyenik sertifikat verir, həm də zəhərlənməni qeydiyyata alır. Əgər zəhərlənməni düzgün qeydiyyata alsa, hər malın öz gigiyenik sertifikatı var. Deyərlər ki, sən vermisən, gigiyenik sertifikatı biz verməmişik ki...”
E. Hüseynovun sözlərinə görə, dovğaların, ayranların içərisinə inqirdentlər qarışdırılır. Amma... “İstehlakçılar bilməlidirlər ki, malın ömrünü nə uzadırsa, həmin şey insanın ömrünü qısaldır. Məsələn, dovğa almaq istəyəndə hansının yaralılıq müddəti qısadırsa, onu alsınlar”.
AİB sədri onu da vurğuladı ki, 8 ay müddətinə mallara keyfiyyət nişanı veriləcək. “Bir sözlə, bu sahədə böyük qlobal problemlər dayanır. Bu işləri həll etmək üçün USİD (ABŞ İnkişaf Agentliyi) AİB-in 12 nəfəri ilə treninqlər aparır, bizə bu işlərin incəliklərini öyrədirlər, bu yaxınlarda mallara keyfiyyət nişanı verəcəyik. Yəni gümüş , qızıl, platin mal nişanları. Onda istehlakçılara deyəcəyik ki, nəyi alın, nəyi almayın. Malı tarladan supermarketə qədər izləyəcəyik. Mal nişanın verilməsi yaxın 8 aya qədər baş verəcək”.
Tibb elmləri doktoru, professor Adil Qeybulla ağartı məhsullarının tərkibində olan qida əlavəsinin kodla göstərilməsinin məcburi olduğunu dedi: “Konservləşdirmə, qablaşdırma bu gün ərzaq istehsalında çox geniş yayılıb. Və həmin maddələr ki, ərzağın tərkibinə daxil olurlar, onlar ayrılıqda qida kimi istifadə olunmayan maddələrdir. Struktur, birləşmə, rəng və s. kimi. Bu gün maddələr çoxdur və bunların içərisində sintetik mənşəli maddələr də var. Ümumiyyətlə, hər hansı bir ərzağın tərkibinə qida əlavəsi daxil olunursa, mütləq ərzağın üzərindəki etiketində göstərilməlidir. Həm də E indeksi ilə. DST-nin qida əlavələri ilə bağlı reyestri var – “Kodeks Alimentari”. Burada onların hamısı kodlaşdırılıb. Hər bir qida əlavəsinin kodu var. E indeksi Avropanın ingilis dilində adının baş hərifidir. Məsələn, E 132, E 500 və s. Həmin indekslər orada göstərilməlidir”.
A. Qeybullanın sözlərinə görə, konservləşdirilmiş, qablaşdırılmış ərzaqların böyük miqdarda qəbulu orqanizmdə böyük fəsadlar törədə bilər. Qida əlavələri orqanizmdə mədə bağırsaq pozuntusu, endokrim pozuntular, xərçəngə qədər gətirib çıxarda bilər. Bu gün xərçəngin statistikasının artmasında da bu cür qida əlavələrinin, genetik modifikasiya olunmuş ərzaqların qəbulunun rolu yetərincədir. “Söhbət ağardıcı məhsulun özündən getmir, onun tərkibində olan konservantdan gedir. Heç bilmirik ki, o nə konservantdır. Heç məlumatımız yoxdur. Qapalı qabda evdə, hətta soyuducuya belə qoyulmuş dovğada iki üç gün ərzində qıcqırma baş verir, orada qazlar əmələ gəlir. Belə olan halda mağazada bu ağardıcılar aylarla necə qalır? Bu cür maddələrin qəbulu ümumiyyətlə məsləhət deyil, sadəcə insanlar bunun fərqinə varmırlar”.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qida gigiyenası şöbəsinin müdiri İmran Abdullayev isə hər iki mütəxəssisdən fərqli olaraq mağazalarda qablaşdırılmış formada saxlanılan ağartı məhsullarının heç bir ziyanı olmadığını dedi. “Bunların tərkibinə qida əlavələri də qatıla bilər . Sadəcə onların istehsal texnologiyasında bir qədər fərqliliklər var. Pasterizasiya növündən istifadə etməklə süd məhsullarının saxlanma müddəti artırılır. Avropada süd məhsullarının ortalama saxlanma müddəti 21 gündən 30 günə kimi davam edir. Amma Azərbaycanda 14 gün müəyyənləşdirmişik”.
Şahanə Rəhimli