Modern.az

“Neftçi” “Qarabağ”a hakimin köməyilə qalib gəldi? - İdman yazarlarının ŞƏRHİ

“Neftçi” “Qarabağ”a hakimin köməyilə qalib gəldi? - İdman yazarlarının ŞƏRHİ

Aktual

20 May 2021, 16:00

Dünən baş tutan oyunda lider "Qarabağ" səfərdə ikinci pillədəki "Neftçi" ilə qarşılaşıb. 1:0 hesabı ilə qalib gələn “Neftçi” Bakı təmsilçisi Ağdam klubunu turnir cədvəlində geridə qoyub və tarixində 9-cu dəfə ölkə çempionu adına yiyələnib. Beləliklə, "Qarabağ"ın Premyer Liqadakı 7 illik hegemonluğuna son qoyulub.
"Neftçi"  futbol tariximizdə ən çox - 9 dəfə çempion olan komanda kimi tarixə düşüb.

Sosial şəbəkələrdə “Neftçi”nin dünənki qələbəsini hakimin adına yazanlar var. İddia olunur ki, paytaxt klubu ağdamlılara hakimin şübhəli qərarları sayəsində qalib gəlib.

İdman yazarları oyun haqqında Modern.az-a danışıblar.


“Match.az” portalının redaktoru İxtiyar Əsgərov “Qarabağ”ın oyuna daha yaxşı başladığını bildirib:

“Qonaq komanda ilk dəqiqələrdən nəzarəti ələ keçirdi. Bunda komandanın topla yüksək səviyyədə oynamaq bacarığı və təcrübəsi də böyük rol oynadı. Rəqibin orta sahədəki sıxlığına baxmayaraq, Qurban Qurbanovun yetirmələri hətta erkən qolla intriqanı “öldürə” də bilərdi. Lakin əlverişli vəziyyətdə Mahir Emrelinin ayağı boşa getdi, Xayme Romero isə uğursuz zərbə vurdu. “Neftçi” ilk növbədə müdafiədə etibarlı oynayıb, imkan daxilində sürətli hücumlar qurmağı düşünürdü. Samir Abbasovun komandasının görüşə sürətli başlayıb, erkən qol axtarışında olacağı güman edilirdi. Ancaq görünür, baş məşqçi birinci növbədə qapının toxunulmazlığını qorumaq, qol üçün ikinci hissədə rəqib qapısına “yüklənmək” barədə tapşırıq vermişdi. Hər halda, rəqibin gücünə bələd olan “Neftçi” həm də əvvəlki matçlarda müdafiə taktikası ilə “Qarabağ”ı büdrətdiyindən, eyni oyuna sadiq qalmışdı”.


İxtiyar Əsgərov matçın baş hakimi Elçin Məsiyevin 53-cü dəqiqədə verdiyi qərarın hələ çox müzakirə olunacağını qeyd edib:

“Onun kobud səhvi, bəlkə də, “Qarabağ”ı çempionluqdan məhrum etdi. Voyislav Stankoviç cərimə meydanı daxilində Xayme Romeronu aşkar kobudluqla dayandırsa da, sürpriz qərarla oyunu davam etdirdi. Belə deyək, qələbə hər iki komandanın haqqı idi. “Qarabağ” son illərin dəyişməz çempionu, illərdi avrokubokların qrup mərhələsinə yüksələn komandadır. “Neftçi” isə ən yaxşı maliyyəyə malik komanda olsa da, son vaxtlar “Qarabağ”ın kölgəsində qalıb, Avrokuboklarda “qapazaltı”ya çevrilib. “Neftçi”nin çempionluğa layiq olub-olmaması Çempionlar Liqasında keçirəcəyi oyunlarda bilincək”.


“Futbol +” qəzetinin baş redaktoru Mahir Rüstəmli də oyunla bağlı fikirlərini bildirib:


"Neftçi"nin əsas hədəfi çempionluq intriqasını sona qədər daşımaq idi ki, bakılılar buna da nail oldu. "Neftçi" dünən qələbəni daha çox istəyirdi, daha çox arzulayırdı. Oyun səviyyəsinə gəlincə, bu gün bakılılar ağdamlılardan üstün deyil. Sadəcə, psixoloji məqam - qələbə əzmi, istəyi önəmli rol oynadı. Həm də qol elə vaxtda vuruldu ki, "Qarabağ"ın hesabı bərabərləşdirməyə, sadəcə, vaxtı yox idi. Qaliblər mühakimə olunmur. "Neftçi"ni 9-cu çempionluq münasibəti ilə təbrik etmək, hər iki kluba Avrokuboklarda uğur arzulamaq və "Qarabağ"ın növbəti mövsüm titulu qaytarmağa can atacağını gözləmək lazımdır”.



Mehri Qurban

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı