Modern.az

Lavrov Fərruxla bağlı nə demək istəyirdi...

Lavrov Fərruxla bağlı nə demək istəyirdi...

Aktual

9 İyun 2022, 17:04

İrəvanda səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla görüşdən sonra keçirdiyi mətbuat konfransında bir müddət əvvəl Azərbaycan Ordusu tərəfindən tam nəzarətə götürülən Fərrux kəndindən söz açıb.

 

Lavrov Fərruxla bağlı vəziyyətin Rusiya hərbçiləri üçün prioritet məsələ olduğunu bildirib: "Fərruxdakı vəziyyətə gəlincə, bu, Rusiya hərbçiləri üçün prioritet məsələdir və erməni dostlar bundan xəbərdardırlar. Artıq vəziyyətin deeskalasiyası baxımından yerlərdə müəyyən nəticələr var".

 

Nazirin sözlərinə görə, belə anlayış var ki, delimitasiya üzrə qarşıda duran əsaslı işlərin bir hissəsi kimi bu məsələlərə baxılacaq və həll olunacaq.

 

Lavrovun Fərrux kəndilə bağlı açıqlaması nədən xəbər verir?

 

Bu barədə Modern.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Azərbaycan Ordusu azad etdiyi ərazilərdən geri çəkilmək niyyətində deyil. Lavrovun fikirlərinə toxunan ekspert Fərrux zəfərinin Azərbaycan üçün qürur mənbəyi olduğunu deyib.

 

"Fərruxda bayrağımızın qaldırılması Azərbaycanın Ermənistana verdiyi çox ciddi mesajdır. Bu mesajın altında yatan məqam ondan ibarətdir ki, ərazilərimizdə, o cümlədən Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Qarabağ torpaqlarında ermənilərin təhlükəsizliyinə zəmanəti yalnız Azərbaycan Ordusu verə bilər".

 

Bu mənada ekspert hesab edir ki, Lavrovun Fərrux kəndi barədə fikirləri erməni ictimaiyyətini sakitləşdirməyə hesablanıb.

 

"Azərbaycan Ordusunun yerləşdiyi heç bir ərazidən geri çəkilmək niyyətimiz yoxdur. İndiyədək olmayıb və olmayacaq. Əksinə Azərbaycan yaxın gələcəkdə rusların müvəqqəti yerləşdiyi ərazilərdə nəzarətini daha da genişləndirməyə can atacaq",- deyə hərbi ekspert qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?