Modern.az

"Palata bu metoddan hələ də geniş istifadə etmir" - Deputat

Aktual

26 Aprel 2022, 15:58

"Hesabatda Hesablama Palatasının 2020-ci ildə təsdiq edilmiş Strateji Planına istinad edilir və aralıq nəticələrə əsasən təhlil təqdim edilir. Amma daha yaxşı olardı ki, strateji planda qeyd olunan zəif cəhətlər üzrə ayrıca təhlil aparılsın".

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov Hesablama Palatasının 2021-ci ildəki fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı deyib. Deputat nümunə çəkərək bildirib ki, məsələn, auditlərin sayının az olması, auditin əhatə etdiyi büdcə vəsaitlərinin miqdarının az olması, HP-nın səmərəlilik (performans) auditi fəaliyyətinin arzu olunan səviyyədə olmaması və s. məsələlərə hesabatda xüsusi diqqətin ayrılması yaxşı olardı:

 

"Hesabata əsasən, aralıq nəticələr qeyd olunsa da nəticələrin bir qismi ölçüləbilən, yəni "tangible" deyil. Məsələn, birinci aralıq nəticəyə diqqət edək: "Dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının büdcələrinin layihələri və onların icrası ilə bağlı yüksək keyfiyyətli rəylər”. Yüksək keyfiyyətlər rəylər hansı meyarlar ilə ölçülür, rəylərin “yüksək keyfiyyətli”, “keyfiyyətli” və ya “az keyfiyyətli” olmasını müəyyənləşdirən metodolgiya hansıdır?"

 

Deputatın sözlərinə görə hesabatda qeyd olunur ki, ilk dəfə olaraq performans auditdə nəticəlilik meyarları ilə yanaşı, qənaətlilik və səmərəlilik meyarlarından da istifadə olunur: 

 

"Bu yaxşı haldır, amma hesabatın özü də təsdiq edir ki, ISSAI 300 prinsipinə uyğun auditlərdən hələ də marjinal formada istifadə olunur;

 

Həyata keçirilən performans auditlərin ümumi maliyyə nəzarəti tədbirlərində xüsusi çəkisi cəmi 9 faizdir. Bu isə ondan xəbər verir ki, hələ də Palata tərəfindən daha çox ənənəvi audit formalarından istifadə edilir. Yəni, hər 10 auditin cəmi 1-i səmərəlilik auditidir. 

 

ISSAI 200- Maliyyə auditi bölməsində 2 istiqamət üzrə təhrif məbləği 1 milyard 9 milyon manat olub. Amma təhrif sözünün maliyyə riskləri baxımdan anlamı nədir? Burada vəsaitin yayındırılması faizi və ya riski nə qədərdir? Təəssüf ki, bu məsələlərə toxunulmur.

 

Hesabatdan belə aydın olur ki, İT auditi elektron audit deyil. Ümumiyyətlə İT auditinin mahiyyəti təşkilatın informasiya texnologiyası strukturunun, siyasətlərinin və əməliyyatlarının qiymətləndirilməsidir;

 

İSAAİ 300 performans auditinin tətbiqi təqdirə layiqdir. Amma hesabatda nəticələr sistemli təqdim olunmur. Bu isə sözügedən auditin özünün kənar qiymətləndirilməsini çətinləşdirir. Daha yaxşı olardı ki, qənaətlilik, səmərəlilik və nəticəlilik nəzərə alınmaqla belə auditlərin nəticələri matriks formasında təqdim olunsun.

 

Hesabatda bir sıra hallarda daha ümumi ifadələrdən istifadə olunur. Məsələn, “alış qiymətlərinin bəzi hallarda əhəmiyyətli fərqlənməsi” kimi ifadələr İSAAİ 300 auditinin prinsipləri baxımdan aydın mənzərə yaratmır".

 

Vüqar Bayramov onu da qeyd edib ki, 2021-ci ildə aparılmış nəzarət tədbirləri nəticəsində 80.1 milyon manat pozuntu aşkar edilib. 35.7 milyon manat bərpası mümkün olan məbləğ olub ki, onun da 86.0 faizi ötən ilə geri qaytarılıb: 

 

"Yəni, təxminən 30 milyon manat geri qaytarılıb. Həmin il palatanın smetası 9 milyon 140 min manat olub. Bu palatanın illik büdcəsindən cəmi 3.3 dəfə çoxdur və ümumi fiskal xərcləmələrə nisbətən kiçik göstəricidir.

 

Lima Bəyannaməsində pre-audit vacib prinsiplərdəndir. Hesabatla tanışlıq göstərir ki, palata bu metoddan hələ də geniş istifadə etmir".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı