Əziz təbiəti sevənlər və ekologiya sahəsində çalışanlar!
Bu gün, 23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının peşə bayramıdır.
Bu münasibətlə hörmətli nazir Muxtar Babayev başda olmaqla, bütün nazirlik əməkdaşlarını təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzu edirəm.
Qeyd edim ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 23 may, 2001-ci il tarixində AR-nın Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin və AR-nın Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinin bazasında yaradılmışdır. Yarandığı gündən kifayət qədər uğurlu işlər görmüş, ölkəmizdə ekoloji tarazlığın qorunmasına öz töhfəsini vermişdir.
Bildiyimiz kimi Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində 30 ilə yaxın Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altında saxlanılmışdır.
27 sentyabr 2020-ci il tarixdə Azərbaycan ordusu Ali Baş Komandanın qətiyyəti, düşünülmüş hərbi strategiyası, xalqımızın birliyi, mətinliyi sayəsində əks-həmlə əməliyyatı həyata keçirərək 44 gün ərzində mənfur düşmənə öz layiqli cavabını verdi və torpaqlarımızı işğaldan azad etdi.
Ermənistanın uzun illər müddətində işğal altında saxladığı Azərbaycan ərazilərində xislətlərinə uyğun olaraq, təbiətə qarşı düşmən münasibəti və törətdiyi ekoloji terror nəticəsində regionun ətraf mühitinə böyük təhlükə yaranmışdır. Belə ki, işğal altında saxlanılmış həmin ərazilərdə bioloji müxtəlifliyə, o cümlədən flora və fauna növlərinə, xüsusi mühafizə olunan təbiət ərazilərinə ciddi zərər vurulmuş, ərazilərin yandırılması, su resurslarının çirkləndirilməsi, qiymətli ağac növləri ilə zəngin meşələr, eləcə də təbiət abidələri, ümumilikdə yeraltı və yerüstü təbii sərvətlərin məqsədli şəkildə talan edilməsi nəticəsində ekoloji tarazlıq pozulmuş və Azərbaycanın ekologiyasına ciddi ziyan dəymişdir. Dövlət başçısı cənab İlham Əliyev bu ərazilərdə ətraf mühitin mühafizəsini və sağlam ekoloji mühitin yaradılmasını prioritet məsələlərdən biri kimi qarşıya məqsəd qoymuşdur. Belə ki, cənab Prezidentin sərəncamı ilə ölkənin ərazi bütövlüyünün bərpası ilə səciyyələnən yeni strateji dövrdə dərin struktur-institusional islahatlar hesabına yüksək iqtisadi artım mənbələrinin tapılması vasitəsilə Azərbaycan dövlətinin qüdrətinin daha da artırılması, yüksək rifah cəmiyyətinin qurulması, azad edilmiş bölgələrə tarixi qayıdış və əbədi məskunlaşma təmin edilməsi məqsədi ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi növbəti onillik üçün ölkəmizin sosial-iqtisadi inkişafını müəyyən edir. Sərəncamda reallaşdırılması nəzərdə tutulan 5 milli prioritet istiqamət əslində Qarabağın işğaldan azad olunmuş ərazilərinin bərpası və inkişafı strategiyasının konseptual əsasını təşkil edir.
Eyni zamanda qeyd olunan 5 prioritetdən xüsusən biri, təmiz ətraf mühit və yaşıl artım ölkəsi prioriteti bilavasitə bu bölgənin ekoloji vəziyyətinin bərpası və yaxşılaşdırılması məqsədlərinə xidmət edir. Azərbaycan müasir çağrışlara cavab verən, bütün insanların və insanlığın inkişafına öz töhvəsini verən bir ölkədir. Yalnız bu günü ilə deyil, eyni zamanda gələcək nəsillərin gözəl yaşamasını arzulayan və bu istiqamətdə fəaliyyət göstərən bir ölkədir. Bu məqsədlərə çatmaq üçün Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətləri ekoloji təhlükəsizliyin təmin olunması, ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, həm indiki, həm də gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə, alternativ enerji mənbələrindən yararlanmaq, enerji effektivliyinə nail olmaq, qlobal ekoloji problemlər üzrə milli səviyyədə tələbatların qiymətləndirilməsi və həlli yollarının müəyyənləşdirilməsi, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi və.s kimi problemlərin həllinə yönəlib.
Təbii ki, təbiəti qorumaq dövlətlə yanaşı hər bir Azərbaycan vətəndaşının da borcudur. Hər bir Azərbaycan vətəndaşı təbiəti mühafizə siyasətinə, ekoloji mədəniyyətə, təbii resursları qorumağa və qənaətlə istifadəyə yönəldilən tədbirləri dəstəkləməli, qeyd olunan istiqamətlərdə səylərini daha da artırmalıdırlar. Xüsusən də son dövrlərdə bəşəriyyətin bəlasına çevrilmiş Covid-19 pandemiyasının tüğyan etdiyi bir dövrdə. İnsanlar təbiətə olan münasibətlərini yaxşı mənada dəyişməklə, onun ehtiyyatlarından səmərəli istifadə etməklə gələcəkdə baş verə biləcək daha təhlükəli təbiət hadisələrinə düzgün müqavimət göstərməyə nail ola bilər.
Hörmətli, əməkdaşlar!
Danılmazdır ki, bu sadalanan fəaliyyətlərlə yanaşı, daha çox sizin fəaliyyətiniz insanların həyatında mühüm əhəmiyyətə malikdir. Təbiətin hüquqi cəhətdən uğurla qorunması daha çox sizin fəaliyyətinizin nəticəsidir. Belə bir missiyanın sizə həvalə olunması böyük bir fəxrdir.
Bir daha sizi səmimi qəlbdən təbrik edir, bu şərəfli və məsuliyyətli peşənizdə bol uğur və yüksək nailiyyətlər əldə etməyinizi arzu edirəm!
Sadiq Qurbanov
Milli Məclisin deputatı