Prezident İlham Əliyevin Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI sammitində iştirak etmək üçün dekabrın 13-də Brüsselə işgüzar səfəri beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla izlənilirdi. Son illər ölkəmizin bir-birinin ardınca daxili və xarici siyasətdə qazandığı uğurlar dünyanın tanınmış ekspertləri tərəfindən də yüksək dəyərləndirilir. Brüsselə işgüzar səfərdən əvvəl Soçidə keçirilən üçtərəfli görüşdə Azərbaycanın prinsipial mövqe nümayiş etdirməsi və Ermənistanın bu mövqe ilə razılaşması, ondan sonra Aşqabad şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə toplantısında Ermənistanın da üzv olduğu KTMT-in üç üzv dövlət başçılarının İkinci Qarabağ müharibəsində ölkəmizi qazandığı parlaq Qələbəyə görə təbrik etməsi getdikcə artan reytinqimizin göstəricisidir.
Modern.az xəbər verir ki, bu fikirləri Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Prezident İlham Əliyevin Brüssel səfərinin nəticələri barədə danışarkən bildirib.
Hüquq müdafiəçisi deyib ki, İkinci Qarabağ müharibəsində qazandığımız tarixi Qələbə Azərbaycanın dünya miqyasındakı mövqeyini daha da möhkəmləndirib. Əvvəlki sammitlərdən fərqli olaraq, möhtərəm Prezidentimiz Brüssel Sammitinə qalib Azərbaycanın lideri kimi gedib. Elə buna görə də Avropada yaşayan azərbaycanlılar respublikamızın rəhbərini böyük coşqu ilə qarşıladılar.
“Şərq Tərəfdaşlığı” sammitində iştirak etmək üçün Brüsselə gələn Prezident İlham Əliyevin Avropada yaşayan azərbaycanlılar tərəfindən yüksək səviyyədə qarşılanmasına münasibət bildirən Ç.Qənizadə bildirib ki, əllərində fransız və ingilis dillərində “Cənab Prezident, xoş gəlmisiniz!”, “Avropa azərbaycanlıları Sizi salamlayır!”, “Azərbaycan ümumi dəyərlərə hörmət edir!” sözləri yazılmış plakatlarla yanaşı, ölkəmizin və Avropa İttifaqının bayraqlarını tutan soydaşlarımız Brüssel küçələrində müxtəlif şüarlar da səsləndiriblər. Bununla dövlət başçısına dəstək olduqlarını nümayiş etdiriblər. Bu, həmçinin 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbənin sədasının bütün dünyaya yayılmasından xəbər verirdi.
Ç.Qənizadə dövlətimizin başçımızın Brüsseldə keçirdiyi görüşlərin zəngin və əhəmiyyətli olduğunu vurğulayıb. Qeyd edib ki, bu dəfə də diktə edən tərəf Azərbaycan oldu: “Ermənistanın ölkəmizin irəli sürdüyü şərtlərlə razılaşmaqdan başqa ayrı yolu yoxdur. Əgər bu ölkə iqtisadi bataqlıqdan və siyasi böhrandan azad olmaq istəyirsə, Zəngəzur dəhlizinin açılmasına, dəmir yolu və avtomobil yollarının, eləcə də, kommunikasiya xətlərinin bərpasına problem yaratmamalıdır. Əslində, Ermənistanın siyasi və hərbi rəhbərliyi daha problem yaratmaq fikrində deyillər. Çünki Azərbaycan Ordusunun gücünü gördülər. Bir daha “dəmir yumruğ”u başları üzərində görmək istəmirlər. Görünür, bu ölkədə aranı qarışdırmaqda maraqlı olan revanişt qüvvələrin könlünə yenə də “dəmir yumruq” düşüb”.
Komitə sədri Azərbaycan Prezidentinin Brüsseldə yüksək səviyyədə qarşılanmasını, xüsusilə NATO-nun Baş katibi Yens Stoltenberq və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə keçirdiyi görüşlərdə ölkəmiz haqqında sələndirilən dəyərli fikirləri, beynəlxalq səviyyədə tanınan ərazilərimizin dəstəklənməsini respublikamızın dünya miqyasında artan nüfuzunun göstəricisi kimi dəyərləndirdi. Bu, həm də həmin qurumların Azərbaycanın qazandığı tarixi Qələbəsini, ərazi bütövlüyünü təmin etməsini qəbul etməsindən xəbər verirdi.
Prezident Şarl Mişel hər iki liderə Aİ-nin hərtərəfli sülh sazişi ilə dəstəklənən regionda davamlı sülhün təmin edilməsi məqsədilə münaqişənin aradan qaldırılmasında, əməkdaşlıq və etimad mühitinin yaradılmasında Ermənistan və Azərbaycanla yaxından işləmək öhdəliyinə sadiq olduğuna əmin edib. Hər üç liderin ortaq məqsədi regionda yaşayan bütün insanların rifahı üçün təhlükəsiz, sabit və firavan Cənubi Qafqaz qurmaqdır.
Prezident İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli iki üçtərəfli Bəyanat çərçivəsində götürülmüş əsas öhdəliklərə əməl ediləcəyini və 26 noyabr 2021-ci ildə Soçidə əldə edilmiş anlaşmaların reallaşmalı olduğunu təsdiqləyiblər.
Ç.Qənizadə NATO-nun Baş katibi Yens Stoltenberqin bu qurumun Azərbaycanla tərəfdaşlığında dialoqun və qarşılıqlı anlaşmanın önəmli olduğunu vurğulamasını, uzun illər ərzində Azərbaycanla güclü əməkdaşlıq etdiklərini, hazırda bu əməkdaşlığın bir çox sahələri, bacarıqların inkişafından tutmuş enerji təhlükəsizliyinə qədər olan sahələri əhatə etdiyini diqqətə çatdırmasını ölkəmizə olan hörmət və ehtiramın bariz nümunəsi olduğunu bildirdi: “Dövlət başçımızın səfər çərçivəsində Moldova və Ukrayna prezidentləri ilə görüşləri, bir-birinin ərazi bütövlüyünün daim dəstəkləmələri və digər sahələr üzrə əməkdaşlığın daha da genişləndirilməsi barədə fikir mübadiləsi aparmaları Brüssel görüşünü daha da zənginləşdirib”.