Modern.az

Ölkədə demoqrafik NARAHATLIQ: oğlanlar qızları niyə üstələyir?

Ölkədə demoqrafik NARAHATLIQ: oğlanlar qızları niyə üstələyir?

Aktual

31 Oktyabr 2021, 12:39

Azərbaycanda son illərdə demoqrafiya məsələləri ilə əlaqədar olaraq insanları düşündürən və narahat edən məqamlardan biri hər il doğulan körpələrin say nisbətində oğlanların üstünlük təşkil etməsidir. Artıq uzun müddətdir davam edən tendensiya bu il də pozulmayıb. Belə ki, Dövlət Statistika Komitəsinin yaydığı rəqəmlərə görə, 2021-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycanda 73 min 177 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə bu göstərici 11 təşkil edib.

 

Doğulanlar arasında oğlanların xüsusi çəkisi 53,4, qızların xüsusi çəkisi isə 46,6 faiz olub. Körpələrdən 1862-si əkiz, 51-i üçəm, 4-ü isə dördəm doğulub.

 

Komitə bu il üçün əhalinin artım tempində qadınlar və kişilərin say nisbətini də diqqətə çatdırıb. Məlumatlara uyğun olaraq, əhalinin 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda orta hesabla hər 1000 kişiyə 1002 qadın düşür.

 

Dünyada oğlan uşağının doğulmasını istəyənlərin sayı çoxdur

 

Hər il dünyada doğulan körpələr arasında oğlanların çoxluq təşkil etməsinin təkcə Azərbaycana xas məqam olmadığını da vurğulamalıyıq. Dünya üzrə demoqrafik göstəricilərə əsasən, doğulan hər 105 oğlana orta hesabla 100 qız uşağı düşür. Xüsusilə, Çin və Hindistan kimi ölkələrdə bu fərq daha çoxdur, çünki həmin ölkələrdə oğlan uşağının doğulmasını istəyənlərin sayı daha yüksəkdir.

 

“Gələcəkdə qadın sayının çatışmazlığı təhlükəsi yarana bilər”

 

Azərbaycanda doğulanların cins nisbətində pozulmanın problemə çevrildiyi təsdiqlənərkən rəsmilər və ekspertlər bununla əlaqədar addımların atılmasının zəruriliyini diqqətə çatdırırlar. Hazırda təhsil nazirinin müavini vəzifəsini icra edən, əmək və əhalinin sosial müdafiəsi nazirinin keçmiş müavini İdris İsayev hələ 2015-ci ilin dekabrında "Azərbaycanda doğulan uşaqların cins nisbəti: 2014-2050-ci illər üzrə demoqrafik proqnozların təqdimatı" mövzusunda keçirilən tədbirdə bildirmişdi ki, doğulanlar arasında oğlan uşaqlarının üstünlüyü meylinin növbəti illərdə də davam etməsi ehtimalı nəzərə alınarsa, gələcəkdə doğumun tələb olunacaq səviyyədə təmin edilməsi üçün qadın sayının çatışmazlığı təhlükəsi yarana bilər. Bu da öz növbəsində davamlı demoqrafik inkişafa mənfi təsir edə bilər.

 

Nazir müavini hələ o zaman doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılması məqsədilə geniş ictimai maarifləndirmə tədbirlərinin həyata keçirilməsini təklif etmişdi. 

 

“Cins nisbətinin pozulması məşğulluq səviyyəsinin dəyişilməsinə də gətirib çıxarır”

 

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova da ölkədə doğulanlar arasında cins nisbətinin pozulmasının narahatedici məqamlardan birinə çevrildiyini vurğulayıb. Komitə sədrinin fikrincə, doğulan uşaqlar arasında oğlanların çoxluğu ilk növbədə valideynlər tərəfindən uşağın cinsinin seçimi haqqında verdiyi qərar və tədbirlərlə, yəni selektiv abortlar izah oluna bilər: 

 

“Bu meylin davam etməsi gələcəkdə demoqrafik inkişafa öz mənfi təsirini göstərə bilər. Ona görə də bu nisbətin böyüməsinin qarşısının alınması üçün müxtəlif məlumatlandırma, maarifləndirmə, həvəsləndirmə tədbirlərin davam etdirilməsinə və daha da gücləndirilməsinə ehtiyac var. Çünki əhalinin sayının və quruluşunun dəyişilməsi ümumi əmək yükünün yenidən bölüşdürülməsinə və yaş-cins qrupları üzrə əhalinin məşğulluq səviyyəsinin dəyişilməsinə də gətirib çıxarır”.

 

“Abortların statistikası aparılsın və qeydiyyata alınsın”

 

Birləşmiş Millətlər Təşkilatının Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin sədr müavini Elgün Səfərov da təsdiqləyir ki, Azərbaycanda qız və oğlan nisbətinin pozulması böyük təhlükədir:

 

“Təəssüf ki, hazırda selektiv abortlar kimi böyük problemlə qarşı-qarşıyayıq. Bunun nəticəsində oğlan və qız sayının nisbəti dəyişib. Bu gün Azərbaycanda süni abortların dəqiq statistikası aparılmır. Biz tərəfdarıyıq ki, abortların statistikası aparılsın və qeydiyyata alınsın. Cinayət Məcəlləsinin xüsusi maddələrinə istinad edilsin və hüquq mühafizə orqanları tərəfindən tətbiq edilsin. Ümumiyyətlə, hazırda Azərbaycan Çindən sonra qız və oğlan nisbətinin pozulmasına görə ikinci ölkədir. Azərbaycanda 115 oğlana nisbətdə 100 qız doğulur. Normal qaydada 100 qıza nisbətdə 105-107 oğlan olmalıdır. Balansın pozulması ailənin strukturuna, ailənin inkişafına təsir göstərir”.

 

“Bu uşaqlar nikah yaşına çatanda problem özünü göstərəcək”

 

Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun İnsan coğrafiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru Zakir Eminovun fikrincə isə Azərbaycanda qadınların sayında nisbi üstünlük II dünya müharibəsindən sonra müşahidə edilirdi. Lakin son illər bu fərq getdikcə azalır, əhalinin cins tərkibi pozulur:

 

“Əgər ölkədə hər 100 qız uşağına 104-105 oğlan uşağı düşsəydi, o zaman il ərzində qızlarla müqayisədə təxminən 3000 oğlan uşağı çox doğulardı. Lakin Azərbaycanda bu göstərici normadan yüksək olduğundan qızlarla müqayisədə 7000-dən artıq oğlan uşağı çox doğulur. Ola bilər ki, indi bu fərq özünü göstərmir. Ancaq həmin uşaqlar nikah yaşına çatanda problem müəyyən qədər özünü göstərəcək. Bunun qarşısını almaq üçün tədbirlər görülməli, bu məsələyə ciddi nəzarət edilməlidir”.

 

Beləliklə, mütəxəssislərin və rəsmilərin tövsiyələrindən gəlinən ümumi nəticəyə əsasən, Azərbaycanda xüsusilə yaxın illərdə doğulacaq körpələrin cins nisbətinin nizamlanması üçün ciddi tədbirlərin görülməsi vacibdir. Bütün dünyada yayılan ən effektiv həll yollarından başlıcası isə problemin kökündə duran selektiv abortlarla mübarizə aparmaqdır. Cins ayrı-seçkiliyi səbəbilə aparılan abortların bir çox ölkələrdə qadağan edilməsi təcrübəsinin Azərbaycanda da reallaşdırılması təklif edilir. Bu məsələ ilə bağlı yaxın illərdə düşünülmüş addımların atılacağı isə istisna edilmir. 

 

Aysel Aslan

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” mövzusunda dərc olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir