Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin müəllim və tələbələri Azərbaycanda Fransız İnstitutunun hər il olduğu kimi bu il də təşkil etdiyi Frankofoniya həftəsində keçirilən müsabiqələrdə qalib olublar. Bu barədə Modern.az-a ADU-nun mətbuat xidməti məlumat verib.
ADU-nun Fransız dili kafedrasının baş müəllimi Xədicə Əyyubova Müəllim kateqoriyası üzrə tərcümə yarışmasının qalibi olub və Fransada bir aylıq kurs keçmək imkanı qazanıb. Tələbə kateqoriyası üzrə isə ADU-nun Tərcümə fakültəsinin IV kurs tələbəsi Lalə Abbasova Fransaya 10 günlük səyahət əldə edib. İmla naminasiyası üzrə isə I yerə ADU-nun magistratura pilləsinin 1-ci kursunda təhsil alan tələbəsi Əminə Qasımzadə layiq görülüb və Fransaya səyahət qazanıb.
II yeri isə universitetin tərcümə fakültəsinin 374-cü qrup tələbəsi Kəmalə Nəbiyeva tutub və öz növbəsində Azərbaycandakı Fransız dili İnstitutunda bir semestr boyu ödənişsiz kurs keçmək şansına sahib olub. Qeyd edək ki, Azərbaycanda Frankofoniya həftəsi mart ayının 27-dən 30-na kimi davam edib. Tədbirdə 3 naminasiya üzrə - foto, tərcümə və imla- müsabiqələr keçirilib. Frankofoniya həftəsinə fransız dilini öyrənən və öyrədənlər üçün mükafat, Fransaya səyahət olan müsabiqələr daxil idi. Bayram həftəsi fransız dilində imla müsabiqəsi ilə başa çatıb.
