Modern.az

Baş redaktor: "Atamdan sonra qarışqalar yığışıb getdi" - MÜSAHİBƏ

Baş redaktor: "Atamdan sonra qarışqalar yığışıb getdi" - MÜSAHİBƏ

Aktual

20 Sentyabr 2012, 12:59

Bakıda, Köhnə Günəşlidə, şair Ağa Laçınlının iş otağında mənəm, mərhum şairin övladları Oqtay Qorçudu, Azər Qaraçənlidi, Narıngüldü, bir də onların ağbirçək anasıdı. O biri övladlar – yazıçı Fəxri Uğurlu və Sayalı söhbətdə yoxdular. Oqtay öncə anasını tanıdır: “Anam doğulanda qonşuda Gülzar adlı bir qadın varmış, deyib, ona mənim adımı qoyun. Elə də eləyiblər. Amma həmin vaxt artıq anamın nənəsi – Xatın nənə gedib sənəddə anamın adını Mələk yazdırıbmış. Xatın nənə qayıdandan sonra məsələni eşidir, deyir ki, daha o qadının xətrinə dəymək olmaz, qoy elə adı Gülzar olsun. Beləcə, anamın adı sənəddə Mələk, əslində isə Gülzar olur”.

Gülzar xala 45 il əvvəlin xatirələrindən xırda epizodlar danışır. 1967-ci ilimiş, Ağa müəllim 27 yaşında, Gülzar xala 19 yaşında. Bir-birinə qoşulub Bakıya, ordan da Moskvaya gedirlər – onda Ağa müəllim artıq Moskvada Qorki adına Ədəbiyyat İnstitutunda oxuyurdu.

- Necə rastlaşdınız? Ağa müəllim Laçının Oğuldərə kəndində doğulub, siz Ağdamın Çullu kəndində...

- Dədə-babamız yayı Laçın tərəflərdə yaylaqlayıb, qışı Ağdamın Çullu kəndinə qayıdıb. Oğuldərədə bir Çullu yurdu da vardı. Babalarımız bir-biriləriylə dost olublar.

Gülzar xala bu təzə ailəyə Azərbaycan Yazıçılar Birliyinin o zamankı sədri Mirzə İbrahimovun kömək durduğunu deyir və bütün söhbət boyu, bəlkə kiməsə qəribə görünər, Mirzə müəllimin adı yalnız xeyirxah yardımçı kimi keçir.

- Mirzə müəllim bu ailə üçün hardan və necə peyda olmuşdu?

- Ağanın qohumlarından biri Mirzə müəllimin qayınatasıyla dostuydu, o tapşırmışdı. Ağanı “Ədəbiyyat və incəsənət” qəzetinə də işə Mirzə müəllim götürmüşdü, demişdi, oğul, nə qədər mən varam, sənə dayaq olacam. Allah rəhmət eləsin! Hələ Ağa subay olanda, cəmi 2 ay ərzində ona 2-ci mikrorayondan 2 otaqlı ev veriblər. Yazıçılardan biri şikayət eləyib. Ağa da evin açarını götürüb, aparıb qoyub Mirzə müəllimin stolunun üstə ki, həm istəmirəm kimsə bu evə görə sizin adınızı səs-küyə salsın, həm də ümumiyyətlə söz-söhbətli ev istəmirəm. Mirzə müəllim deyib ki, darıxma, hələlik kirayədə yaşa, sənə başqa ev verəcəm. Dörd ay keçmədi, Yazıçılar Birliyindən Ağaya 7-ci mikrorayonda 2 otaqlı başqa ev verildi. Onda artıq biz ailə qurmuşduq. Mirzə müəllim demişdi imkan düşəndə daha yaxşı evə köçəcəksiz. “Təzə Bazar”ın yanında yazıçılar üçün bir bina tikilməliydi. O iş pozuldu, 15-16 il biz 7-ci mikrorayonda yaşadıq.

O ara Mirzə İbrahimovu Yazıçılar Birliyində sədrlikdən çıxardılar. Onda Ağa narahat oldu ki, neyniyəcəyik. Bir dəfə küçədə rastlaşıblar. Mirzə müəllim deyib ki, narahat olma, Allah var, rəhmi çoxdu, sənə daha yaxşı yerdə ev verdirəcəm. Doğrudan da bir az sonra təzədən Mirzə müəllimi sədrliyə qaytardılar və Köhnə Günəşlidəki 5 otaqlı bu mənzili aldıq. Bu günəcən burdayıq.

***

- Ömür necə keçdi?

- Çox çətin. Ehtiyac içində yaşadıq. Hər şeyin səbəbi onun düzlüyündəydi. İndi də düşünürəm, dünyada onun qədər düz adam nə olub, nə də olasıdı... İnsan da o qədər düz olarmı? Həmişə ümidlə yaşadı, ömür bitdi, amma əli bir məqama çatmadı.

- Düz adam deyəndə nəyi nəzərdə tutursuz, harada, necə düz idi?

- Nəsə alsın-versin, belə işləri yoxudu. Nəfsi tox adamıdı. 7-ci mikrorayonda qalırdıq, həyətdə balaca bağça vardı, uşaqlarla orda oturmuşduq. Günortaya yaxın olardı. Ağa evdən çıxıb avtobus dayanacağına gedirdi. Baxdım ki, durub ora-bura boylanır. Axşam evə gələndə soruşdu, səsimi eşitdin? Dedim yox. Dedi pul tapmışdım – yadımdan çıxıb, 3 rubl idi, yoxsa 5 rubl, rəngləri oxşarıdı – çağırıb yiyəsini arayırdım...

“Bilik” Cəmiyyətinin xəttiylə rayonlara gedirdi, müxtəlif adamlarla görüşürdü, bəzən sifarişlər alırdı, amma imtina eləyirdi. Deyirdim kimdənsə bir əsər yaz, bir az pul qazan. Deyirdi pul qazanmağa qalsaydı, Kosıginin qızına yaxınlaşıb özümü tapşırdardım. Moskvada SSRİ Nazirlər Sovetinin o zamankı sədri Kosıginin qızıyla birgə oxumuşdular. Belə yaşadı. Elə bilirdi düzlüklə hər şey yaxşı olacaq.

- Ağa müəllimin ömrünün, yaradıcılığının böyük bir hissəsi sovet dövrünə düşüb. Partiyaya, Leninə nəsə yazmışdı?

Azər Qaraçənli:

- Heç vaxt yazmayıb. Yalnız lap cavanlığında bircə dənə, belə deyək, ideoloji şeiri olub. “Avrora”dan top atıldı” – belə adlanır, vəssalam. Deyəsən, o şeiri ilk kitabının çıxması üçün yazıb. Eyni zamanda hətta o şeirin də axırını antisovet bir şeyə çevirib. Atam Kommunist Partiyasına da heç vaxt üzv olmayıb.

- Yaradıcılıq xüsusiyyətlərindən danışaq, necə yazırdı?

Gülzar xala:

- Harda gəldi yaza bilirdi. Uşaqlar balaca olanda dizinin üstə də yazırdı.

- Övladları barədə...

- Uşaqları məndən çox istəyirdi. Qızları xüsusilə.

- Yazdıqlarını oxuyurduz, izləyirdizmi sevgi şeirini sizə yazdı, ya kimə yazdı deyə?

- Bəzən özü oxuyurdu. Bir dəfə bir şeir oxudu ki, sənə yazmışam. Amma başqa qadına nəsə yazsın, inanmıram, heç elə adam deyildi. Düz adam idi, amma çətin adamıdı. Evdə xüsusən sərt idi. Yoldan tapdığı pul vardı ha, bir neçə gün saxladı. Sonra ürəyində niyyət tutdu. Yenə də o pulu xərclik eləmədi, yadımdan çıxıb neynədi.

Azər:

- Qıraqda da sərtliyi vardı. Deyəsən, Sabir Əhmədov bir dəfə atama deyib ki, “Yamacda nişanə” povestindəki dəli-dolu qəhrəmanımın - Laçının adını sənin təxəllüsündən götürmüşəm. Fiziki cəhətdən güclüydü atam. Kimisə döydüyü, sərt cavab, kəskin reaksiya verdiyi də çox olub. Ona görə atamdan, onun sərt cavabından müəyyən qədər çəkiniblər. Dediyim odu ki, həlim adam təsiri bağışlasa da, atam hamıya münasibətdə yumşaq olmayıb.

***

- Azər, Ağa müəllim karyera barədə düşünürdümü?

- Mən onu duymamışam. Bəlkə bir səbəbi də o idi ki, vəzifədə olanda istər-istəməz kiməsə pislik eləməli olursan – o da bundan çəkinirdi. İkincisi, özünü yaradıcılığa və müəllimliyə həsr eləmişdi. Mənə elə gəlir, halal yaşamağın yolunu bunda tapmışdı – müəllimlikdə və yaradıcılıqda.
Gülzar xala:

- Universitetə getməyi də Mirzə müəllim məsləhət bilmişdi.

- Övladlarla bağlı arzuları nəydi, özü bir istiqamət verirdimi?

Azər:

- Laçının ucqar dağ kəndindən olsalar da, atamgilin nəslindən xeyli oxumuş adam çıxıb. Atamın babası Mirzə Əli kişi adındakı “mirzə” sözündən də göründüyü kimi oxumuş adam olub. Atamın atası Əliqəmə kişi kəndli olub, amma atamın bir əmisi – Əhməd əmi həkim olub, Ağdamda səhiyyə şöbəsinin müdiri işləyib, başqa bir əmisi – Heydər əmi isə diş həkimi olub, polkovnik rütbəsi də varmış. Mirzə Əlinin qardaşı Müseyib İlyasov Şuşa Müəllimlər Seminariyasını yaradanlardan biri və seminariyanın ilk direktoru olub. Onların bir başqa qardaşı Molla Zülfüqar Göyçə mahalının qazısı olub. Hər ikisi 37-ci ildə repressiyaya məruz qalıb. Demək istəyirəm ki, nəslimizin istiqaməti oxumağa, elmə olub. Atam Moskvada əsgərlik çəkə-çəkə Qorki adına Ədəbiyyat İnstitutuna, nəşriyyatlara, qəzet redaksiyalarına gedirmiş. Bir dəfə komandir atamın şeirlərini əsgər sırasının qarşısında yandırıbmış. SSRİ Müdafiə Nazirliyinin “Krasnaya Zvezda” qəzetində şeirləri dərc olunandan sonra hərbi hissədə atama münasibət dəyişib. Əsgərliyini bitirməyə 3 ay qalmış atam Qorki adına Moskva Ədəbiyyat İnstitutuna daxil olub.

Bəzi maddi sıxıntıları çıxmaqla, atamın arzularının bir çoxu həyata keçib – heç birimiz baş kəsməklə məşğul deyilik, heç birimiz heç kəsə pislik eləmirik. Mən orta məktəbi bitirəndə çoxları, lap elə qohum-əqrəba da deyirdi ki, onu hüquq fakültəsinə qoy. Fəxri şərqşünaslıqda, Oqtay filologiyada oxuyurdu onda. Məni də prokuror görmək istəyirdilər. Atam mənə bunu istəmədiyini dedi, heç mənim də meylim yoxudu... Başqa fakültəni seçdim, psixoloq ixtisasına yiyələndim. Biz hamımız – 3 qardaş 2 bacı Bakı Dövlət Universitetini qurtarmışıq. Atam övladlarından birinin universitetdə müəllim qalmasını arzulayırdı. Gendən baxıb haqqımızda universitet müəlliminin uşaqları kimi düşünən insanlar bizim necə maddi sıxıntı çəkdiyimizi heç ağıllarına da gətirməzlər. Bəlkə bizi universitet müəllimi olmaqdan uzaqlaşdıran bir cəhət də buydu – misal üçün, mənim maaşım-qonorarım stajlı bir universitet müəllimi olan atamın maaşından çox olurdu.

***

- Hamının yazan olduğu evdə ədəbi, yaxud ictimai baxımdan hər hansı mübahisə, polemika olurdumu?

Azər (gülümsünür):

- Hə, anamı çıxmaqla hamı nəsə yazır. Adətən, Fəxri və Oqtayla polemika olurdu. Hərdən də Narıngüllə.

Oqtay:

- Sovet ədəbiyyatı haqda polemika olurdu. Tutalım, mən sovet ədəbiyyatının məşhur təmsilçilərinə ağız büzəndə atam onlardan elə misralar tapıb deyirdi, istər-istəməz razılaşmalı olurduq.

- İdeal bildiyi bir klassik və ya müasir yazıçı, şair vardımı?

Azər:

- Təbiətə bağlılığı, səmimiyyətə yüksək qiymət verməyi, sadəliyi və həmin sadəlikdə daxilən mürəkkəbliyi yazıçı Lev Tolstoyu ona çox sevdirmişdi. Tolstoyun eynən kəndçilyi, təbii aləmlə harmoniyada yaşaması, bir də, əlbəttə, işıqlı olması atamda ona dərin hörmət oyatmışdı. Biz ailədə həmişə atamızı qayğılı görmüşük. Ancaq əksəriyyət onu deyib-gülən, nikbin insan kimi tanıyır. Tolstoyda da həmin nikbinlik var. Tolstoyun əsərlərində duyulan kənd, torpaq ətri, mığmığa vızıltısı, cırcırama cırıltısı, qarışqaların düzümü atam üçün yəqin daha cəlbediciydi. Məsələn, bir də görürdün evdə hardansa qarışqa topaları peyda oldu. Atam o yuvaların ağzına çörək qırıqları düzürdü. Atamdan sonra qarışqalar yığışıb getdi.

Küçədə, həyətdə də heç vaxt qoymurdu qarışqaları tapdayaq. Qarşımıza torpaq yol çıxırdısa, atam həmişə torpaq yolla gedirdi. Qarşımıza çıxan hər otu, bitkini göstərib nəsə danışırdı, tanıdırdı – o ot kənddə bitir, bu ot bitmir. Dəfələrlə yanaşı gedəndə qəfil qolumuzdan tutub saxlayıb: “Qarışqanı tapdama...” 

Gülzar xala:

- Evdə də qoymurdu qarışqa yuvasına dərman qoymağa.

***

Narıngül Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib, Ağa müəllimin həm də tələbəsi olub. Narıngül atasıyla Yessentuki səfərini xatırlayır:

- Şəhərdə bir daş vardı, pyedestala oxşayırdı. Çıxdı həmin daşın üstə, özünə heykələ oxşadıb dedi şəklimi çək. Deyirdi dosta-tanışa göstərəcəm ki, Yessuntikidə mənə heykəl qoyublar. Çox söhbətcilidi, yaddaşı itiydi, hər şeyi detallarına qədər xatırlaya bilirdi.

- Ölüm onunçun nə idi? Bu mövzuda danışırdımı?

- Məncə, son illərdə öləcəyini duymuşdu və daxilən ölümə tam hazırlaşmışdı. Axır illərdə ibadətlə məşğuludu, ancaq heç vaxt – bircə dəfə ehtiyatla fikrimi soruşmağını çıxsaq – mənə nəsə təlqin eləmədi, belə xasiyyəti yoxudu.

Azər:

- Uşaqlıq dövrünə düşən kitabların çoxunu yazıb cırıqlamışıq. Həmişə deyirdi ki, özüm almırdım əlinizdən ki, kitaba meyliniz zorla yox, beləcə sərbəst şəkildə yaransın. Atam universitet müəllimiydi, Moskvada təhsil almışdı, Bakıda yaşayırdı, amma həmişə bir kənd adamı kimi qaldı. Tutalım, kənddən Bakıya, ya Moskvaya gedəndə ayaqqabısının ipinə bir ot ilişmişdisə, həmin ot özü sürüşüb düşməyənə qədər ona dəyməzdi...

***
Heç vaxt söz bitmir, söhbət qurtarmır, həmişə zaman sona çatır.

Ağa müəllimin ölümünü ilk görən Azər olub. 2007-ci ilin 25 noyabrında Ağa müəllimin otağına gedir, yataqda uzanmış atasının üzündəki qəribə təbəssümə baxıb geri qayıdır, oyatmağa qıymır. Sonradan başa düşür ki, bu, ölüm təbəssümüdü... “O dünyaya, o dünyaya qaldı mənimki” – Ağa Laçınlının son şeirlərindəndi.

Həmin təbəssümü onun üzündən daha heç kəs heç vaxt silə bilməyəcəkdi.

Qurban YAQUBOĞLU
“Gündəlik Teleqraf” qəzeti,
20 sentyabr 2012-ci il

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı