Azəri Gənclər Alyansı İctimai Birliyi Gənclər Fondunun dəstəyi ilə “Pandemiya dövründə erkən nikahlara qarşı maarifləndirmə işlərinin aparılması” adlı layihəyə start verib. Layihə çərçivəsində, oktyabr ayının 28-i və 29-u Lerik rayonunda 2 günluk maarifləndirici tədbirlərdə ekspertlər tərəfindən 9-15 yaş arası yeniyetmə qızlar üçün interatiktiv üsullarla təlimlər keçirilib və mövzu ətrafında iştirakçılarla ətraflı müzakirələr aparılıb. Daha sonra isə yeniyetmə gənc qızların valideynləri ilə ekspert və psixoloqun iştirakı ilə ictimai dinləmə aparılıb.
Təşkilatdan Modern.az-a bildirlib ki, maarifləndirici tədbirlərin cənub bölgəsində keçirilməsi təsadüfi deyiil. Çünki statistikaya görə, Azərbaycanda erkən nikahlara ən çox məruz qalan Lerik və Astara rayonlarıdır.
Həmin tədbirlərdə Azəri Gənclər Alyansı İB-nin sədri Leyla Sadıqova “Pandemiya dövründə maarifləndirmə işlərinin aparılması” adlı layihəni açıq elan etdikdən sonra yeniyetmə və qadınlara dünyada geniş yayılan erkən nikahlar haqqında ətraflı məlumat verib və bu problemin həlli yolunun məhz yaxşı təhsil alaraq vətənə nümunəvi vətəndaş olmaqdan ibarət olduğunu bildirib. Daha sonra isə ekspertlər tərəfindən maarifləndirici təlimlərin gedişində yeniyetmə gənclərlə mövzu ətrafında geniş fikir mübadiləsi aparıldı, tövsiyyələr verilib.
Tədbirin sonunda isə iştirakçı gənclərə sertifikatlar və təbliğat materialları paylanıldı.
Layihə çərçivəsində cari ilin noyabr ayının əvvəlində erkən nikahların geniş yayıldığı Astara rayonunda 9-15 yaşlı gənc qızlar və valideyn-analarla 2 günlük təlim və ictimai dinləmələr keçiriləcək. Daha sonra isə bu mövzuda maarifləndirici sosial çarx hazırlanıb sosial media vasitəsilə ictimaiyyətə təqdim olunacaq.
Layihənin əsas məqsədi maarifləndirmə yolu ilə daha çox erkən nikahların müşahidə olunduğu rayonlarda 9-15 yaşlı qızların və qızları zorla ərə verməyə çalışan valideynləri erkən nikah qurmaqdan çəkindirmək və nəticədə Azərbaycanda erkən nikah probleminin azalmasına nail olmaqdır.