Rusiya vətəndaşı ola bilmək artıq asan olacaq. Modern.azın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, Rusiya Dövlət Dumasında RF vətəndaşlığına qəbulun asanlaşdırılması barədə qanun layihəsi müzakirəyə qoyulub. Qanuna əsasən, “Köhnə soydaşların Rusiyaya köçürülməsi Proqramı” çərçivəsində Rusiyaya gələn və vətəndaşlıq üçün müraciət edən şəxslər üçün müəyyən olunmuş tələblər yüngülləşdiriləcək.
Qeyd edək ki, sözügedən proqramda keçmiş SSRİ məkanının bütün vətəndaşları və onların şəcərələri iştirak edə bilər. Əgər bu qanun layihəsi təsdiqlənərsə, Rusiya vətəndaşı olmaq üçün müraciət edən şəxslərə artıq nə Rusiya Federasiyası ərazisində 5 il müddətinə davamlı yaşamaq stajı, nə Rusiyada yaşayış vizası, nə müəyyən qazancın olmasının təsdiqi, nə də rus dilindən imtahan vermək lazım olacaq. 2012-ci ilin sonuna qədər Rusiya vətəndaşlığını alan şəxslərin sayının yarım milyona çatacağı gözlənilir.
Qanun layihəsini Dövlət Dumasının 4 fraksiyası da dəstəkləyir. Bu nəticəyə əsasən layihənin ən qısa zamanda qəbul olunması ehtimalı çox yüksəkdir.
Rusiyanın dövlət dumasında baxılan 2-ci qanun layihəsi qarışıq nikahlardan dünyaya gələn uşaqlara aiddir. Hazırda qüvvədə olan qanuna əsasən, Rusiya vətəndaşı ilə hər hansı bir əcnəbinin nikahından dünyaya gələn uşaq Rusiya vətəndaşı olan valideyninin yazılı ərizəsi, xarici vətəndaş olan valideynininsə yazılı razılıgı olmadan Rusiya vətəndaşı ola bilməz. Lakin müzakirəyə çıxarılan yeni qanun layihəsi öz təsdiqini tapsa, bundan sonra dogulacaq usaq yuxarıda qeyd edilən razılıqlar olmadan da avtomatik şəkildə Rusiya vətəndaşlığı ala biləcək.
Qeyd edək ki, Rusiya vətəndaşı olan qızlarla evlənmiş azərbaycanlı kişilərin sayı az deyil. Belədə bu ailələrə də doğulan uşaqlar avtomatik Rusiya vətəndaşlığına qəbul ediləcəklər.