Modern.az

Milli varlığımızın əbədiyaşar Novruz fəlsəfəsi

Milli varlığımızın əbədiyaşar Novruz fəlsəfəsi

Aktual

17 Mart 2022, 17:54

Qədim və zəngin mədəniyyət yaratmış xalqımız tarixin bütün dövrlərində bəşəriyyətin mədəni dəyərlər xəzinəsinə də qiymətli töhfələr vermişdir. Öz sivil adət və ənənələrini zaman-zaman qoruyub zənginləşdirən əcdadlarımız başqa xalqların da mədəni irsinə hörmətlə yanaşaraq ölkəmizi multikultural dəyərlər məmləkətinə çevirmişlər. İlkin sorağı bir neçə minillikdən gələn Novruz bayramı bizim günlərdə Azərbaycanın ümumölkə şənliyi səviyyəsinə yüksəlmiş, hətta qonşu məmləkətlərin də təntənə ilə qeyd etməyə başladığı bəşəri bir təqvim hadisəsi olmuşdur.

 

Novruz mərasim və şənliklər sistemi, ilk növbədə, xalqımızın özünəməxsus mənəvi aləminin, milli yaddaş və özünüqoruma amili kimi zaman keçdikcə önəmini artırmış, itirilmiş müstəqilliyin yenidən qazanılmasında toparlayıcı rol oynamışdır. Müstəqillik əldə edildikdən sonra isə Novruz ümummilli bayramlar sırasında rəsmi status qazanmış, dövlət səviyyəsində yüksək səviyyədə qeyd edilməyə başlanmışdır.

 

Ümummilli lider Heydər Əliyev Novruz mərasim və şənliklərinin ölkəmizdə mükəmməl və geniş keçirilməsi üçün ən zəruri tədbirləri yüksək sevgi ilə gerçəkləşdirmişdir.

 

Ulu öndər əmin idi ki, xalqımızın Novruzla bağlı mənəvi aləmi milli yaddaşı canlandırır, yurd sevgisini gücləndirir, insanların yaşamaq eşqini təravətləndirir, mübarizə əzmini yüksəldir.

 

Ən böyük Azərbaycanlı Heydər Əliyev Novruz arzu-diləkləri sırasında ümummilli hədəflərin yer almasını da yüksək dəyərləndirərək şənliklərin birində haqlı olaraq demişdi:

 

“Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm. Bəli xalqımızın uğur və qələbələri artıb-çoxaldıqca Novruz təntənələri də məzmunca dolğunlaşır, miqyasca genişlənir.”

 

Ümummilli liderin Novruzla bağlı bu arzu və niyyətləri ötən illərdə inamla gerçəkləşdirilmişdir. Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev apardığı düzgün, müdrik siyasətlə ulu öndərin vəsiyyətini gerçəkliyə çevirdi - qalibiyyətli savaşla Qarabağ işğaldan azad edildi, ölkəmizin ərazi bütövlüyü təmin edildi. Dövlətimizin başçısı qələbədən sonrakı ilin ilk Novruz tonqalını Zəfər zirvəsi sayılan Şuşanın Cıdır düzündə alovlandırdı.

 

Bu il isə Novruz tonqlları başdan-başa quruculuq meydanına çevrilən Qarabağın hər yerini müqəddəs diləklərimizi nurlandırır. Bununla xalqımız illər uzunu sarsıdılmış xoşbəxtliyinə qovuşur, ulu öndərin ruhu şad olur.

 

Bəli, artıq Novruz tonqalı Vətənin qəlbində, bütün Qarabağda alovlandırılır. Cənab İlham Əliyevin cəsur sərkərdəliyi, rəşadətli Ordumuzun gücü sayəsində biz artıq doğma torpaqlarımızın ətrini hiss edir, qədəmlərimizi o mübarək ərazilərə inamla basa bilirik. Bu gerçəklik xalqımız üçün böyük mənəvi dəyər daşıyır, hamını yeni arzulara qanadlandırır.

 

İllər uzunu ictimai həyatdan uzaq salınmış, xalqın qəlbində yuva qurub, məişətində yaşadılmış Novruz milli kimliyimizin parlaq göstəricilərindən biri kimi rəsmi təntənələr sırasında yer alıb, müstəqil dövlətimizin həyatında mötəbər mövqe qazanıb. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın gərgin səyləri nəticəsində Novruz bayramı bəşəri status qazanmiş, UNESCO-nun Qeyri-Maddi Mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmişdir. Novruz təkcə onu qeyd edən türk-müsəlman xalqlarının ortaq bayramı deyil, eyni zamanda, bəşəriyyətin qiymətli mənəvi dəyəri hesab olunur. Bu bayram Azərbaycanla yanaşı, artıq qonşu Şərq ölkələrində də təbiət təqviminin yeni ili kimi qeyd edilir.

 

Zəngin ənənə və yeniləşmə təcəssümü olan Novruzun maraqlı adətləri var. Xalqın milli əxlaq kodeksinə görə, bu bayramda küsülülər barışmalı, qohumlar bir-birinə baş çəkməli, zəngin bayram süfrələri qurulmalıdır. İnsanlar yazın gəlişi ilə torpağın əkib-becərilməsinə başlayır, bağbanlar meyvə ağaclarını budayır, yeni ilin məhsul bolluğu start götürür. Novruzun hərəkətə gətirdiyi bu nəhəng yaradıcı mexanizm dövlətin strateji hədəflərini gerçəkləşdirməyə kütləvi ictimai dəstək qazandırır.

 

Novruzun fəlsəfəsi 4 ünsür, dörd çərşənbəni özündə ehtiva edir. Bunlar: su, od, yel, torpaq çərşənbələridir. Hər çərşənbənin başlanğıcı müxtəlif təbiət dəyişikliklərini nümayiş etdirir. Məsələn: Su çərşənbəsində havalar tədricən isinir, çayda buzlar əriyir. İlin ikinci-Od çərşənbəsində Günəş torpağa canlılıq qatır. Yel çərşənbəsi zamanı isə artıq ağaclarda tozlanma başlanır və onlar çiçəklənməyə, bar tutmağa başlayır. Sonucu, Torpaq- İlaxır çərşənbə adlanır bu zaman artıq təbiətdə tamamilə köklü dəyişiklik, canlanma müşahidə olunur.

 

Novruz möcüzələri bununla bitmir. Hələ qədimdən Novruz bayramında insanlar inanclara söykənərək müəyyən ayinlər icra edir, bununla da talelərini müəyyənləşdirirdilər. Bu adət-ənənin yaşarılığı olaraq bu gün də Novruzda “qulaq falı", "üzük falı", "səməni cücərtmək", "tonqaldan tullanmaq", "yumurta döyüşdürmək" kimi inanclar yerinə yetirilir. Bundan başqa, bayram süfrəsinin bəzəyi olan Səməni xonçası, təbii ki, bolluq-firavanlıq timsalına çevrilir.

 

Səməni xonçasının özünəməxsus naz-nemətləri var. Səməninin ətrafına milli şirniyyatlarımız düzülür və bunlar xoş mənaları özündə birləşdirir. Qoğal-- Günəşin, şəkərbura-- Ayın, rənglənmiş yumurta-- həyatın rəmzidir. Adətə görə, süfrədə "S" hərfi ilə başlanan 8 məhsul yer almalıdır: səbzi, sumaq, sirkə, səməni, süd, su, sünbül və süzmə süfrənin zəruri nemətləri hesab olunur. Bayram süfrəsinin əsas ləzzəti, bəzəyi şah- plovdur.

 

Novruz bayramının əyləncəli tərəfinin yüksək ictimai məzmunu və bəşəri hikmətləri var. Bu ərəfədə kütləvi bayram şənliklərinə xüsusi hazırlıq aparılır. Novruz bayramında ölkədə xanəndələrin, xalq müğənnilərinin, aşıqların iştirakı ilə açıq meydanlarda konsertlər verilir, hamı bir yerdə şənlənir. Burada kəndirbazlar, pəhləvanlar öz məharətini, güclərini sərgiləyirlər. Kosa və Keçəlin məzəli dialoqları hamını əyləndirir, güldürür, sevinclərinə sevinc qatır. Kənd yerlərində at yarışları da təşkil olunur, bir sıra oyunlar keçirilir.

 

Paytaxtda əsas bayram tədbirləri əfsanəvi Qız qalasının ətrafında baş tutur, Novruz burada finişə çatır. Həmin gün qalanın zirvəsini böyük bir səməni bəzəyir. Bahar qızı Qız qalasında təbiətin dirçəlməsini, həyatı əks etdirən məşəli alovlandırır. Göründüyü kimi, xalqımızın öz dəyərlərinə sadiqliyi dünənimizdən bugünümüzə təntənə körpüsü salır. Dünənə ehtiramımız sabaha inamımıza məşəl tutur.

 

İllər ötsə belə, bu adət və ənənələrimiz mənəvi körpü olaraq bizi gələcəyə keçirib aparır. Hər nəsil bu estafetdə Novruz dəyərlərini qiymətli miras olaraq qoruyub saxlayır, daha xoş sabahlara ərmağan edir. Bax, beləcə Novruz hər yeni nəsili milli varlığımızın əbədiyaşar fəlsəfəsi ilə tərbiyələndirir.

 

Bayramınız mübarək, əziz azərbaycanlılar!

 

Rəşad Mahmudov,

YAP İdarə Heyətinin üzvü,

tibb elmlər doktoru

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı