Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin bu gün keçirilən iclasından sonra ölkə valyutasının vəziyyəti barədə açıqlama verib.
Modern.az xəbər verir ki, o, məzənnənin sabitləşəcəyini bildirib.
O qeyd edib ki, dünyada pul bolluğu xərcləri və qiymətləri artırıb.
“İqtisadiyyatda “Dünya 5-dən böyükdür” deməyimizin səbəbi özlərini böyük kimi qələmə verən ölkələrin olmasıdır. Bu oyuna gəlməyəcəyik. Buna görə investisiya, məşğulluq və ixracat deyirik. Bu ölkə daha idxal cənnəti olmayacaq, bu ölkə öz alın təri ilə başqalarının rifahını maliyyələşdirən ölkə olmayacaq, - deyə Türkiyə Prezidenti bildirib.
Ərdoğan hakimiyyətə gəldikləri il Türkiyənin BVF-yə 23,5 milyard dollar borcu olduğunu, hazırda bu borcun tam ödənildiyini bildirib.
Türkiyə lideri qeyd edib ki, lirənin məzənnəsi üçün yeni tənzimləmələr olacaq.
Ərdoğan deyib ki, türk lirəsi aktivlərinin yeni valyuta tələbi yaratmayacaq şəkildə istifadəsini təmin edəcək sistem tətbiq olunacaq. Belə ki, Türkiyədə insanların banka qoyduğu türk lirəsi xarici valyutadan (ABŞ dollarından) üstünlük təşkil edərsə, bu onlara daha çox gəlir gətirəcək:
“İnsanlarımızın türk lirəsinin bankdakı əmanət gəliri məzənnə (kurs) artımından yüksək olarsa, qazanc əldə edəcəklər. Əgər xarici valyutanın məzənnəsi artarsa, aradakı fərqi biz birbaşa vətəndaşımıza ödəyəcəyik”.
Xatırladaq ki, bu gün Türkiyə lirəsi dəyər itirməyə davam edib. Təxminən 1 ABŞ dolları 18 lirəyə bərabər olub.