Modern.az

Torpaqdan qanunsuz istifadə ilə bağlı qərarın icrasına başlanıldı

Torpaqdan qanunsuz istifadə ilə bağlı qərarın icrasına başlanıldı

Aktual

29 Sentyabr 2021, 16:40

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Prezident İlham Əliyevin “Aqrar sahədə istehsalın və emal sənayesinin inkişafına dair bir sıra tədbirlər haqqında” Fərmanına uyğun olaraq, torpaqlardan istifadədə mövcud uyğunsuzluqların aradan qaldırılması və nəzərdə tutulmuş tədbirlərin yekunlaşdırılması çərçivəsində dürüstləşdirmə işləri 5 aya yekunlaşdıracaq.

 

Bu barədə nazirlikdən Modern.az-a verilən məlumatda bildirilib.

 

Qeyd edilib ki, Xidmət tərəfindən torpaqların elektron kadastr uçotu işi ölkə ərazisində 51 rayon üzrə yekunlaşıb:

“51 rayondan 47-də pay torpaqlarında uyğunsuzluqlarla bağlı fərqlərin aradan qaldırılması işlərinin icrasına başlanılıb. 47 rayondan 10-da (Ağsu, Qobustan, Hacıqabul, Salyan, Kürdəmir, Ucar, Ağcabədi, Ağdaş, Ağdam və Şamaxı rayonlarında) dürüstləşdirmə işləri yekunlaşdırılaraq nəticələr Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminə inteqrasiya edilib.

Görülən işlər zamanı ilk növbədə sənədlərdəki məkan göstəriciləri ilə istifadədə olan faktiki göstəriciləri uyğun olmayan pay torpaqları dəqiqləşdirilir. Pay torpaqları ilə bağlı qarşıya çıxan problemlər torpağın yerləşdiyi ərazidə araşdırılaraq uyğunsuzluqlar aradan qaldırılır. Ərazi vahidi üzrə layihələr hazırlanıb kağız variantda müvafiq icra nümayəndəliyi və bələdiyyələrlə razılaşdırılır. Sonda dürüstləşdirilmiş məlumatlar Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminə inteqrasiya edilir.

17 rayonda islahat zamanı ayrılmış pay torpaq sahələrinin sənədlərdəki məkan göstəricisi ilə faktiki istifadə göstəriciləri arasında fərq olan ərazilərin mülkiyyətçilərinin siyahısı dəqiqləşdirilərək onlardan yeni sənədlərin hazırlanması üçün dürüstləşmə işlərinin aparılmasına razılıq alınıb. 12 rayonda çöl-ölçmə işləri tamamlanıb, hazırda kameral işlər aparılır. 8 rayonda isə çöl-ölçmə işləri davam etdirilir”.

 

 

Rəsmi məlumata görə, vətəndaşların torpaq sənədlərindəki məlumatlarla faktiki vəziyyət arasındakı uyğunsuzluqlar çoxsaylı torpaq mübahisələrinə və qeydiyyat məsələlərində problemlərə səbəb olurdu:

“Bu işlər çərçivəsində torpaq islahatı ilə əlaqədar vətəndaşların mülkiyyətinə verilmiş pay torpaqlarına dair hüquqmüəyyənedici sənədlərdəki ölçülərlə faktiki ölçülər arasındakı fərqlərin tənzimlənməsi üçün normativ-hüquqi baza yaradılır. Bununla vətəndaşlar pay torpaqlarına dair hüquqi sənədləri Xidmətin ərazi ofislərinə təqdim edərək çıxarışları rahatlıqla əldə edə biləcəklər”.

Qeyd edilib ki, torpaqların elektron kadastr uçotunun qurulması və rəqəmsal xəritələrin hazırlanması işləri çərçivəsində pay torpaqlarının koordinatları, yerləşmə vəziyyəti, kadastr planı, o cümlədən hər bir mülkiyyətçiyə məxsus olan ərazinin sahəsi dəqiqləşir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı