Modern.az

Erməniyə gözdağı olan "Xarlbülbül" Qıraqlıda - FOTOLAR

Erməniyə gözdağı olan

Aktual

24 May 2021, 10:55

Xaçmazın Qıraqlı kəndində maraqlı bir ilkə imza atılıb.Həmkarım Vəli Turan zəng edib məni tədbirə dəvət edəndə əvvəl fərqinə varmadım.Sonra izah edəndə ki, kənddə Xarıbülbül abidəsi açılır, bu, məni çox maraqlandırdı. Sən demə,bu kənddən olan həmkarımız Məhsim Məhsimov çox aktual və vətənpərvər bir layihə həyata keçiribmiş. Düzü, sürpriz oldu.

 

Bir gün sonra səhər saat 10 radələrində mən də digər dəvətlilər kimi Qıraqlı kəndindəyəm. Göydən od yağır,hava çox istidir. Məhsimgilin evinin yanındayam,daha doğrusu, həyətlərindəyəm. Pandemiya səbəbindən dəvət  edilənlər az olsa da gələnlərin üzündə xoş bir sevinc dərhal sezilir. Çoxdandı, Məhsimgilin kənddəki evində olmamışdım,uzun fasilədən sonra Qıraqlıda məhz həmkarımın dəyərli bir layihəsinin təqdimatına mən də şahidlik etdim.

 

Bir azdan paytaxtdan gələn qonaqlarının əhatəsində  Məhsim Məhsimov Qələbə parkının təqdimatını etdi.Söylədi ki,tarixi və şanlı qələbəmizin şərəfinə  həyətində inşa etdirdiyi Qələbə parkı mayın 10-dan-ümummilli liderimiz Heydər Əliyevin doğum günündə istifadəyə verilib, qısa zamanda sakinlərin və kəndin qonaqlarının sevimli ziyarət yerinə çevrilib. 400 kvadratmetr sahəni əhatə edən istirahət guşəsində dekorativ ağaclar və güllər əkilib, daş cığırların üzərinə  oturacaqlar qoyulub.

 

Parkın təqdimatına gələnlər əsasən Məhsimin dostları , həmkarları və  həmkəndliləri idi.  56 saylı Xaçmaz kənd dairəsindən seçilmiş millət vəkili,həm də həmkarımız Sevil Mikayılova isə tədbirə rəsmi şəxs  kimi  qatılmışdı. Xalq artisti Gülyanaq Məmmədova,müğənni Səyyad Əlizadə,ikiqat paraolimpiya çempionu,əməkdar idman ustası İlham Zəkiyev,jurnalistlər Qıraqlının Qələbə parkının ziyarətçiləri idilər.

 

Məhsim Məhsimov   təqdimata gələnlərə söylədi ki,Vətən müharibəsindəki tarixi qələbəmizə öz kiçik,çox kiçik töhfəsini qatıb: "Fikirləşdim ki,doğma kəndimdə Qələbə parkı olsun.Öz həyətyanı torpağımdan 4 sot sahəni park üçün ayırdım və işə başladım.İki ay ərzində bu parkı  hazır etdik."

 

Qələbə parkında diqqətçəkən məqam ,yuxarıda qeyd etdiyim kimi,Xarıbülbül abidəsinin qoyulmasıdır.Otuz  ilə yaxındır Şuşasız qəribsəmiş,şəhidlərimizin qanı ilə yenidən cücərmiş Xarlbülbül çiçəyi həqiqətən şanlı qələbəmizin simvoluna çevrilib.Azərbaycanda ilk olaraq ucqar bir kənddə-Xaçmazın rayon mərkəzindən adı kimi də xeyli  qıraqda yerləşən bir kəndində Xarlbülbülə abidə qoyulması çox təqdirəlayiqdir.Abidənin müəllifi Şıxəli Təhməzovdur."Xarıbülbül"ün ətrafına vurulan mərmər lövhələrdə bu kənddən olan Milli Qəhrəman Yavər Şahbazov,Birinci Qarabağ savaşının şəhidləri və veteranları,Vətən müharibəsinin iştirakçıları,müharibə və silahlı qüvvələr veteranı,polkovnik Heybət Cabbarov,ikiqat paraolimpiya çempionu,əməkdar idman ustası İlham Zəkiyev haqda məlumatlar yer alıb.Yeri gəlmişkən,İlham Zəkiyevin  uşaqlıq illəri bu kənddə keçib.İlhamın anası Qıraqlı kəndindəndir.

 

Qıraqlılar daim dövlətə və dövlətçiliyə bağlılığı ilə seçilib.Kiçik bir kənd olmasına baxmayaraq,Birinci Qarabağ müharibəsində Qıraqlı 4 şəhid verib.Milli Qəhrəman Yavər Şahbazov bu kənddə doğulub.Vətən müharibəsində bu kənddən 24 gənc torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda vuruşub.

 

Qıraqlının jurnalist yetirməsi,Azərbaycanda ilk uşaq kanalı olan "ARB Günəş"in rəhbəri olan Məhsim Məhsimovun  təşəbbüsü və maliyyə dəstəyilə reallaşan"Xarıbülbül"lü Qəĺəbə parkı həmkarımın qələbəmizə kiçik bir  hədiyyəsidir.Təqdimatda qəti şəkildə "mən o şəhidlərin ,o qazilərin  yanında heç nə etməmişəm"-deyən Məhsim Məhsimov əslində nümunəvi bir ilkə imza atıb.Noyabrın 10-dan qələbə sevinci  yaşanan  respublikamızda  belə abidələr,belə parklar çox olmalıdır,olacaq da.Əsas ona görə yox ki,bu parklar insanların istirahət məkanı olacaq .Əsas ona görə ki şanlı zəfərimizin təbliği məqsədilə inşa edilən bu park və inşa ediləcək diğər parklar gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır və oynayacaq.

 

Bu mənada həmkarım və dostum Məhsimi təbrik edirəm."Xarıbülbül"ü Qıraqlıya gətirdiynə görə,həyətinin 4 sotunu fikirləşmədən Qələbə parkına ayırdığına görə.Davamı,sorağı  gəlsin başqa bölgələrimizdən,başqa kəndlərimizdən.Bu həm də ölkəmizdə bu yönümdə gedən bütün hadisə və yenilikləri izləyən terrorçu və işğalçı düşmən qonşumuza bir gözdağıdır!!!

 

Aytəkin ALXASLI

 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı