Modern.az

Avropanın sonunu gətirəcək BÖYÜK TƏHLÜKƏ

Avropanın sonunu gətirəcək BÖYÜK TƏHLÜKƏ

Aktual

4 Mart 2022, 21:38

Ötən gün Ukraynanın Enerqodar bölgəsində yerləşən Zaporojye atom elektrik stansiyasının ərazisində (AES) güclü yanğın baş verib. Avropanın ən böyük AES-ində yanğının olması region ölkələrində böyük təşvişə səbəb olub. 

 

Ukrayna Prezidenti Volodimir Zelenski dərhal müraciət yayaraq, Zaporojye AES-in atəşə tutulması ilə bağlı xəbərdarlıq edib.

 

“Rusiya ordusunu dərhal dayandırmalıyıq! Partlayış olarsa, bu, hər şeyin sonu, Avropanın sonu olacaq! Bu, Avropanın boşaldılmasıdır! Yalnız Avropanın təcili hərəkəti bunu dayandıra bilər. Avropanın AES-dəki fəlakətdən ölməsinə imkan verməyin!”, - Zelenski məlum hücumların Çernobılda yaşanan faciəni təkrarlaya biləcəyini deyib.
 

İndi hamını daha çox bu sual düşündürür: Zaporojye AES-də partlayış olsa, nəticəsi necə olacaq?

 

 

Bu barədə Modern.az-a danışan hərbi analitik, "M5 Müdafiə və Strategiya" jurnalının Qafqaz və Orta Asiya üzrə nümayəndəsi Ruslan İmamquliyev bildirib ki, Zaporojye AES-də partlayış baş versə, nəticəsi Çernobıl faciəsindən daha dəhşətli ola bilər.

 

Ekspertin fikrincə, Zaporojye AES-in 6 stansiyasında partlayış baş verməsi böyük təhlükədən xəbər verir:


“Belə dəhşətli hadisə baş verərsə, fəsadları nəinki Avropaya, hətta Avrasiya, o cümlədən, Azərbaycana da öz təsirini göstərə bilər. Çünki kimyasal kirlənmə və radiasiya hava axınları ilə yayıla bilir. Yanğınsöndürənlər AES-də vəziyyəti kontrol altına alıb. Ancaq hər şeydən əvvəl raket hücumlarının qarşısı alınmalıdır. Əgər burada ehtiyatsızlıq olub və yanğın çıxıbsa, bu artıq ciddi siqnaldır. Bu təhlükəyə qarşı Ukraynanın həmsədr ölkələri olan Avropa dövlətləri və NATO qabaqlayıcı tədbirlər görməlidir. Təbii ki, Ukrayna hərbçiləri müəyyən tədbirlər görürlər. Ancaq bu tədbirlərin yetərli olub-olmaması məsələsi var. Əgər indiyədək görülən tədbir yetərli səviyyədə olsaydı, yanğın baş verməzdi. Dünənki hadisə onu göstərir ki, əlavə dəstəyə ehtiyac var”.

 

 

AMEA Radiasiya Problemləri İnstitutunun baş direktoru İslam Mustafayev bildirib ki, Ukraynanın şərqində yerləşən və Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporojye AES-in ərazisində baş vermiş yanğın regionu ciddi təhlükə ilə üz-üzə qoyub:

 

"Zaporojye AES-in nəinki özünün zədələnməsi, eləcə də onun ətrafında baş verən hadisələr kifayət edir ki, atom reaktoru partlasın. Soyutma təchizatı zədələnərsə, reaktorda qəzanın baş verməsi qaçılmaz olacaq".

 

İ.Mustafayevin fikrincə, Zaporojye AES Azərbaycandan uzaq olduğu üçün radiasiyanın ölkəmizdə yayılma ehtimalı azdır. Lakin Volqa-Don kanalı radiasiyanın təsirinə məruz qalarsa, dolayısı ilə ölkəmizə keçə bilər:

 

"Zaporojye AES Qara dənizə yaxındır. Qara dəniz radiasiya ilə çirklənərsə, bu Volqa çayına və Xəzərə keçə bilər. Zaporojye AES-də partlayış olarsa, bundan bütün Xəzər dənizi ətrafında yerləşən ölkələr hamısı ziyan çəkə bilər”.


Turqay Musayev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı