28 May - Respublika Günü münasibətilə Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir.
Rusiya Federasiyasının İnquşetiya Respublikasının rəhbəri Mahmudəli Kalimatovdan:
"Hörmətli İlham Heydər oğlu.
Sizi və bütün Azərbaycanın vətəndaşlarını milli bayramınız – Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, böyük həyat enerjisi və respublikanın rifahı naminə quruculuq fəaliyyətinizdə uğurlar diləyirəm. Bütün Azərbaycan xalqına xoşbəxtlik, xoş güzəran və əmin-amanlıq, Sizin gözəl diyarınıza bundan sonra da inkişaf, sülh və firavanlıq arzu edirəm".
***
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru, Rusiya Elmlər Akademiyasının akademiki, professor Pyotr Qlıboçkodan:
"Möhtərəm İlham Heydər oğlu.
Sizi və bütün Azərbaycan xalqını milli bayramınız – Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm.
Əminəm ki, ölkələrimizin qarşılıqlı hörmət və mehriban qonşuluq ənənələrinə əsaslanan dostluğu sabitlik və firavanlıq naminə bütün sahələrdə səmərəli əməkdaşlığı möhkəmləndirməyə imkan verəcək.
Sizə möhkəm cansağlığı və böyük uğurlar, Azərbaycan vətəndaşlarına xoşbəxtlik və firavanlıq arzu edirəm".
***
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçidən:
"Möhtərəm İlham Heydər oğlu.
İcazə verin, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin bütün kollektivi adından və şəxsən öz adımdan Sizi və Sizin şəxsinizdə bütün Azərbaycan xalqını milli bayramınız - Respublika Günü münasibətilə ürəkdən təbrik edim.
Azərbaycan dövlətçiliyinin dirçəldilməsi günü olan bu bayram öz ölkəsinə, onun milli adət və ənənələrinə, zəngin tarixinə və parlaq mədəniyyətinə hörmət və sevgi mənası kəsb edir. Ötən onilliklər ərzində respublikanın zəngin irsi çox cəhətdən Sizin böyük qurucu əməyiniz, siyasi istedadınız və müdrikliyiniz sayəsində qayğı ilə qorunub saxlanılıb və xeyli artıb. Bu gün Azərbaycan daim sosial-iqtisadi cəhətdən daha da firavanlaşmağa çalışan, yeni imkanlar və perspektivlər üçün açıq olan, dinamik inkişaf edən müasir dövlətdir.
Möhtərəm İlham Heydər oğlu, icazə verin bu xoş fürsətdən istifadə edərək Sizə Moskva Universitetinə səmimi, diqqətli və xeyirxah münasibətinizə görə təşəkkürümü bildirim. MDU-nun Bakı şəhərindəki filialı özünün bütün fəaliyyəti dövründə elmin və təhsilin inkişafına, dövlətlərimiz arasında sülhə və harmoniyaya uğurla xidmət edir.
Sizə və Azərbaycan Respublikasının bütün xalqına səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və aydın səma arzu edirəm".
***
“Mir” Dövlətlərarası Teleradio Şirkətinin sədri Radik Batırşindən:
"Zati-aliləri.
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə “Mir” Dövlətlərarası Teleradio Şirkətinin kollektivi adından və şəxsən öz adımdan ən səmimi təbriklərimizi qəbul edin.
Sizə möhkəm cansağlığı, sülh, sabitlik və Azərbaycan xalqının firavanlığı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm.
Cənab Prezident, Sizi əmin edirik ki, “Mir” Teleradio Şirkəti bundan sonra da respublikanın həyatını və orada baş verən hadisələri maksimum dərəcədə obyektiv və geniş işıqlandıracaq".
***
Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin Baş direktoru Akkan Suverdən:
"Hörmətli cənab Prezidentimiz.
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi Mərmərə Qrupu Vəqfinin kollektivi adından və şəxsən öz adımdan təbrik etməkdən məmnunluq duyuram. Yüz üç il əvvəl türk dünyasında qurulan ilk müsəlman, dünyəvi və demokratik dövlətin yarandığı gün mübarək olsun.
Tarix bu həqiqəti bir daha sübut etdi ki, bir kərə yüksələn bayraq bir daha enməz.
Zati-alinizin və azərbaycanlı qardaşlarımızın Respublika Gününü təbrik edir, ehtiramlarımı bildirirəm".
***
MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitskidən, Şuranın Baş katibinin müavini, Şurada Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətli nümayəndəsi Aydın Cəfərovdan:
"Möhtərəm cənab Prezident.
MDB Parlamentlərarası Assambleya Şurası adından Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə ən səmimi təbriklərimizi qəbul edin.
Bu əlamətdar bayram müstəqillik və azadlıq prinsiplərinə əsaslanan müasir dövlətçilik mərhələsinin başlanğıcı kimi respublikanın həyatında ən mühüm tarixi hadisələr sırasına daxildir. Bu gün Azərbaycan siyasi, iqtisadi və sosial sahələrdə sanballı uğurlara nail olub, dünya siyasi arenasında yüksək nüfuz qazanıb.
Möhtərəm cənab Prezident, icazə verin, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, bütün Azərbaycan xalqına sülh, firavanlıq diləyək və Birlik ölkələri arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsini arzu edək".
ABŞ-ın Etnik Anlaşma Fondunun sədri Ravvin Mark Şnayerdən:
"Cənab Prezident.
Milli bayramınız - 28 May - Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını təbrik edirəm.
Sizin müdrik, uzaqgörən və bacarıqlı rəhbərliyiniz sayəsində Azərbaycan Respublikası dünyada etnik və dini tolerantlığın müdafiəçisinə çevrilib. Sizin ölkənizin multikulturalizm və inklüzivlik ənənələrini gücləndirmək məqsədilə siyasi, sosial şərait yaratmaq və onu inkişaf etdirmək istiqamətində göstərdiyiniz yorulmaz səylər bütün dünya vətəndaşlarının hörmətini və əbədi sevgisini qazanıb.
Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək bir daha Sizi və Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edirəm. Ümid edirəm ki, Azərbaycan Respublikasının milli azlıqlara qarşı olan xüsusi hörmət və tolerantlıq ruhu dinlərarası birlik üçün ilhamverici qüvvə rolunu oynayacaq. Bu da bütün dünya ölkələrinin müdafiə edə və qoruya biləcəyi sülhün təbliğ olunmasına təkan verəcək.
Azərbaycan dəfələrlə sübut edib ki, harmoniya mümkündür və münaqişələr həll edilə bilər. Ölkənizin çox uğurla inkişaf etdirdiyi sülh ənənələri olan dinlərarası və millətlərarası harmoniyanı dəstəkləmək üçün Sizinlə əməkdaşlıq etməyi səbirsizliklə gözləyirəm.
Zati-aliləri, Sizə və Azərbaycan xalqına olan ən yüksək hörmət və ehtiramımı bildirirəm".