Böyük Britaniyada “Meymun çiçəyi” virusuna yoluxanların sayı 20-yə çatıb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Səcid Cavid bildirib.
O, ölkədə virusa qarşı daha çox dozada effektiv peyvəndlər təqdim edildiyini deyib.
Qeyd edək ki, “Meymun çiçəyi” virusu üçün xüsusi olaraq hazırlanmış peyvənd yoxdur, lakin çiçək xəstəliyinə qarşı peyvəndlər “Meymun çiçəyi” ilə oxşarlığına görə yaxşı qorunma təmin edə bilər.
“Meymun çiçəyi” xəstəliyinin ilk əlamətləri qızdırma, başağrısı, əzələ ağrıları, bel ağrısı, limfa düyünlərinin şişməsi, titrəmə və yorğunluqdur. Adətən üzdən başlayan və daha sonra bədənin digər hissələrinə, xüsusən də əllərə və ayaqlara yayılan sulu şişlik və səpgilər meydana gəlir.
Qeyd edək ki, virus Böyük Britaniyadan başqa İspaniya, Portuqaliya, İtaliya, İsveç, Belçika, ABŞ, Kanada və Avstraliyada da aşkarlanıb.