Milli Məclisin deputatı Jalə Əhmədova Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə görüşüb.
Bu barədə Modern.az-a deputat özü məlumat verib.
Parlamentari görüş zamanı vətəndaşların pensiya təyinatı, ünvanlı sosial yardım, işsizlik, məşğulluq və digər məsələləri müzakirə etdiklərini bildirib:
“Bununla yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətləri, hədəfləri və prioritetləri barədə konkret faktlara söykənən və əsaslandırılmış bilgilər aldım. Şəffaflıq prinsipləri üzərində qurulan fəaliyyətlərində vətəndaş məmnunluğunun prioritet olduğunu və hər bir vətəndaş müraciətinə fərdi yanaşıldığını xüsusi vurğulayan nazir Sahil Babayev qeyd etdi ki, həm Dövlət Məşğulluq Agentliyi, həm də Dövlət Sosial Müdafiə Fondunun bütün regional ərazi filialları və qəbul şöbələrində Vətən müharibəsi iştirakçılarına, şəhidlərin ailə üzvlərinə və əlillərə növbəsiz xidmət göstərilməklə yanaşı, bu kateqoriyadan olan şəxslərə diqqət ən yüksək səviyyədədir”.
Deputat görüş zamanı onu maraqlandıran bir sıra suallara aydınlıq gətirildiyini vurğulayıb.
“Onu da bildirim ki, səmimi ab-havada keçən görüş zamanı məni maraqlandıran bir çox suallara da aydınlıq gətirildi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həssas kateqoriyadan olan şəxslərin sosial müdafiəsinin daha da yaxşılaşdırılması məqsədilə göstərilən xidmətlərə xüsusi diqqət ayrıldığını vurğulayan cənab nazir bildirdi ki, vətəndaşlarımız nazirlik tərəfindən həyata keçirilən sosial layihələrlə – “Azərbaycanda məşğulluğa dəstək”, “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı”, “Biznesini Yarat Marafonu”, “İşəgötürənlər üçün Əməkhaqqı Subsidiyası” və “Peşəkar Gənclik” layihələrini əhatə edən “Gənclərin Dayanıqlı Məşğulluğu” proqramı və digər layihələrlə tanış olmaq üçün ƏƏSMN-nin rəsmi saytında tanış olmaqla, həm də həmin layihələrə qoşula bilərlər.
Nazir Sahil Babayevə vaxt ayırıb məni qəbul etdiyinə görə təşəkkürlərimi bildirir, Azərbaycanın tərəqqisi naminə görəcəyi bütün işlərdə yeni-yeni uğurlar arzu edirəm”, - deyə deputat qeyd edib.