Quba şəhərində Azərbaycan -Türkiyə qardaşlıq parkının inşasına başlanılıb.

 

Modern.az xəbər verir ki, şəhərin mərkəzində-Əliqulu Nərimanov küçəsində inşa edilən park Qubada iki qardaş ölkənin həqiqətən qardaşlığının və dostluğunun  təcəmmünü əks etdirəcək möhtəşəm gəzməli-görməli yer olacaq. Ümumi sahəsi 2000 kvadrat metr olan parkın mərkəzində Azərbaycan-Türkiyə qardaşlığını və  dostluğunu əks etdirəcək möhtəşəm abidə olacaq. Abidənin müəllifi, heykəltəraş Şıxəli Təhməzov deyir ki, abidənin iki əldə  palıd ağacının kök atmasını əks etdirən görüntülənəcək ki, bu da Türkiyə ilə Azərbaycanın çox qədim qardaşlığının rəmzi nümunəsi olacaq.

 

Qardaşlıq parkının divarlarında ümummilli lider Heydər Əliyevin, Mustafa Kamal Atatürkün, indiki dövlət başçıları İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın Azərbaycanla Türkiyənin necə dost və qardaş olmalarına dair qiymətli kəlamları həkk ediləcək.

 

Bu gün Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Azərbaycan bölgələri arasında ən möhtəşəm qardaşlıq parkı olacaq yeni parkın ərazisində olub, tikinti işləri ilə maraqlanıb, tapşırıqlarını və tövsiyələrini verib. Ziyəddin Əliyev bu parkın qubalılar üçün ən gözəl istirahət guşəsi kimi,iki ölkə arasında sıx dostluğun bariz nümunəsi kimi sakinlərin daimi  ziyarət yeri olacağını  deyib.

 

Qubanın Azərbaycan -Türkiyə qardaşlıq parkının ümummilli lider Heydər Əliyevin doğum günündə-mayın 10-da açılacağı nəzərdə tutulub.