Həmişə yadımdaydı. Onu görməyə gedəcəkdim... Sadəcə, uyğun bir vaxt tapmaq lazım idi. Yaddaşımın bir küncündə atılıb qalan bu fikri hər gün olmasa da, xatırlayırdım. Bəzən bəlli bir zaman da düşünürdüm: “Bu yazıları hazırlayım verim redaksiyaya, işdən icazə alacağam”. Yazılar alınmırdı. Müsahiblərdən birinin işi olurdu, biri səfərə gedirdi...
İşlər bitənədək yeni planlar, növbəti tapşırıqlar çıxırdı meydana. Çox zaman da bu suallarla görüşümüzü ertələyirdim: “Necə gedim? Hansı pulla? Yolpulu lazımdır, hədiyyələr almalıyam. Gör neçə ildir görüşmürük. İndi durub əliboş getməyəcəyəm ki? Ayıbdır...”.
Gedəcəkdim... Amma hər dəfə bir səbəb tapılırdı. “Təzə iş yerinə alışım”, - deyirdim, qayğıları başımın üstünü alırdı. Babat məvacibi olan işdə çalışmaqdan, az qala, nəfəsin kəsilir, məzuniyyətə çıxa bilmirsən, çıxanda da ya bitməmiş geri qayıtmalı olursan, ya da adı istirahət olur, bütün günlərini, fikirlərini ona həsr eləyirsən. Bir gün bitir... İş yeri ilə birlikdə onun qayğılarından da uzaqlaşırsan. Ancaq azadlıq barədə düşünməyə dəyməz. Çünki “qara gün üçün” adlanan büdcəndə siçanlar oynayır. Görürsən ki, o qədər çalışıb-çarpışsan da, bədxərc olmasan da beş-on manat geri qoymağa imkan tapmamısan. “Pulum olsaydı, indi onlara gedərdim, başqa işim də yoxdur”, öz-özümə deyirdim: “Bundan yaxşı fürsət olmaz. Həm də fikrim dağılardı”.
Yadıma onun ailəsiylə bərabər bizim evə ilk dəfə gəldiyi gün düşür. Qarabağda ağır döyüşlər gedirdi. Erməni ayağı dəyməsə də, yayılan şayiələrdən qorxuya düşüb rayonlarını tərk eləmişdilər. Kişilər qadınlarını, uşaqlarını, yaşlıları və xəstələri ərkləri çatan, üzləri gələn adamların evində yerləşdirib, özləri geri dönürdülər. O zaman iki bacının ailələrinin 10 nəfər üzvü bizə yığışmışdı. Hələ ağılları kəsməyən uşaqlar başqa evdə, bu qədər insanın arasında olmalarının, yeni dostlar tapmalarının sevincini yaşayırdılar. Qadınlar isə təşviş içərisindəydilər.
Günlər sonra rayonlarının - Ağcabədinin işğal ediləcəyi xəbərinin yalan olduğuna inandılar və getdilər. Amma ailələrimiz arasında qohumluqdan daha artıq bir dostluq qaldı. Gah onlar bizə gəlib günlərlə qalır, gah da biz onlara gedirdik. Müharibənin acı, aclıq, qıtlıq dolu günlərini də, maddi sıxıntıların yavaş-yavaş azaldığı vaxtları da beləcə keçirdik.
Sonra nələr oldu? Yadımda deyil. Gediş-gəliş azaldı və kəsildi...
...Zəng vurmağa utanırdım. Aradan illər keçmişdi. Telefonda nə deyəcəkdim? Ən yaxşısı getmək idi... Bir gün o, zəng vurdu. Səsini tanımadım. Heç gözləmirmiş bunu. Hiss etdim ki, xətrinə dəydi, amma incikliyini dilinə gətirmədi. Deyəsən, onu ən çox buna görə özümə doğma bilirdim. Ürəyinə lay-lay yığılan qırğınlıqlarının, gileylərinin birini də dilə gətirmədən, hər kəsə gülümsəyərək yaşayırdı.
Artıq qızlarının ikisini də gəlin köçürmüşdü. Bir nəvəsi də vardı. Elə Bakıya atüstü gəlişləri ona görə idi. Rayonda həkimlərin qızdırmasını sala bilmədikləri körpəni təcili Bakıya, xəstəxanaya çatdırıblar. Müayinələr ürəkaçan olub. Bir gün sonra sevinə-sevinə rayona dönürdülər.
O zaman ona söz verdim: “İşlərimi yoluna qoyum, gələcəyəm, bir həftə qonaq qalacağam”. Zarafat da elədim: “Bişirdiyin yeməklər üçün darıxmışam”. Güldü. İnanmadı. Ancaq o vaxt bunu ona ürəkdən söylədim. Getmək üçün plan qurmağa başladım, sonra yenə hansısa bir işə görə gedə bilmədim. Sonralar da gah iş, gah da işsizlik qayğıları başımı qatdı...
Bir həftə öncə qardaşım zəng vurdu. Səsindən anladım ki, nə isə kədərli hadisə baş verib: “Bilirsən nə olub...”, - dedi. Cavabında soruşmalıydım: “Kim rəhmətə gedib?”. Çünki bizdə bu cür ölüm xəbərlərini verirlər. Ancaq soruşmadım. Qorxa-qorxa gözlədim. Onsuz da deyəcəkdi... Onun adını çəkdi. Dedi ki, xəstəliyindən geç xəbər tutublar, hər şey sürətlə baş verib. Cəmi iki ay yaşayıb xəstəliklə... Həmişə sağlam olmuşdu, hər zaman doğmalarına və doğma bildiklərinə bir şey olacağının xofu ilə yaşayır, için-için üzülürdü. Təkcə özünün xəstələnəcəyini, öləcəyini fikirləşmirdi. Mən də bunu unutmuşdum. Onun, ya da özümün xəstələnəcəyimi, öləcəyimizi düşünsəydim... O zaman yəqin buna güləcəkdim. Elə bilirdim xəstəliklərin bizi tapan, ölümün qapımızı döyən vaxtına hələ çox var...
Qardaşım danışır, mən isə hesablayırdım, onunla telefon söhbətimizdən iki il keçirmiş. Belə tez? Bu illər necə sürətlə keçir... Amma bəlkə günahkar zaman deyil... Daha yaxşı bəhanə tapa bilmədiyimizdən onun yaxasından yapışırıq?!
Qardaşım: “Biz yasa gedəcəyik”, dedi: “Ayıbdır, sən də gəl. Getmək lazımdır, qohumlar, dost-tanış nə deyər?”. Amma mən getməyəcəyəm. Kim nə deyir, desin. Əgər ruh doğrudan da hər şeyi görə, duya bilirsə, o, məni anlayacaq...
Daha başqa cür özümü necə ovudum ki?!