44 Günlük Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalmış qəhrəman oğullarımızın əziz xatirəsinə ..
Balakişiyev Qara Əmirxan oğlu (11.07.1994 – 27.09.2020)
Xocavənd rayon Əmirallar kənd sakini Şəhid Balakişiyev Qara Əmirxan oğlu 11 İyul 1994-cü ildə dünyaya gəlib. 1992-ci il Oktyabr ayının ikisində Əmirallar kəndi ermənistan silahlı qüvvələri tərəfindən işğal olunaraq talan edilir.
Həmin günləri böyük acı ilə xatırlayan Şəhidin anası Nazimə xanım bildirir ki, “doğma kəndimizi tərk etdikdən sonra bir müddət “Haramı” deyilən ərazidə məskunlaşmalı olduq və Qara orada dünyaya göz açdı. 2000-ci illərin əvvəlində məcburi köçkünlər üçün Beyləqan rayonu ərazisində salınan qəsəbəyə köçürüldük. “Əvvəl-əvvəl evimiz olduğu üçün sevinirdik “ – deyir Nazimə xala. Sonra davam eləyir – “. Zaman keçirdi və biz bura, burdakı evə-eşiyə öyrəşirdik. Övladlarımı evləndirdim, nəvələrim oldu, xoş günüm, pis günüm keçdi bu evdə, xeyir gün, şər gün gördüm. Hər xatirə ilə içimizdəki qəriblik bir az da əridi, doğmalıq artı. Bu vaxt içimdə dəhşətli bir hiss peyda oldu. Nə qədər ki, biz bu yerlərə öyrəşirdik və nə qədər ki, içimizdəki qəriblik doğmalıq odunda əriyirdi düşmən taptadığı altında qalan, işğal olunmuş torpaqların ağrısı azalırdı. Buna görə kəndimizi görməyən, o yerlərdən bitib-tükənməz suallar verən övladlarıma kəndimiz haqqında danışırdım. Həm istəyirdim onların beynində dədə-baba torpaqlarımızın təsəvvürü formalaşsın, həm də hər dəfə o xatirələrə qayıtmaqla yaddaşımı təzələyim. Unudulmasın, həmişə yaşasın bizimlə. Çünki mənim orda evimlə bərabər, gəncliyim də qalmışdı. Bəlkə də, kəndimiz haqqında hamıdan çox Qaraya danışmışam” Bu an gözlərindən bir damcı yaş yumrulandı və yanağındaca sındı. Xatırlamaq yenidən yaşamaqdır. O, hər şeyi ta əvvəldən xatırlamağa başlamışdı. Hər şey yenidən təkrar olunmuş, sözlər, cümlələr, hadisələr, xoş günlər, pis günlər birləşib qatılaşmışdı.
Balakişiyev Qara 2012-ci ildə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarında həqiqi hərbi xidmətə başlayır. Bir il yarımlıq hərbi xidmətini müvəffəqiyyətlə başa vurur. Bu müddətdə şəxsi heyət arasında xüsusi bacarıq göstərir, əsgər yoldşlarının və komandir heyətinin etimadını qazanır. 2014-cü ilin yanvarında hərbi xidmətdən qayıdan Qara xidmətin psixoloji və fiziki yorğunluğunu atmaq üçün bir müddət dincəlir, qohumları, dostları ilə görüşür. Nəhayət fikrini ailəsinə açmaq məqamı yetişir.
– Mən hərbiyə yazılmaq istəyirəm.
“Düzü, mənim razılığım yox idi” – Nazimə xala deyir “Ancaq onu fikrindən döndərmək mümkün deyildi. Qara bütün qərarlarında bizdən məsləhət alardı, bu qərarında heç kimi dinləmədi”.
“Mən öz gələcəyimi hərbidə görürəm” – bu cümlədən sonra heç kim onun qərarını müzakirə etmir.
Şəhid Balakişiyev Qara 2016-cı ildə Azərbaycan ordusunun parlaq qələbəsi ilə bitən, tarixə “Aprel döyüşləri” adı ilə yazılan döyüşlərdə aktiv iştirak etmişdi. Qələbənin qazanılmasında onun xidmətləri olmuşdu. Vətən müharibəsinə aparan yolda önəmli bir addım olan “Aprel döyüşləri” Azərbaycanın illərlə içində bişib hazır duran potensialını üzə çıxarmış, düşmənin məğuledilməzlik mifini puç etmişdi. Bu döyüşlər Azərbaycan ordusunun özünə inamını geri qaytarmışdır. Xalqımız döyüş zamanı ön cəbhədəki əsgərlər ilə bir nəfəs almışdır. Bu zamanı göstərdiyi xidmətlər Balakişiyev Qaranı komandir heyəti qarşısında özünü göstərməyinə, bilikli bir hərbiçi kimi tanınmağına səbəb olmuşdur.
Şəhidin həyat yoldaşı Validə xanım müharibənin başladığı günü belə xatırlayır:
“Hamımız üçün gözlənilməz oldu. Səhəri atəş səsləri ilə açdıq. Qara 27-si günü səhər saat beşdə çıxmışdı evdən. Bizə heç nə deməmişdi, müharibə ilə bağlı ağzını da açmamışdı. Hər şey elə qəfil baş vermişdi ki, mən bəzi hadisələri sonradan xatırladım. Bəlkə də, o özü bu yolda gedib gəlməmək olduğunu bilirdi. Bəlkə də, şəhid olacağını hiss eləmişdi, amma bunu bizə bildirməmişdi. Qara çox şeyi içində yaşayan adam idi. Xoş sözünü, xoş söhbətini mənimlə bölüşərdi, ancaq içində bir narahatlıq vardısa, onu həll etmək mümkün deyildisə, heç kimə açmazdı. Qəlbində yaşayardı, özündə həll edib bitirərdi. Yenə əvvəlki adam olardı. Tovuz döyüşləri vaxt çox gərgin idi. Bir dəfə Polad Həşimovun şəklini mənə göstərib dedi ki, onun üzündəki nura bax, belə insanın öldüyünə inana bilmirəm. 27-si günü səhər evdən çıxanda yatılı uşaqların üzündən öpərək onlarla vidalaşdı. Düzü, mən bu şeylərə o vaxt məna verə bilməmişdim. Uşaqlara çox düşkün idi. Nazıyla oynayırdı onların. Hər dediklərini alırdı, nə deyirdilər onu eləyirdi, oynayırdı, əylənirdi, elə bil, güc alırdı, nəfəs alırdı uşaqlardan. Uşaqlar da atalarına çox bağlı idilər. Mən Qaranın uşaqları yatılı öpməsini əvvəl buna yozdum və elə bir məna vermədim. Sonra cəbhədən xəbərlər gəlməyə başladı. İnanmırdım ki, Qara şəhid ola. Birincisi ona görə ki, mən həyatı onsuz təsəvvür edə bilmirdim, ikincisi müharibə görmüşdü, təcrübəli idi, hər problemdən hər situasiyuadan çıxa bilərdi. Günota zəng elədi. Səhər təxminən on bir radələrində zəngləşə bildik. Təlimdəyik dedi, narahat olmayın. Günorta ikinci dəfə zəng elədi. İkinci zəngimizdə səsində sevincəklik vardı. Mən o vaxt zamanı, məkan unutmuşdum, sanki havadaydım. Bir tərəfdən doğma insanları itirmək qorxusu çuğlamışdı canımı, bir tərəfdən də işğal altında olan torpaqlarımızın geri qayıtması sevinci. Qara ilə danışarkən mən onda narahatlıq görmürdüm. İkinci zəngdə müdafiə səddini yardıqlarını söylədi. Onun dilindən eşitdiyim axırıncı söz bu cür oldu: “Qarabağa gedirik... Siz də gələrsiniz”. Hələ də fikirləşirəm ki, görəsən, müharibə haqqında bizə niyə bircə kəlmə də demədi? Bəlkə də, bu barədə bizə nəsə desəydi, baş verənləri son məqamda öyrənməsəydik onun yoxluğunu həzm etmək belə çətin olmazdı. Təkcə oğlum oluğuna görə demirəm, ümumiyyətlə, gənc insanların ölümü məni dəhşətə gətirir” – Nazimə xala deyir. – “Bütün şəhidlərimizi öz oğlum kimi görürəm. Həm də hiss eləyirəm ki, mənim oğlum da digər şəhid analarının övladıdır”.
Düşmən təxribatının qarşısını almaq üçün əvvəl əks-hücum, sonra hücum əməliyyatına keçən Azərbaycan ordusu ilk saatlardan düşmənin bir neçə müdafiə səngələrini yarıb keçir. Geriyə çəkilən düşmən əvvəldən hazırlanmış müdafiə istehkamlarında möhkəmlənə bilirlər. Ordumuz bu zaman güclü müqavimətlə qarşılaşır. Həmin gün döyüşlərdə Qara ilə birlikdə onun iki qardaşı da iştirak edirdilər. İsmayıl və Mirqamət. 27 Sentyabr gününü Mirqamət belə xatırlayır:
“Döyüşə birlikdə girdik. İlk vaxtlar baş verənləri anlamaqda çətinlik çəkirdik. Hadisələrin yeri istiydi. İllər sonra hamımızın arzuladığı günün gəlib çatdığını görmək sevinc qarışıq bir çaşqınlığa bürümüşdü bizi. Əsgərlər arasında canfəşanlıq vardı. Birinci səddi yardıqdan sonra müxtəlif istiqamətlərdə irəlilədik. Qardaşım ilə axırıncı görüşüm bu zaman oldu. Onu qucaqladım və sağollaşdıq”.
Bu vaxt ərzində düşmənə ciddi itkilər verən ordumuz bütün istiqamətlərdə irəliləyirdi. Qələbəyə aparan yol asan başa gəlməyəcəkdi. Təxminən, 30 il ərzində müxtəlif qatlı, eşalonlu müdafiə xətləri yaradan düşmən qüvvələri bu istehkamlardan istifadə etməklə ciddi müqavimət göstərirdilər. Tunellərlə hərəkət edən, müxtəlif ərzilərə kameralar yerləşdirən, ərazidəki bütün hərəkətlərdən hali olan düşmənin müqaviməti gələcək günlərdə qırılacaqdı.
“Axırıncı danışığımız günorta saat 2 ərəfələrində oldu” – deyir Şəhidin atası Əmirxan Balakişiyev – “Sevincək danışırdı. Səsində elə bir xoşbəxtlik vardı ki, qürur hissi hamımızın içinə hava kimi yayıldı. Qarabağa gedirik deyirdi, düşməni məhv edirik deyirdi, gülümsəyirdi, sevinirdi. Düzdür, hamımız illərdir bu anı gözləyirdik, şəhidlərimizin qisasını almaq, üzərimizdəki ləkəni silmək, dədə-baba torpaqlarımıza qayıtmağı arzulayırdıq. Onun səsindəki sevinc özünəməxsus idi. Mən bu səsi eşidəndə öz oğlumun tamam başqa bir xarakterdə gördüm. Bəlkə də, bu vaxtacan onu yaxşı tanımamışdım, qəlbinin içindəki təlatümlərdən xəbərim yoxdu, ancaq bir günün, qısa bir söhbətin içində onu yenidən tanıdım və Qaranın şəhid xəbərindən sonra onu həmişə bu görüntüdə, bu düşüncədə xatırlayacağımı anladım”.
-Birinci eşalon yarıldıqdan sonra ordu ikinci eşalona doğru irəliləyir. Günorta saat beşə yaxın idi. Top mərmilərinin səsi uğultu olub hər yanı tutmuşdu. Düşmənin qarşı eşalonundakı səngərlərinin arasından yaralı hərbiçilərin səsi gəlirdi. Təsirsiz payız günəşinin yaydığı cancıxıcı havadan, bəlkə, darıxmaq da olardı, ancaq güllələrin səmanı cıza-cıza keçdiyi bu cəhənnəm görüntüsü içində hamının alnına bircə söz yazılmışdı: “İrəli”. Qara zirehli maşının içində idi. Bozumtul təpələrin arasında möhkəmlənən düşmən qoşunları onu dayanmadan atəşə tuturdu. Üzündə əminlik vardı. Ətrafındakı zirehli maşınlardan bir neçəsi vurulmuşdu. Vurulan maşınlardan qalxan qara tüstü millənib göy üzünə qalxırdı. Səslərin eşidilməz, sözlərin anlaşılmaz olduğu bu ilahi məqamda həyat deyilən, əvvəli axırıcı təsadüf ipi ilə birləşən geniş müstəvi hamı üçün nazilmiş, saniyələrdən asılı qalmışdı. Hər şeyi polad iradə və həssas bir tell kimi ortasında dayandığımız təsadüf həll edirdi. Və Qaranın içində olduğu zirehli maşın vurulur. Zərbə maşını çox da zədələmir, ancaq bu vəziyyətdə onu idarə etmək mümkün deyil. Əvvəl zərbədən karlaşan qulağındakı cingiltini eşidir. Sonra əminliyini qoruyur, həyacana qapılmır. Fərdi silahı çiynində özünü maşından bayıra atır.
-“Bircə qəlpə yarası vardı” – Şəhidin nəşini görən atası Əmirxan kişi deyir– “Zirehli maşından düşdükdən sonra minamyot atəşinə tutulub, başından yaralanıb. Təxminən, saat beş radələrində olub hadisə. Ondan üç saat əvvəl bizimlə danışmışdı. Sonra bir neçə dəfə zəng eləmişdik. Zəng çatmamışdı. Əvvəl xəbər gəldi ki, İsmayıl yaralanıb. Hamımız başılovlu çıxıb xəstəxanaya getmək istəyirdik ki, Qaranın xəbəri gəldi. Bəlkə də, hər iki hadisə eyni vaxtda olub.
“ Bir oğlumu itirdim, yüzlərlə oğul qazandım” – deyir Nazimə xanım. “Hərdən düşünürəm ki, ölüm haqdır, hamı əvvəl-axır bunu dadacaq. Ancaq Qara ölümü ilə özünü əbədiyyətə daşıdı. Ölməzlik qazandı. Biz yenidən o torpaqlara qayıdacağıq. Mənim Qaraya, övladlarıma nağıl edib danışdığım yerlərdə gəzəcəyəm və hər dəfə o torpaqlarda gəzəndə Qaranı, şəhid olan yüzlərlə oğlumu xatırlaycam. Və həmişə onun son sözləri qulağmda yenidən-yenidən eşidiləcək:” Mən gedirəm Qarabağa... Siz də gəlin...”
Şəhid Balakişiyev Qara Əmirxan oğlu Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Vətən Uğrunda” və “İgidliyə görə” medalları ilə təltiv olunmuşdur.