Müasir dünyada hər bir müstəqil dövlət öz maraqlarına xidmət göstərən müstəqil siyasət yürüdür. Azərbaycan Respublikası da müstəqilliyini bərpa etdiyi ilk günlərdən etibarən, bütün çətinliklərə, xarici təzyiq və irticalara rəğmən öz milli maraqlarına uyğun siyasət xətti tutmuşdur və bu gün o, dünya siyasət aləmində öz sözünü deyə bilən və öz müstəqil iqtisadi və siyasi inkişaf xətti olan dövlət kimi qəbul edilməkdədir. Eyni zamanda, Azərbaycanın xarici siyasət xətti qonşu və dost ölkələrin də maraqlarını nəzərə almağa və birgə əməkdaşlığa, səmərəli və bərabərhüquqlu tərəfdaşlığa köklənmişdir. Beynəlxalq münasibətlər sistemində məhz belə siyasət xətti digər dövlətlərin də məqbul qəbul etdiyi siyasətdir. Müasir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev rəhbərlik etdiyi dövlətin siyasətini bilavasitə bu xətlə inkişaf və davam etdirir. Onun fəaliyyətinin prioritet sahələrindən biri qonşu ölkələrlə, Respublikamızla həmsərhəd dövlətlərlə, xüsusən də Rusiya ilə mövcud yüksək səviyyəli münasibətləri daim inkişaf etdirməkdir.
Azərbaycanın ən böyük qonşu dövləti - Rusiya ilə ölkəmizi çoxəsrlik tarixi olan ictimai, siyasi, iqtisadi və mədəni əlaqələr birləşdirir. Bu əlaqələr əsrlər boyu möhkəmlənmiş, hər iki ölkənin vətəndaşları arasında qırılmaz bağlara çevrilmişdir. Tolerantlığı ilə fərqlənən Azərbaycanda bu gün 150 mindən çox rus millətinin nümayəndələri yaşayır, 340 məktəbdə tədris rus dilində aparılır, təhsil ocaqlarında rus bölmələri, Rus Dram Teatrı, Bakı Slavyan Universiteti, beş rus pravoslav kilsəsi fəaliyyət göstərir. Eyni zamanda, onu da qeyd etmək lazımdır ki, milyonlarla azərbaycanlı Rusiyada yaşayır və onlar rus cəmiyyətinin müxtəlif fəaliyyət sahələrinə inteqrasiya edərək fəaliyyət göstərirlər.
22 fevral 2022-ci il tarixində imzalanmış Moskva Bəyannaməsi Azərbaycanın uzun illər boyu apardığı ardıcıl və məqsədyönlü siyasətin məntiqi nəticəsidir və sadalanan amillərlə diqtə olunmuşdur. Bəyannamə Rusiya ilə Azərbaycan arasında mövcud münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldırır. Bəyannamənin müvafiq bəndlərinə qarşılıqlı ərazi bütövlüyünün və suverenliyin tanınması, diaspor fəaliyyətinin inkişafı, mədəni-humanitar, iqtisadi-siyasi münasibətlərin inkişafı, “öz ərazilərində təşkilatların və şəxslərin digər Tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısının qətiyyətli surətdə” alınması və s. mühüm məsələlər daxildir.
Moskva Bəyannaməsi Azərbaycan üçün bir nömrəli məsələ olan Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində qəbul edilmiş bəyanatların müddəalarının həyata keçirilməsi istiqamətində də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Bəyannamənin müddəalarına əsasən, Ermənistan Azərbaycan üçün istənilən halda fayda ilə yekunlaşacaq dilemma qarşısında qalır: ya ölkəmizin ərazi bütövlüyünü tanımaq, tez bir zamanda sərhədlərin delimitasiya və demarkasiyasını həyata keçirtmək və sülh müqaviləsini imzalamaq və beləliklə, Azərbaycan və Rusiya arasında yeni əməkdaşlıq perspektivlərinə qoşulmaq, ya da tutduğu destruktiv siyasəti davam etdirərək Rusiya ilə münasibətlərini zəiflətmək. Bu halda ərazilərini işğaldan azad etmiş Azərbaycanın regionda ən güclü və siyasi qüdrəti olan qonşu dövlətlə əlaqələrinin möhkəmlənməsi və müxtəlif istiqamətlərdə – hərbi, iqtisadi, aqrar – sənaye, informasiya-kommunikasiya texnologiyaları, səhiyyə humanitar və s. sahələrdə əməkdaşlığının passiv müşahidəçisinə çevırilmək deməkdir.
Bütövlükdə Moskva Bəyannaməsinin bütün müddəaları Azərbaycanın milli maraqlarına uyğundur: hər iki ölkə müttəfiqlik fəaliyyətini biri-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, güc tətbiq etməmək və s. istiqamətlərdə həyata keçirməlidir.
Bütün bunlar yürütdüyü müstəqil və ilk növbədə, öz milli maraqlarına söykənən siyasəti nəticəsində Azərbaycanın beynəlxalq arenada rolunun və nüfuzunun artmasının, region ölkələri, dünyanın güc mərkəzləri ilə etibarlı və qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmasının bariz nümunəsidir.
Bu, müstəqil Azərbaycanın növbəti uğurlu siyasətinin göstəricisidir.
Ülviyyə Ağayeva
Milli Məclisin deputatı