Modern.az

Şuşa Bəyannaməsi çoxşaxəli müttəfiqliyin rəmzidir

Şuşa Bəyannaməsi çoxşaxəli müttəfiqliyin rəmzidir

Aktual

13 İyun 2022, 09:26

Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasındakı strateji müttəfiqlik münasibətlərinin rəsmiləşdirilməsi və iki qardaş dövlət arasındakı əlaqələrin yeni bir mərhələyə daşınması, Azərbaycan-Türkiyə qardaşlığını bütün dünyaya bildirən bir mesajdır.

 

Bu sözləri Modern.az saytına açıqlamasında millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.

 

Azər Kərimli qeyd edib ki, Şuşa bəyannaməsinin Azərbaycanın bir dövlət olaraq yer üzündən silinməsini hədəfləyən bütün oyunların pozulmasının başlanğıcı olan Milli Qurtuluş Günündə imzalanması bir millətin iki dövlətinin əbədiyyətə qədər birlikdə olacağını nümayiş etdirir: “Şuşa bəyannaməsinin siyasi əhəmiyyətinin ana xəttini Azərbaycan və Türkiyə liderlərinin strateji baxış bucağı, prinsipial və qətiyyətli mövqeləri, tarixi ənənələrə sədaqət, gələcəyə inam təşkil edir: “Məhz Azərbaycan və Türkiyə prezidentlərinin – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın bütün maneələrə, risklərə baxmayaraq, qəbul etdikləri cəsarətli qərarlar, Türkiyə-Azərbaycan ittifaqını tarixi gerçəkliyə çevirib. Şuşa bəyannaməsinin siyasi əhəmiyyəti həm də milli iradənin böyük cəsarət və uzaqgörənliklə icra olunmasındadır”.


Millət vəkilinin qənaətinə görə, Şuşa bəyannaməsi Azərbaycanla Türkiyənin əbədi birliyini, ittifaqını bir daha elan etməklə yanaşı, regionda davamlı sülh, əməkdaşlıq, təhlükəsizlik və inkişaf üçün yeni imkanlar açır. Bu imkanlardan yararlanmaq istəyənlər, Azərbaycan-Türkiyə ittifaqının yanında yer alacaq, bölgənin sabitliyinə, inkişafına və təhlükəsizliyinə öz töhfələrini verəcək, xalqlarının firavan həyatlarını təmin edəcəklər: “Şuşa Bəyannaməsi çoxşaxəli müttəfiqliyin rəmzidir. Bəyannamə sayəsində Türkiyə və Azərbaycan münasibətləri rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Sirr deyil ki, Azərbaycanla Türkiyənin həyata keçirdiyi ortaq layihələr təkcə bu iki qardaş ölkənin deyil, bütövlükdə regionun inkişafı, bölgə xalqlarının rifahı və təhlükəsiziliyi üçün mühüm əhəmiyyət kəsb edir. Bu əlaqələrin genişləndirilməsi müttəfiqlik münasibətlərinin iqtisadi əsaslarını möhkəmləndirməklə yanaşı, hər zaman olduğu kimi yenə də bölgə xalqlarının rifahına və təhlükəsizliyinə xidmət edəcək.  Şuşa bəyənnaməsində milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərin artırılması, malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlərin görülməsi, Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf etdirilməsinə yönəldilmiş səylərin əlaqələndirilmiş şəkildə davam etdirilməsi, intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialının daha da inkişafı, Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi aktual məsələlər də yer alıb ki, bu da hər iki dövlətin iqtisadi potensialını daha da artıracaq və təbii ki, bəyannamədə yer alan digər müddaəlardan irəli gələn vəzifəlıərin yerinə yetirilməsində sabit maliyyə mənbələrinin formalaşmasına imkan yaradacaq”.

 

Azər Kərimlinin sözlərinə görə, müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətdir: “Məlum olduğu kimi, Şuşa Bəyannaməsində tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur. İndiki şəraitdə, sözügedən sənəddə kollektiv müdafiə hüququnun imperativ bir şəkildə vurğulanması, kimin necə tövsif etməsindən, istək və arzularından, təsəlli vermək və almaq niyyətlərindən asılı olmayaraq, dünyanın siyasi səhnəsində Türkiyə-Azərbaycan hərbi-siyasi ittifaqının de-fakto və de-yure təşəkkül tapması anlamına gəlir. 

 

Şuşa Bəyannaməsində Silahlı Qüvvələrimizin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsi vurğulanır. Buraya, həmçinin hər iki ölkənin Təhlükəsizlik Şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclaslarının keçirilməsi və bu iclaslarda milli mənafe, ölkələrin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsinin aparılması daxildir. Bütün bunlar isə, şübhəsiz ki, Türkiyə ilə Azərbaycanın vahid hərbi-siyasi və təhlükəsizlik platformasından çıxış edəcəklərinin sübutudur”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı