Modern.az

Tağı Əhmədov işçilərini ayıq-sayıq olmağa çağırdı

Tağı Əhmədov işçilərini ayıq-sayıq olmağa çağırdı

Aktual

2 Aprel 2013, 11:46


Metropoliten rəisi Tağı Əhmədov xidmətlərdə kollektivlərlə budəfəki görüşünü yol sahəsi işçiləri ilə keçirib. Modern.az-ın məlumatına görə, görüşdə idarə rəhbəri bu günlərdə yol təsərrüfatı zəhmətkeşlərinin də növbəli prinsiplə iş başında olmasını və onların fədakarlığını yüksək qiymətləndirdiyini dilə gətirdi.

Ümumiyyətlə, sərnişinlərin təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rola malik olan kollektivin əməyinə həmişə hörmətlə yanaşan idarə rəisi nümunələr əsasında, istər diaqnostika, istər rels-qaynaq, istər əsaslı təmir, istərsə də yollara nəzarət və qulluq sahələrində ötən illərdə xidmətin səmərəli fəaliyyətini təqdir edən Tağı Əhmədov bildirdi ki, son illər metronun inkişafı ilə bağlı ciddi addımlar atılır. Məhz yol təsərrüfatının peşəkar fəaliyyəti belə düşünməyə əsas verir ki, polad magistralımız etibarlı əllərdədir.

Dövlət başçısının sərəncamları ilə metronun inkişaf planının hazırlanması və həyata keçirilməsi istiqamətində şaxəli işlərin görülməsini qeyd edən metropoliten rəhbəri qarşıdakı illərdə yol xidmətinin də böyüyəcəyini və ən yeni texnologiyalardan istifadə etməklə daha məsuliyyətli bir dövrə hazır olmağın vacibliyini qeyd etdi.

İdarə rəisi inkişaf planları ilə yanaşı, metropolitenin cari tələb və xərclərinə də hökumətin həssaslıqla yanaşdığını qeyd edərək, 2012-ci ildə bu qayğı və diqqəti daha çox hiss etdiyini dilə gətirdi və bir neçə faktı sadalamaqla yanaşı, misallar da çəkdi.

Postsovet məkanı ilə müqayisəli təhlillər aparan idarə rəisi məvacibləri müqayisə etdikdə, Bakı metrosunun yalnız Rusiya metropolitenlərinin bir qismindən geri qaldığını, lakin bununla belə, ölkə daxili iqtisadi potensial, qiymət və istehlak bazarındakı vəziyyəti araşdırdıqda, ümumi rifahda heç də onlardan geri qalmadığını söylədi.

- Biz «Metro» Assosiasiyasının üzvüyük və mütəmadi bütün sahələr üzrə hesabatlarla, nailiyyətlərlə paylaşırıq. Ümumi götürəndə, Bakıda keçirilən görüşlərdə də hiss etdiyiniz kimi, bir çox istiqamətdə biz onları qabaqlayırıq, - deyən idarə rəisi stansiyaların sayına görə bölgü əsasında sərnişindaşımada Bakının postsovet məkanında birinci, dünyada isə 44-cü yerdə olduğunu qeyd edərək, vaqonun hər kvadrat metrinə, stansiyaların yüklənmə tələblərinə görə, artıq metromuzun gərgin qrafikə düşmək üzrə olduğunu bildirdi. Elə buna görə də metronun inkişaf layihəsi ölkə başçısının uzaqgörən siyasəti nəticəsində ən maksimal hesablamalar üzərində qurulub və 2016-cı ildən – birinci dövlət proqramının başa çatacağı dövrdən metronun şəhərimizin həyatında xüsusi rolunun bir qədər də artacağını, həm tələbatın, həm də sərnişinlərin istəyinə uyğun dəyişməyə başlayacağını dedi.

Qısa və məzmunlu çıxışını başa vuran idarə rəisi görüşün daha çox kollektivin istək və arzularını eşitmək, öz işini səslənən təkliflər üzərində qurmaq üçün təşkil etdiyini qeyd etdi.

“İndiyə qədər bütün sahələrə rəhbərlik edən, mütəxəssislər qrupunda fəaliyyət göstərən işçilər sizlərin arasından - bu kollektivdə yetişən təcrübəli işçilərdən seçmişik. Buna görə də istərdim ki, fəallıq göstərib, yollarımızın rəvan olması üçün fikirlərinizi eşidim, - deyən Tağı Əhmədov sözü kollektivin üzvlərinə verdi.

Diaqnostika və yolların vəziyyətinə nəzarət sahəsinin rəisi Arif Bayramov, onun müavini Əziz Cəfərov, xidmətin rəisi Akif Zeynalov, xidmətin baş mühəndisi Əhmədağa Ağayev, sahə mütəxəssislərindən Məhəmmədəli Əliyev, sahə rəhbəri Daşdəmir Bağırov xidmətin fəaliyyəti ilə bağlı səmərələşdirici təkliflər irəli sürüb mövzu ətrafında müzakirələr açdılar. Təkliflərin böyük qismi ümumi fikrə əsasən, bəyənildi və müvafiq tədbirlər görülməsi üçün tapşırıqlar səsləndi.

Müzakirələr başa çatdıqdan sonra idarə rəisi gündəmdə olan bəzi ictimai-siyasi və sosial-mədəni hadisələrdən də danışdı. Qarşıdan ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinin gəldiyini deyən rəis, kollektivin də bu əhəmiyyətli hadisəni layiqincə qarşılamalı olduğunu bildirdi. Bu məqsədlə o, hər kəsi fəal olmağa, lazım gələrsə, təkliflər də səsləndirməyə dəvət etdi.

Daha sonra bu il prezident seçkilərinin keçiriləcəyindən danışan Tağı Əhmədov son illər ölkənin istər daxili, istər xarici siyasətdə, iqtisadiyyatda müqayisəli təhlillər apardı, hər kəsi ayıq-sayıq olmağa, bizi əhatə edən hər şeyə obyektiv yanaşmağı tövsiyə etdi.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı