“Hazırda ölkəmizin qarşısında duran əsas vəzifələrdən biri ötən il 44 günlük Vətən müharibəsində işğaldan azad olunan ərazilərə Böyük Qayıdışı təmin etməkdən ibarətdir. Respublikamız müharibənin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, azad olunmuş ərazilərdə bərpa və zəruri infrastrukturun yaradılması tədbirlərinə başlayıb”.
Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Deputat bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti ilə işğaldan azad olunmuş ərazilərdə Böyük Qayıdış üçün bütün zəruri tədbirlər görülür. Dövlətimizin başçısı mütəmadi olaraq işğaldan azad olunmuş ərazilərə gəlir və burada görülən işlərlə yerindəcə tanış olur. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində reallaşdırılacaq layihələrin əhatə dairəsi kifayət qədər genişdir. Hazırda bu ərazilərdə yaşayış evləri, sosial, yol-nəqliyyat, iqtisadi infrastrukturlar sürətlə bərpa edilir. Ərazilərin bərpası, quruculuq işləri ən müasir texnologiyalar əsasında həyata keçirilir.
Millət vəkilinin sözlərinə görə, cənab Prezidentin mayın 28-də -Respublika Günündə Ağdama səfər etməsi böyük rəmzi məna daşıyır. Çünki Respublika Günündə işğaldan azad olunmuş Qarabağımızın gözəl bir guşəsi olan Ağdamda tarixi anlar yaşandı, bu torpağın bərpası, ona həyatın qayıtması üçün təməllər atıldı. Cənab Prezidentin iştirakı ilə Ağdam şəhərinin baş planının təqdimatı oldu. Təqdimatdan göründüyü kimi, Ağdamı çox gözəl gələcək, böyük inkişaf, coşğulu həyat gözləyir. Dövlətimizin başçısının dediyi kimi, Ağdam şəhəri bütün dünya üçün nümunə olacaq.
Fatma Yıldırım qeyd edib ki, Ağdamda bütün tarixi, dini, mədəni abidələr də tezliklə bərpa olunacaq:
“Ağdamı Qafqazın Xirosiması adlandırırlar. Çünki şəhər tamamilə dağıdılıb. Cənab Prezidentin qeyd etdiyi kimi, bunu bizim qonşumuz olan, bizim çörəyimizi yeyən, bizim torpağımızda özünə yuva salan, ancaq bizə qarşı daim nifrət hissi ilə yaşayan, nankorluq edən ermənilər törədiblər. Burada bizim bütün maddi-mənəvi sərvətimiz məqsədyönlü şəkildə dağıdıldı, talan edildi. Tarixi-dini abidələrimiz söküldü. Ermənilərin məqsədi bu idi ki, Azərbaycan xalqının mədəni irsini bu torpaqlardan silsinlər. Ancaq çox yanıldılar. Onlar dərk edə bilmədilər ki, bizim üçün, xalqımız üçün torpaqlarımızın işğaldan azad edilməsi ümummilli məsələdir və heç vaxt biz bu vəziyyətlə barışmadıq.
Müzəffər Ali Baş Komandanızımın rəhbərliyi ilə rəşadətli ordumuz Qarabağımızı düşmən işğalından azad etdi. İkinci Qarabağ müharibəsi bir daha Azərbaycan xalqının əzmini, iradəsini göstərdi, bütün dünyaya göstərdi və bu şanlı Qələbə tarixdə əbədi qalacaq. Bundan sonra Azərbaycan dövləti qalib dövlət kimi inkişaf edəcək. Azərbaycan xalqı müzəffər xalq kimi yaşayacaq, qürur hissi ilə yaşayacaq. Bütün Qarabağ torpağımız dirçələcək, cənnətə çevriləcək”.