Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova Ukraynadan bu ölkəyə keçmiş soydaşlarımıza müraciət edib.
Modern.az-ın məlumatına görə, səfir bildirib ki, Polşa ərazisinə keçmiş Azərbaycan vətəndaşları üçün səfirlik tərəfindən mümkün dəstək göstərilməkdədir. İlkin məlumata əsasən, Ukraynadan Polşa ərazisinə təqribən 1000 nəfər vətəndaşımız keçib.
“300 nəfər vətəndaşımız səfirlik tərəfindən mehmanxanalara yerləşdirilib. Səfirlik bu məqsədlə iri tutumlu avtobuslar kirayə götürüb. Qeyd etmək istərdik ki, bir çox vətəndaşımızın səyahət sənədlərində problem var. Həmin vətəndaşlara qayıdış şəhadətnamələrin əldə edilməsi üçün konsulluq xidməti göstərilib.
Obyektiv səbəblərdən hazırda mehmanxanalarda yerlərin sayında ciddi məhdudiyyətlər mövcuddur. Bu səbəbdən Polşanın icra qurumları tərəfindən təşkil edilmiş müvəqqəti sığınacaq yerlərində yerləşdirilmiş vətəndaşlarımızdan xahiş olunur ki, təxliyə olunanadək həmin yerlərdə qalsınlar və yerləşmə ünvanı, pasportlarının fotoşəkli və əlaqə məlumatlarını səfirliyin 0048576900183 telefon nömrəsinə bağlı olan votsap tətbiqinə göndərsinlər”.
Diplomat hazırda Azərbaycana təxliyə reysinin təşkili üzərində çalışıldığını vurğulayıb:
“Təxliyə səfirlikdə tərtib edilmiş siyahıya müvafiq olaraq həyata keçiriləcək. Növbəlilik əsasında, ilk olaraq qadınlara, uşaqlı valideynlərə, yaşlılara və tələbələrə üstünlük veriləcək. Təxliyə barədə məlumat vətəndaşlarımızın telefon nömrələrinə göndəriləcək. Müvafiq məlumat gəldikdən sonra vətəndaşlarımızdan Səfirliyin təlimatına uyğun şəkildə hərəkət etmələri xahiş edilir.
İmkanı olan vətəndaşlarımızdan xahiş edirik ki, Polşadan Türkiyə və Gürcüstan üzərindən Azərbaycana hərəkət edən təyyarə reyslərdən istifadə etsinlər. Polşada Türk Hava Yolları və LOT şirkətləri gündəlik əsasda Varşavadan İstanbula, LOT şirkəti həmçinin Tbilisiyə, Wizzair şirkəti isə həftədə 3 dəfə Kutaisiyə uçuşlar həyata keçirir”.