Modern.az

Nur-Sultanda Novruz şənliyi təşkil edildi

Nur-Sultanda Novruz şənliyi təşkil edildi

Aktual

22 Mart 2022, 17:24

Beynəlxalq Türk Akademiyası Nur-Sultanda Novruz şənliyi təşkil edib.

 

Akademiyanın yeni binasında keçirilən bayram tədbirində Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Monqolustan, Macarıstan, Tacikistanın Qazaxıstandakı səfirləri, Türkiyə və Azərbaycanın Nur-Sultandakı səfirliyinin müşavirləri, Qazaxıstan parlamentinin deputatları, aparıcı media qurumlarının və mədəniyyət mərkəzlərin rəhbərləri, nüfuzlu ziyalılar iştirak ediblər.

 

Modern.az xəbər verir ki, tədbir iştirakçıları Türk Muzeyi ilə tanış olub, həmçinin Tacikistan Respublikasının səfirliyi tərəfindən təşkil olunmuş sərgiyə baxıblar.

 

Türk Akademiyasının prezidenti D.Kıdırəlinin açılış nitqindən sonra tanınmış dövlət xadimi, TDT Ağsaqqallar Şurasının keçmiş üzvü Adil Ahmedov iştirakçıların Novruz bayramını təbrik edib. Diplomatik nümayəndəliklər adından Özbəkistanın Qazaxıstandakı səfiri Səidikram Niyazxocayev təbrikıərini çatdırıb.

 

Tədbir iştirakçıları Ahmet Baytursunulının anadan olmasının 150 illiyi münasibətilə qazax və ingilis dillərində nəşr edilmiş “Ahmet Baytursunulı və Alaş” kitabının təqdimat mərasimində də iştirak ediblər.

 

Türk Akademiyasının prezidenti Darxan Kıdırəli yeni kitabları təqdim edərək 2022-ci ili Türk Dünyasında “Ahmet Baytursunulı ili” elan edib.

 

Tədbirdə iştirak edən səfirlər də öz növbəsində təbrik nitqləri ilə çıxış edərək, tədbir təşkilatçılarına öz minnətdarlıqlarını və Novruz bayramı münasibətilə xoş arzularını çatdırıblar.

 

Yeni ilin qarşılanması çərçivəsində Türk Dünyasının qədim adət-ənənələrinə uyğun olaraq “Dəmir döymə” mərasimi icra olunub.

 

Daha sonra mərasim iştirakçıları Türk Akademiyasının tədbirə qatılan ölkələrin səfirliklərinin dəstəyi ilə təşkil etdiyi Böyük Novruz Çadırını ziyarət edib və bayram münasibətilə hazırlanan milli təamlardan dadıblar. Novruz çadırında tədbirə qatılan səfirliklərin hər biri öz milli yeməklərindən ibarət bayram süfrəsi təqdim edilib.

 

Mərasimin sonunda iştirakçılara Türk Akademiyası tərəfindən xüsusi hədiyyələr təqdim olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı