Bu gün “Vətən Müharibəsi Qəhrəmanı” şəhid Amid Heydərovun doğum günüdür.
Modern.az xəbər verir ki, bu münasibətlə Lerik rayon Mədəniyyət Mərkəzində “Vətən Müharibəsi Qəhrəmanı” şəhid mayor Amid Heydərovun xatirəsi anılıb və ədəbi-bədii tədbir keçirilib.
Tədbirdə “Zəfər” şəhid ailələrinə dəstək ictimai birliyinin sədri Sevinc Alızadə, deputatlar, Lerik rayon icra hakimiyyətinin rəsmiləri, qazilər və rayon ictimaiyyəti iştirak edib.
Qeyd edək ki, mayor Heydərov Amid Rəbbil oğlu 20 may 1988-ci ildə Lerik şəhərində anadan olub. O, Vətən müharibəsində böyük şücaətlər göstərərək oktyabrın 3-ü Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulan döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Amid Heydərova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.