Hesablama Palatasının “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin icrası barədə illik hesabata rəy”də bildirilib.
Modern.az xəbər verir ki, fondun hesabat ilində tranzit gəlirləri istisna olmaqla bütün göstəricilər üzrə proqnoza nisbətdə artıq icra edilmiş, ümumi gəlirləri təsdiq olunmuş proqnoz göstəricilərinə nisbətdə təqribən iki dəfə artıq olub.
Azərbaycan Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin proqnozlaşdırılmış gəlirləri 8 001,2 mln. manat olmuş, icra edilmiş gəlirləri isə 15 985,7 mln. manat təşkil etmişdir. 2021-ci ildə Dövlət Neft Fondunun gəlirlərinin formalaşma mənbələrini Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilmiş gəlirlər, akrhesabı ödənişlər, neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər (tranzit haqqı), bonus ödənişləri və Fondun vəsaitlərinin idarə edilməsindən əldə edilən gəlirlər təşkil etmişdir. Gəlirlərin böyük hissəsini və yaxud 74,4 faizini mənfəət neftinin və qazın satışı ilə bağlı gəlirlər, 4,9 faizini bonuslar, 20,6 faizini vəsaitlərin idarə edilməsi ilə bağlı gəlirlər təşkil etmişdir. Tranzit haqları, akrhesabı ödənişlər Fondun ümumi gəlirlərinin 0.17 faizini təşkil edib.
Ümumilikdə, neft-qaz yataqları və digər qeyd olunan mənbələr üzrə daxilolmalarla əlaqədar təqdim edilmiş məlumatlar daxilolmaları yerinə yetirən qurumlar üzrə üzləşdirilmiş və Fondda müstəqil auditor tərəfindən aparılan auditin nəticəsində öz təsdiqini tapıb.
Fondun hesabat ilində gəlirləri əvvəlki illə müqayisədə əhəmiyyətli artımla icra edilmiş, artımda əsas pay mənfəət neftinin və qazın satışından daxilolmalar istiqaməti üzrə olub.