Modern.az

Lerikin Veri kəndində şəhidlərin xatirəsinə ucaldılmış abidənin açılışı oldu - FOTOLAR

Lerikin Veri kəndində şəhidlərin xatirəsinə ucaldılmış abidənin açılışı oldu - FOTOLAR

Актуально

28 May 2021, 16:14

Mayın 28-də Lerik rayonunun Veri kəndində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin açılış mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, mərasimdə Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, Milli Məclisin deputatı İqbal Məmmədov, rayonun hüquq mühafizə orqanlarının, idarə müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və abidə kompleksinin önünə əklil və tər gül-çiçəklər düzülüb.

 

Tədbiri kənd ziyalısı Əbülfət İsiyev açaraq Veri kənd inzibati ərazi dairəsi üzrə Birinci Qarabağ müharibəsində həlak olmuş Kazımov Telman Mirzəcan oğlu, Məmmədov Balamir Şirməmməd oğlu, Məhərrəmov Möhübbət Həsən oğlu, Rəhimov Valeh Yaqub oğlu və İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış Sadiq Nadir oğlu Rəhimovun şərəfli həyat və döyüş yolu barədə geniş məlumat verib.

 

Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev çıxış edərək qeyd edib ki, ötən il Azərbaycanın şanlı tarixinə qələbə ili kimi daxil olub. Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başladı. Vətən müharibəsinin 44 günü ərzində müzəffər Azərbaycan Ordusunun qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi. Azərbaycan Kəlbəcər, Ağdam və Laçın rayonlarını bir güllə atmadan qaytarmağa nail oldu. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu.

 

Həm Birinci, həm də İkinci Qarabağ müharibəsində Lerik rayonundan olan qəhrəman oğullarımız da hərbi əməliyyatlarda misilsiz rəşadət nümayiş etdiriblər.  Minlərlə hərbçimiz yüksək dövlət orden və medalları ilə təltif edilib. Cənab Prezidentin müvafiq sərəncamları ilə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş, müxtəlif orden və medallarla təltif edilmiş hərbi qulluqçuların arasında leriklilərin də adları var. O, cümlədən Veri ərazisinə daxil olan kəndlərdən olan qəhrəman oğullarımız Qarabağ müharibəsində böyük rəşadət göstəriblər və onların xidmətləri dövlət səviyyəsində qiymətləndirilib. İkinci Qarabağ müharibəsi şəhidi Sadiq Nadir oğlu Rəhimov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad edilməsinə görə” və “Xocavəndin azad edilməsinə görə” medalları ilə təltif edilib.

 

Müharibə veteranlarının arasında da cənab Prezidentin müvafiq sərəncamları ilə orden və medallarla təltif olunanlar var. Birinci Qarabağ müharibəsi veteranı Rəhimov Xudaverən Yaqub oğlu “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib. İkinci Qarabağ müharibəsində döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiklərinə, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiklərinə görə Şuşa fatehi, xüsusi təyinatlı, mayor Rəhimov Zaur Şirinbəy oğlu “Zəfər”, kapitan Qasımov Rəşad Ağaxan oğlu “Azərbaycan Bayrağı”, leytenant Hüseynov Anar Elman oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, Qasımov Rusif Balakişi oğlu “Füzulinin azad edilməsinə görə” medalı ilə, baş leytenant Rəhimov Layiq Nadir oğlu “Füzulinin azad edilməsinə görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif ediliblər.  Bu, hər birimizi qürurlandırır.

 

Daha sonra natiq cənab Prezidentin tapşırığı ilə şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən qayğı və diqqətdən söz açıb, Şəhid valideynlərinə minnətdarlığını bildirib.

 

Sonra Milli Məclisin deputatı İqbal Məmmədov geniş çıxış edərək tədbir iştirakçılarını və Veri kənd əhalisini 28 may Respublika Günü münasibəti ilə təbrik edib. Bildirib ki, şəhidlərin abidə kompleksinin açılışının məhz bu gündə keçirilməsinin özü də vətəndaşlarımızın vətənpərvərliyini bir daha sübut edir. 44 günlük Vətən müharibəsində Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevin “Dəmir Yumruğ”u ətrafında xalqımızın  sıx birləşməsi və şanlı ordumuzun, qəhrəman oğullarımızın hesabına qələbəmiz təmin edilib.

 

Daha sonra natiq şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə abidənin tikilməsində əməyi olan hər kəsə minnətdarlığını ifadə edib, yetişən gənc nəslin vətənpərvərliyini xüsusi vurğulayıb.

 

Daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon Şöbəsinin rəisi Arif Həsənov, Birinci Qarabağ müharibəsi qazisi, şəhid qardaşı Xudaverən Rəhimov, kənd ağsaqqallarından Səxavət Sultanov, Akif Ağayev, ziyalılardan Höküməli Ağayev, abidənin ərsəyə gəlməsində əməyi olan İldırım Sultanov çıxış ediblər.

 

Sonda məktəblilərin ifasında şəhidlərə və qələbəmizə həsr olunmuş şeirlər səsləndirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı