Ukrayna-Rusiya müharibəsində artıq 40-cı gündür. Bu 40 gündə Rusiyanın hücumları öz şiddətini azaltmayıb. Ukrayna müharibədə Qərbə və NATO-ya arxalansa da, NATO-dan istədiyini ala bilməyib. Yəni Ukrayna NATO sıralarına qəbul edilmir.
Bəs NATO niyə Ukraynanı öz sıralarına qəbul etmir?
Bu barədə Modern.az-a danışan politoloq İlqar Vəlizadə bildirib ki, NATO-nun bu mənada bir çox səbəblərinin olduğunu fərz edə bilərik:
“İlkin fərziyə Ukraynanın Rusiya ilə müharibə şəraitində olmasıdır. NATO Ukraynanı qəbul etsə, onda gərək Rusiya ilə birbaşa müharibə aparsın. NATO isə Rusiya ilə birbaşa müharibə aparmaq niyyətində deyil. Çünki düşünürlər ki, bu, üçüncü dünya müharibəsi deməkdir. Əslində, bu düşüncələrində haqlıdırlar”.
Ekspertin sözlərinə görə, NATO-nun Ukraynanı öz sıralarına daxil etməməsi əsas məsələ deyil:
“Ukrayna rəhbərliyi məgər bilmirdi ki, NATO Ukraynanı qəbul etməyəcək? Hər halda indiki mərhələdə bu baş tutmayacaq. Bax, əsl məsələ budur. NATO-nun aparıcı ölkələri olan Almaniya, Fransa, bəzi digər Avropa ölkələri Macarıstan və başqaları istəmirdilər ki, Ukrayna NATO-ya daxil olsun. Ukraynanın siyasi rəhbərliyi onu bilməli idi. Mən düşünürəm ki, Ukrayna şəraitə, vəziyyətə uyğun hərəkət etməli idi. NATO-nun onları öz sıralarına qəbul etməyəcəyini, digər tərəfdən Rusiya ilə üz-üzə qalaraq, məhdud şəraitdə dəstək verə biləcəyini, bu dəstəklə də hansı nəticələrin əldə edilib-edilməyəcəyi rəhbərlik tərəfindən düşünülməli idi. Ən əsası, Rusiya ilə müharibə aparılsa, bunun hansı nəticələrinin olması analiz edilməli idi.

İndi danışıqlar prosesində Ukrayna rəsmiləri deyirlər ki, biz Rusiya ilə neytral status məsələsini müzakirə etməyə hazırıq. Məgər əvvəlcədən bunun aktuallaşacağını düşünmək olmazdımı? Bütün bunlar onu göstərir ki, bəzi məsələlərdə gərək uzaqgörən olasan. Real gələcəyə uyğun addımlar atasan. Hansısa arzularına uyğun addım atmayasan. Təsəvvür yaradırlar, hansı ki bu təsəvvürlər qeyri-realdır. Buna uyğun da addım atırlar. Nəticədə, təəssüflər olsun ki, böyük fəlakətlər baş verir”.
İ.Vəlizadə bu mənada Azərbaycanın Qarabağla bağlı tutduğu yolu xüsusi vurğulayıb:
“Həmişə deyirəm ki, Azərbaycan Qarabağ müharibəsində ondan da ağır bir vəziyyətdə idi. Amma biz reallıqlara uyğun addım atmışıq və lazımi yerdə dayanmışıq. İndi kimlərsə daxildən bunu tənqid edir. Ancaq bu tənqidlər düzgün deyil. Biz indi görürük ki, atılan qeyri-real addımların nəticəsi necə ola bilər”.