Modern.az

Sabiq deputat uşaqlardan YAZDI

Sabiq deputat uşaqlardan YAZDI

Aktual

1 İyun 2021, 11:06

Siyasi elmlər doktoru, professor  Hadı Rəcəbli 1 iyun uşaqların beynəlxlaq günündə bəzi məsələlərə məqalə formasında qısa nəzər salıb.

 

Modern.az həmin məqaləni təqdim edir.

 

Tarixə qısa baxış

 

1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün (International Children's Day) qeyd olunması qərara alınıb. 

 

Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. 

 

Azərbaycanda uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülüb. Ölkəmizdə uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir.  Uşaq hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda qanunvericilik bazası formalaşıb, “Uşaq hüquqları haqqında” qanun (1998-ci il 19 may)  və bəzi digər normativ-hüquqi aktlar qəbul edilib.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanda uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-ci il tarixli sərəncam imzalayıb. Sərəncama görə 2009-cu il "Uşaq ili" elan olunub.

 

Ümumiyyətlə, tərbiyənin mahiyyətində ailə durur. İkincisi, cəmiyyət mühüm rol oynayır. Bura məktəb və ictimaiyyət kimi məsələlər daxildir. Ona görə də ailədə qız uşaqlarını gələcəyin anası, oğlan uşaqlarını isə gələcəyin kişisi kimi böyütməliyik. Bununla da cəmiyyətin ilk təşkilati təməli yəni ailə qurulur. Məhz bu baxımdan ailəyə  ta qədimdən xüsusi diqqət yetirilmiş,qayğı göstərilmişdir.

 

Uşaq siyasətinin hüquqi əsasları

 

12 noyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Konstitusiyası və ölkəmizdə insan hüquqları sahəsində qəbul edilmiş digər normativ-hüquqi aktlar beynəlxalq hüquq normalarına hörmət prinsipi üzərində qurulmuşdur. 

 

Ölkəmiz müstəqilliyini yenidən bərpa etdikdən sonra ilk qoşulduğu mühüm beynəlxalq sənədlərdən biri də 1992-ci ildə ratifikasiya edilmiş Uşaq Hüquqları Konvensiyasıdır. Bundan sonra, respublikamız bir sıra beynəlxalq sənədlərə qoşulmaqla, ölkəmizdə uşaq hüquqlarının müdafiəsi istiqamətində sistemli kompleks tədbirlər həyata keçirilmişdir. 1998-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının "Uşaq hüquqları haqqında" qanunu milli qanunvericiliyin bu sahədə beynəlxalq standartlara uyğunlaşdırılması yolunda atılmış addımlardan biridir.

 

2009-cu il 18 mart tarixində Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi məqsədilə keçirilmiş ümumxalq səsverməsi (referendum) nəticəsində Konstitusiyanın 17-ci maddəsinə valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqların dövlətin himayəsində olması, uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edilməsinin, o cümlədən 15 yaşına çatmayan uşaqların işə götürülməsinin qadağan edilməsi, uşaq hüquqlarının   həyata   keçirilməsinə dövlətin nəzarət etməsi ilə bağlı bəzi mühüm müddəalar daxil edilmişdir. Bu dş ölkəmizdə əhalinin müxtəlif qruplarından biri kimi uşaqların hüquqlarının müdafiəsinə təminat verir.

 

Ombudsman təsisatı tərəfindən "Uşaq ili" çərçivəsində mühüm tədbirlər həyata keçirildi. Belə ki, Müvəkkilin təşəbbüsünə əsasən Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə Xocalı faciəsinin ildönümü ərəfəsində "Biz sülh elçisiyik! Bizə qoşulun!" devizi ilə ölkəmizin müxtəlif güşələrində yaşayan və təhsil alan 310.000-dən artıq məktəblinin, o cümlədən qaçqın və məcburi köçkün uşäqların imzaları toplanmışdır. Erməni təcavüzünün ölkəmizə, xalqımıza, o cümlədən uşaqların taleyinə təsir göstərmiş ağır nəticələrini özündə əks etdirən məktub və toplanmış imzalar Xarici işlər Nazirliyinin dəstəyi ilə BMT Baş katibinin müavini, Uşaqlar və silahlı münaqişələr problemi üzrə xüsusi nümayəndəsi xanım Radhika Kumarasvamiyə göndərilmiş və bu təşəbbüs onun cavab məktubunda yüksək dəyərləndirilmişdir.

 

Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının 20-ci ildönümü günü ölkə Parlamentində uşaqların özlərinin də bilavasitə iştirakı ilə ilk dəfə "Uşaq hüquqları" üzrə sessiya keçirilmiş, uşaqların vəziyyəti müzakirə olunmuş, bir sıra mühüm təklif və tövsiyələr verilmişdir.

 

Bu gün "İnsan hüquqları"nın müstəqil fənn kimi orta ümumtəhsil məktəblərində, orta ixtisas və ali təhsil müəssisələrində tədris olunmasını məqsədəmüvafiq hesab edərək mütləq fənlər siyahısına əlavə edilməsini dəfələrlə müvafiq qurumlara təklif edilmiş və tədricən həmin ideyaların reallaşdırılması istiqamətində tədbirlər görülür.

 

Bu baxımdan "Uşaq ili" çərçivəsində Təhsil Nazirliyi ilə razılaşdırılmış və bu ilin yanvarından başlayaraq aprel ayına kimi Bakı şəhərinin üç orta ümumtəhsil məktəbində həyata keçirilmiş "Uşaq hüquqları ,üzrə pilləli tədris" layihəsi yaddaqalan oldu və insan hüquqlarının tədrisi baxımından ən yaxşı təcrübə kimi qiymətləndirilə bilər.

 

Ölkəmizdə uşaqlara qayğı

 

Bu gün dövlətimizin uşaqlara göstərdiyi diqqət və qayğı da göz qabağındadır. Ölkəmizdə uşaqların sağlam böyümələri, onların hərtərəfli inkişafı üçün ölkə Prezidenti cənab ilham Əliyev tərəfindən mühüm sərəncamlar verilir.

 

Heydər Əliyev Fondu tərəfindən məktəblərin, uşaq evləri və bağçalarının inşası, onların yenidən müasir tələblərə uyğun şəkildə qurulması, həmçinin digər sahələrdə də görülən işlər, gerçəkləşdirilən layihələr, proqramlar isə özünün uğurlu nəticələri ilə hamıda böyük sevinc və razılıq hissi oyatmışdır.

 

Bu baxımdan, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən layihə və proqramlar xüsusi əhəmiyyət kəsb etməklə yanaşı, ölkəmizdə uşaqlara diqqət və qayğının artırılmasına, onların problemlərinin həll edilməsinə yönəldiyindən olduqca əhəmiyyətlidir.

 

Ölkəmizdə dövlət uşaq siyasətini həyata keçirən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Ko-mitəsinin də bugünkü fəaliyyəti əhalinin həmin qrupuna aid olanlarının da problemlərinin öyrənilməsi və həll olunması baxımından müsbət nəticələr verməkdədir.

 

18 yaşadək uşaqların sosial müdafiəsinin effektiv təşkili məsuliyyətli və hesabatlı hökumətlər üçün strateji vəzifədir. Maddi səbəblər üzündən öz qabiliyyətini realizə edə bilməmiş yeni nəsil ölkə üçün itirilmiş, yeri heç bir resursla doldurula bilməyəcək insan kapitalıdır.

 

Uşaqların sosial müdafiəsi qanunlarda

 

Fundamental prinsiplər Azərbaycanın da qoşulduğu BMT Uşaq hüquqları Konvensiyasında əksini tapıb. Konvensiyanın 24-cü maddəsinə görə, dövlətlər uşaqların ən təkmil səhiyyə sistemi xidmətlərindən, xəstəliklərin müalicəsi və sağlamlığın bərpası vasitələrindən, ən yüksək standartlara müvafiq tibbi yardımdan istifadə etmək hüququnu təmin edir, uşaqların xəstəliklərinə və doyunca yeməməsinə qarşı mübarizə aparır, analara doğumdan əvvəl və sonrakı dövrlərdə səhhətin mühafizəsi sahəsində lazımi xidmət göstərilməsinə zəruri şərait yaradır. Eyni zamanda, 26-cı maddəyə əsasən, iştirakçı dövlətlər hər bir uşağın sosial sığorta da daxil olmaqla sosial təminat imtiyazlarından istifadə hüququnu təmin etməyə borcludurlar. Öz növbəsində, milli səviyyədə qəbul olunan bir sıra hüquqi aktlar da uşaqların sosial müdafiəsinin təşkili üçün zəmin yaradır. Məsələn, “Uşaq hüquqları haqqında”, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” və “Uşaqların icbari dispanserizasiyası haqqında”və bir neçə digər qanunlarda onların sosial müdafiəsinə təminat verilməsi ilə bağlı hüquqi müddəalar əks olunub.

 

Uşaqların sosial müdafiəsi üzrə tədbirlər

 

Hazırda sosial müdafiə tədbirləri çərçivəsində uşaqlara ödənişlər əsasən “Sosial müavinətlər haqqında” Qanuna əsasən həyata keçirilir. Bu qanun çərçivəsində 18 yaşadək uşaqların aldığı sosial müavinətlər və onların məbləği ilbəil artırılır

 

Əgər biz son 15 ildə bu sahədə atılan addımlara diqqət yetisək  təkcə uşaqlara maddi dəstək istiqamətində 32 prezident fərmanı və sərəncamı, Nazirlər Kabinetinin hüquqi sənədləri, qərar və əmrlər verilmişdir.

 

Beləliklə, 2020-cı ilin nəticələrinə görə, 0-18 yaş intervalında 392 min nəfərin sosial müavinət, təqribən 180 min nəfərin isə ailə başçısını itirməyə görə pensiya aldığını nəzərə alsaq, sosial müdafiə proqramı ilə əhatə olunan uşaqların sayı 500 min nəfərdən bir qədər az olub ki, bu da həmin yaş qrupu üzrə uşaqların böyük bir qismini əhatə edib.

 

BƏT-nin 2017-ci ilin sonlarında açıqladığı “Dünya Sosial Müdafiə Hesabatı” adlı sənəddə müxtəlif ölkələrdə uşaqların sosial müdafiə proqram və tədbirləri ilə əhatə əmsalı barədə statistik məlumat təqdim olunmasa da, ümumi əhali üzrə bu göstəricinin 40.3% olduğu qeyd edilir.  

 

Onu da göstərmək istərdim ki, bu faizin ölkəmizdə də təmin olunması və artması istiqamətində hörmətli  prezidentimiz daim axtarışlar aparır, mövcud imkanlardan zaman-zaman səmərəli istifadə edir.

 

Azərbaycanda hazırda uşaqlara ödənən sosial müavinətlərin məbləği benefisiarların ehtiyaclarını qarşılamaq üçün ailələrinə hansı səviyyədə töhfə verə bilir? Bunu ölçməkdən ötrü hələlik üzdə olan yeganə obyektiv göstərici kimi yaşayış minimumunun dəyəri götürülə bilər.  

 

Əgər diqqət yetirsək  bu rəqəm parlament müzakirələrində ilbəil artır.

 

Uşaqlı anaların sosial müdafiəsi

 

Bilavasitə uşaqların sosial müdafiə tədbirləri ilə yanaşı anaların da sosial cəhətdən təmin edilməsi son dərəcə mühümdür.

 

Hazırda Azərbaycanda uşaqlı anaların sosial müdafiəsi 3 elementi özündə birləşdirir:

 

Hamiləlik dövründə qadınlara məzuniyyət verilməsi. Bu məzuniyyət uşağın anadan olmasından öncəki 70 günü əhatə edir. Yalnız rəsmi çalışan və sosial sığorta haqqı ödəyən qadınların hamiləlikdən öncəki 70 gün ərzində haqqı ödənən məzuniyyətə hüququ var. Məzuniyyət üçün ödəniş məbləği benefisiarın məzuniyyətlə bağlı müraciət anına düşən orta aylıq qazancının 100%-i səviyyəsində müəyyən edilib;

 

Övlad dünyaya gətirmiş qadınlara hamiləlikdən sonrakı dövrdə sağlamlıqlarının reabilitasiyası və körpəyə baxım üçün verilən məzuniyyət. Bu məzuniyyət 56 gündür. Yalnız rəsmi çalışan və sosial sığorta haqqı ödəyən qadınların uşağın doğulmasından sonrakı 56 gün ərzində haqqı ödənən məzuniyyət hüququ var. Məzuniyyət üçün ödəniş məbləği benefisiarın məzuniyyətlə bağlı müraciət anına düşən orta aylıq qazancının 100%-i səviyyəsində müəyyən edilib;

 

Uşağın 3 yaşınadək qulluğa görə analara qismən ödənişli sosial məzuniyyətin verilməsi. Rəsmi çalışan və sosial sığorta haqqı ödəyən qadınların qazanclarının 100%-i saxlanmaqla doğuşdan sonrakı 56 günlük məzuniyyətləri bitdikdən sonra övladlarının 3 yaşınadək iş yeri saxlanmaqla məzuniyyətə çıxmaq hüququ var. Lakin onlar bu seçimi etdikdə məzuniyyətə görə aylıq ödənişin sonuncu iş yeri üzrə aylıq əmək haqqı məbləğinə bağlılığı dayandırılır. Həmin qadınlar 3 il ərzində məbləği ölkə prezidentinin sərəncamı ilə müəyyən olunan həcmdə sosial məzuniyyət haqqı alırlar 

 

Uşaqlı anaların sosial müdafiə sisteminin effektiv olması üçün 3 əsas şərt var: 1) Bu sistemin əhatə dairəsi nə qədər genişdir? 2) Hamiləlik və doğuşa görə əmək haqqı saxlanmaqla məzuniyyət dövrü nə qədər uzunmüddətlidir? 3) Üç yaşınadək uşağa qulluqla bağlı analara ödənən aylıq vəsaitin həcmi benefisiarların ehtiyaclarını hansı səviyyədə qarşılaya bilir?

 

Hamiləlik və doğuşa görə məzuniyyətin müddətinə gəldikdə, Azərbaycanda bu, 18 həftə təşkil edir. Dünya ölkələrinin təcrübəsində bu müddət xeyli fərqlidir: məsələn, İranda 39, Danimarkada 18, Estoniyada 20, Finlandiyada 21, Latviyada 16 həftə, Norveçdə 39-49 həftə intervalında, Çexiyada 28 həftə, Polşada 20 həftə təşkil edir. Nəzərə alsaq ki, Avropa ölkələrində 3 yaşadək uşaqların məktəbəqədər təhsillə əhatə səviyyəsi 50-55%-dən az deyil, hamiləlik və doğuşa görə məzuniyyətin çox da uzun olmaması problem yaratmır. Lakin Azərbaycanda 3 yaşadək uşaqların məktəbəqədər təhsillə əhatə səviyyəsinin 10%-i ötməməsi səbəbindən qadınların əmək haqqı saxlanan məzuniyyət dövrünün nisbətən uzadılması azyaşlı uşaqların sağlam inkişafı baxımından müsbət addım ola bilər.

 

Uşaqlara Heydər Əliyev Fondunun qayğısı

 

Yeri gəlimişkən, Heydər Əliyev Fondunun sağlamlıq imkanlrı məhdud uşaqlara qayğı  istiqamətindəki fəaliyyəti artıq beynəlxalq aləmdə də özünü büruzə verir. Fond təkcə Azərbaycanda deyil, beynəlxalq aləmdə də uşaq xəstəliklərinin qarşının alınmasına çalışır. Fondun vitse-prezidenti Leyla Əliyevanın 2011-ci ilin noyabrında Amerika Birləşmiş Ştatlarının Uşaqların Xərçəng və Qan Fondunun (UXQF) dəvəti ilə Nyu-Yorka səfəri, səfər çərçivəsində pediatrik xərçəng və qan xəstəliklərinin müalicəsində aparıcı tibb ocaqlarından biri olan Nyu-York Presbiterian Xəstəxanasında Uil Kornell Tibb Mərkəzi ilə tanışlığı, burada müalicə alan azyaşlı xəstələrə baş çəkməsi, talassemiyalı xəstələrin müalicəsi ilə maraqlanması, UXQF-un illik xeyriyyə toplantısında iştirakı da bunu sübut etdi. Təsadüfi deyil ki, elə həmin səfəri zamanı Leyla Əliyevaya bütün dünyada ehtiyacı olan uşaqlara yardım etmək uğrunda yorulmaz fəaliyyətinə, uşaqlarla bağlı humanitar layihələrdə fəal iştirakına görə Amerika Birləşmiş Ştatlarının Uşaqların Xərçəng və Qan Fondunun yüksək mükafatı – "Key to Life"–"Həyata açar" fəxri mükafatı təqdim edildi 

 

Fondun təşəbbüsü ilə daun sindromlu uşaqlara qayğı mərkəzinin yaradılması, hemofiliya və talessemiya xəstəxanasının fəaliyyəti və onlarla belə addımlar əhali arasında mərhəmət hissinin aşılanmasında və cəmiyyətin ardıcıl humanist addımlar atmasına xidmət edir. 

 

Digər bir sevindirici hal da Qarabağın azadlığı ilə bağlıdır. 2020-ci il Azərbaycanın siyasi həyatında çox mühüm  tarixi hadisə baş verdi. 30 ilə yaxın işğal altında qalan Qarabağ işğaldan azad edildi. Cənab prezidentin güclü iradəsi nəticəsində bu qələbə mümkün oldu. Ölkə başçısının belə bir sözü var: “mən 2003-cü ildə hakimiyyətə gələndə bu gün 25-30 yaşında olan insanlar uşaq idi. Biz onları vətənpərvərlik ruhunda, dövlətə sədaqət ruhunda yetişdirdik və onlar bizim torpaqlarımızı işğalçılardan azad etdilər”. Göründüyü kimi, bu gün vətənpərvərlik ruhunda  böyütdüyümüz körpələr sabahın əsgərləridir. Ona görə də hər birimiz körpələrimizi cəmiyyət üçün layiqli vətəndaş kimi böyütməliyik. Ölkə başçısının Ağdama sonuncu səfəri də tarixi səfərlərdən biridir. Düşmən tərəfindən xaraballğa çrvrilmiş Ağdam şəhəri dövlət başçısının tapşırığına əsasən yenidən qurulacaq və yeni məktəblər, uşaq bağçaları tikiləcək. Bununla da işğaldan azad edilən torpaqlarda gələcəyimiz olan  körpələr firavan və xoşbəxt böyüyəcək. 

 

Bu il ilk dəfədir ki, körpələrimiz 1 iyun beynəlxalq  uşaqlar gününü torpaq dərdi vətən dərdi olmadan bütöv Azərbaycanda keçirəcəklər. Heç kimə sir deyil ki, müharibə və işğal faktları ən çox uşaqların yaddaşında dərin iz buraxır.  Mən də fürsətdən istifadə edib gələcəyimiz olan uşaqları ürəkdən təbrik edirəm. Qoy övladlarımız hər zaman sülh şəraitində və müharibəsiz yaşasınlar. Bayramınız mübarək, əziz balalarımız!

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı