İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir - Heydər ƏLİYEV Ümummilli lider
İyirminci əsrin uzaq iyirminci illərinin əvvəllərində məmləkətimizin dilbər guşəsi Naxçıvanda, Əlirza kişinin ocağında dünyaya göz açan Heydər Əliyev misilsiz istedadı, işğüzarlığı, iradəsi sayəsində Vətəni Azərbaycanın xilaskarı oldu. Ümummilli lider səviyyəsinə yüksəldi, müasir dünyanın rəğbət bəslədiyi siyasi liderlərdən, dövlət başçılarından birinə çevrildi.
Elmdə tarixi zərurət adlandırılan bir kateqoriya var. Dində bu, alın yazısı, yaradanın izn verdiyi məqam kimi təqdim edilir. İstənilən baxımdan verilən belə bir izah bu böyük şəxsiyyətin millətimiz üçün milli sərvət olmasını sübuta yetirir.
Bu, elmi qneseoloji baxımdan o deməkdir ki, Heydər Əliyev dühası Azərbaycan tarixində, onun milli dövlətçilik əsasında, mənəvi, sosioloji inkişafında olmaya bilməzdi. Bu, o deməkdir ki, biz Azərbaycan dedikdə Heydər Əliyev, milli lider Heydər Əliyev dedikdə isə Azərbaycanı düşünürük.
Hər il iyunun 15-i Milli Qurtuluş Günü kimi qeyd edilən və yeni tariximizin ən şanlı səhifələrindən birinə çevrilən bu təqvim xalqımıza ümummilli liderimiz Heydər Əliyev tərəfindən bəxş olunub. Dahi şəxsiyyət həmin gün gələcək xoşbəxt həyatımızın təməl daşını qoyub. Həmin gün ulu öndər üçrəngli bayrağımızı işıqlı zəkası, möhkəm iradəsi ilə bir daha enməyəcək ucalıqlara qaldırıb.
Sosial-siyasi sahədə
Ötən otuz il ərzində müdrik siyasətin labüd nəticəsi olaraq, Azərbaycanın milli dövlətçiliyi möhkəmlənib, hərbi qüdrəti artıb, beynəlxalq nüfuzu yüksəlib. Əgər bu belə olmasaydı, xalqımız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində möhtəşəm qələbə əldə edə bilərdimi? Əlbəttə yox! Çünki ölkəmizin müdrik rəhbəri İlham Əliyev məhz ulu öndərin dövlətçilik strategiyasına sadiq olaraq, ona əməl edərək, xalqımızı bu möhtəşəm uğura çatdıra bilib.
Milli dövlətçiliyimiz cəmiyyətin hər bir üzvü, dünya azərbaycanlıları üçün ideoloji bünövrə, onları vahid ideya ətrafında birləşdirən, mənafelərini qoruyan, xalqımızın sosial-iqtisadi durumunun daim yüksəldilməsini şərtləndirən qürur mənbəyimizdir. Heydər Əliyev həmişə deyirdi: “Xalq dövlət üçün deyil, dövlət xalq üçündür”. Xalqa xidmət edən, xalqa güvənən bir dövlət dahi çəxsiyyətin hər zaman amalı və istəyi olub. Əbəs deyildir ki, ümummilli lider öz mənalı həyatını məhz belə bir dövlətin formalaşmasına və inkişafına həsr edib, bu yolda böyük uğurlara nail olub. İndi müasir dünyada ulu öndərin adı Atatürk, Şarl de Qoll, Ruzvelt, Çörçil və digər bu kimi dövlət qurucuları ilə birgə səsləndirilir.
Ümummilli liderin uğurlu nəticəyə hesablanan sosial-iqtisadi siyasəti sayəsində Azərbaycanın milli inkişaf strategiyasının ən mühüm parametrlərindən biri – güclü sosialyönümlü iqtisadiyyatın qurulması istiqamətində ciddi uğurlar əldə edilib.
Hələ XXI əsrin ilk ilində dahi şəxsiyyətin müdrikcəsinə söylədiyi – “Azərbaycanın bir çox ağır və çətin məsələlərini həll etdik və qarşıda duran üfüqləri də çox yaxşı görürük. Azərbaycanın böyük təbii sərvətləri, əlverişli coğrafi-strateji mövqeyi, güclü iqtisadi, intellektual potensialı və azərbaycanlıların yüksək mədəni səviyyəsi müstəqil ölkəmizin gələcəyinin çox xoşbəxt və firavan olmasını təmin edəcəkdir. Əmin ola bilərsiniz ki, bu yol, qarşıda duran üfüqlər, perspektiv tam realdır. Apardığı iqtisadi siyasət sayəsində bir neçə ildən sonra Azərbaycan zəngin ölkələrdən biri olacaqdır” fikrinin bu gün nə qədər böyük strateji əhəmiyyət daşıdığını bütün məna çalarları ilə dərk edirik. Bu baxımdan, ulu öndər Heydər Əliyevin nə qədər dahi və fenomenal bir şəxsiyyət olduğunu təsdiq və sosial rifahımızı ehtiva edən bəzi konkret göstəriciləri xatırlatmaq yerinə düşərdi: 2021-ci ildə ölkəmizdə işsizlik səviyyəsi 5,2 faiz, orta aylıq əməkhaqqı 750 manat, adambaşına düşən ümumi daxili məhsul (ÜDM) 8 min manat olub, bu və digər göstəricilərimiz də qonşu dövlətlər üçün əlçatmazdır.
Prezident İlham Əliyevin başçılıq etdiyi Azərbaycan dövləti hazırda dayanıqlı və davamlı iqtisadiyyat formalaşdırmağa nail olub və bu möhkəm bünövrə gələcək sosial-iqtisadi proqnozları, prioritet və hədəfləri də uğurla yerinə yetirməyə imkan verib. Elmi cəhətdən əsaslandırılan sosial-iqtisadi inkişafın Azərbaycan modeli öz konkret əksini perspektivin faktiki və proqnoz göstəricilərində də əyani şəkildə sübuta yetirib.
Davamlı və tarixi inkişaf platformasına malik ölkə iqtisadiyyatı 2030-cu ilədək ÜDM-in həcmini, təqribən, 64 milyard ABŞ dollarına, adambaşına düşən daxili məhsulun həcmini isə 5700 dollar səviyyəsinədək yüksəltməyi nəzərdə tutur. Milli sosial-rifah səviyyəsinin davamlı artması yüksək, dayanıqlı, inklüziv və başlıca olaraq özəl təşəbbüslərə arxalanan Azərbaycanın yeni inkişaf magistralının ideoloji nüvəsini təşkil edir.
Ulu öndər Heydər Əliyevin başladığı uğurlu sosial-iqtisadi və siyasi-təşkilati nailiyyətlər, milli və multikultural dəyərlər qarşıdakı illərdə Şərqlə Qərbin qovuşduğu məkan olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Bu imkanlar perspektivdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial-rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir. Ona görə də dahi şəxsiyyətin müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq, Azərbaycan dövləti əhalinin rifahının daha da yüksəldilməsi üçün sosialyönümlü bazar iqtisadiyyatının inkişaf etdirilməsi yolunu diqqətdə saxlayır.
Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətinin möhkəm əbədi bünövrəsini qoyub və onu güclü əllərə etibar edib. Onun sosial sahə üzrə strategiyası yüksək və ədalətli sosial təminat və inklüziv cəmiyyət modelinə əsaslanıb.
İqtisadi-hərbi sahədə
“İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”, – deyən ulu öndər gələcək hərbi qələbəmizin də konturlarını ustad dəqiqliyi ilə cızmış oldu. Biz Qarabağın işğaldan azad olunmasında əldə etdiyimiz möhtəşəm zəfərə görə də Heydər Əliyev strategiyasını iftixarla vurğulayırıq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin “dəmir yumruq” taktikası da ümummilli liderin dahi strateji baxışlarının reallaşdırılmasının praktiki icrası demək idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin olunması Heydər Əliyev strategiyasının yerinə yetirilməsində möhtəşəm yer tutur. Bu böyük qələbə vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qovuşmasında bir körpü olacaqdır.
Bayram etdiyimiz Milli Qurtuluş Gününün ölkə iqtisadiyyatının inkişafı qarşısında açdığı sonsuz imkanlar və çağırışları qeyd etməmək olmaz. 1993-2022-ci illər ərzində ölkə iqtisadiyyatı ən azı 17 dəfə artmışdır.
Milli Qurtuluş Gününün ölkəmizin taleyində mühüm cəhətlərindən biri də bundan ibarətdir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi strategiya nəticəsində Azərbaycan qısa müddətdə yüksək nailiyyətlərə imza atdı. Konkret proqram və layihələr əsasında həyata keçirilən genişmiqyaslı quruculuq işləri paytaxt Bakının və bölgələrimizin sosial-iqtisadi simasını tamamilə yeniləşdirdi, yeni regional siyasət əsasında mərkəzlə regionlar arasında fərq kəskin şəkildə azaldıldı, ölkədə bütün sahələri əhatə edən nəhəng infrastruktur layihələri icra olundu.
Bu illər ərzində Azərbaycanın təhlükəsizliyi təmin edildi, dövlətimizin başçısı tərəfindən ərzaq təhlükəsizliyi məsələsinin həlli prioritet vəzifələrdən biri kimi müəyyənləşdirildi, bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər reallaşdırıldı.
Bu gün Qafqaz regionunun iqtisadi potensialının, təqribən, 2/3 hissəsi məhz Azərbaycanın payına düşür. Ölkəmizin iqtisadiyyatında 2003-cü illə müqayisədə 3 dəfədən çox artım qeydə alınıb. Belə ki, 2003-2021-ci illər ərzində Azərbaycan Respublikasında sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 2 dəfə, xarici ticarət dövriyyəsi 6,4 dəfə, ixrac 7,6 dəfə, qeyri-neft ixracı 5,2 dəfə, valyuta ehtiyatları 27 dəfədən çox artıb. Qeyd edək ki, 2003-cü ildə 1,8 milyard dollar valyuta ehtiyatlarına malik olan Azərbaycan hazırda bu göstəricisini 53 milyard dollara çatdırıb. Bununla da respublikamız birbaşa xarici dövlət borcunu 7,4 dəfə üstələyib. Yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib. Azərbaycan iqtisadiyyatına yarısını xarici investisiya təşkil etməklə, 280 milyard ABŞ dolları həcmində sərmayə yatırılıb.
Ümummilli lider Heydər Əliyev milli-mənəvi dəyərlərdən danışarkən deyirdi: “Biz öz milli-mənəvi dəyərlərimizlə fəxr etməliyik. Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşamında formalaşıbdır. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz”.
Bu dəyərlərə qayıdışın və gerçək milli anlayışın xalqımız üçün önəmini vurğulayan Heydər Əliyev hər zaman bu məsələni diqqət mərkəzində saxlayırdı. Milli-mənəvi dəyərlərimizin daim qorumasını və inkişafını dəstəkləyən ulu öndər onu təkcə milli varlığımızın deyil, həm də siyasi varlığımızın – dövlət quruculuğu prosesinin vacib amili hesab edirdi.
Milli Qurtuluş Günü bayramının milli dəyərlərə köklənən mühüm cəhətlərindən biri də bundan ibarətdir ki, Azərbaycanın inkişaf strategiyasının dəqiqliklə reallaşdırılması, dövlət–cəmiyyət–vətəndaş münasibətlərinin keyfiyyətcə təkmil məzmunla zənginləşdirilməsi və çağdaş prioritet idarəetmə alətlərinin formalaşdırılması sayəsində milli həmrəyliyin sosial-ideoloji aspektlərinə praqmatik baxışın zənginləşdirdiyi müasir milli və mənəvi birlik modeli real gerçəkliyə çevrilib.
Vətən müharibəsində əldə edilən möhtəşəm qələbədən sonra hazırda ölkəmizdə milli birlik, mənəvi-əxlaqi ədalət hissi, dövlətimizin başçısına olan sonsuz inam, Prezidentin milli sədaqəti, milli ordunun hərbi qüdrəti, şəhidlik zirvəsi, multikultural həmrəylik və digər mənəvi-etik dəyərləri özündə birləşdirən bir substantiv mənəvi mühit formalaşıb. Bütün bunlar isə, öz növbəsində, məhz Azərbaycan xalqının böyük oğlu, dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin uzaqgörən, müdrik dühası nəticəsində əldə edilib.
Beləliklə, müasir müstəqil Azərbaycan ulu öndərin söylədiyi “Bu millət və onun qurduğu dövlət bütöv, müstəqil və əbədidir” fikrinin tarix tərəfindən təsdiqlənmiş inkaredilməz reallığıdır.
Əvəz ƏLƏKBƏROV,
Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və maliyyə institutları kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor, “Professorlar klubu” Rəyasət Heyətinin sədri, BMT-nin Sülh səfiri