18 Oktyabr- Dövlət Müstəqilliyinin Bərpası Günü ilə əlaqədar Gəncə Dövlət Universitetində tədbir keçirilib.
Modern.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Gəncə Dövlət Universitetinin Humanitar məsələr üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva 1991-ci il oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunması prosesinin tarixi əhəmiyyətindən danışmış, həmçinin dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində Azərbaycan xalqının keçdiyi çətin, lakin şərəfli yoldan söz açıb. Prorektor Gülsüm Fətəliyeva onu da qeyd edib ki, əldə edilib müstəqilliyin qorunub saxlanılması, Azərbaycanın müstəqil dövlət olaraq dünya dövlətləri arasında nüfuzunun möhkəmləndirilməsi məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Fəxr edirik ki, Ümummilli Liderimizin siyasətini və ideyalarını möhtərəm Prezidentimiz İlham Əliyev hazırda çox böyük uğurla davam etdirir.
Tədbirdə universitetin Tarix fakültəsinin dosenti Hüseyn Bəxtiyarov, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müəllimi Aygün Yusubova çıxışlarında qeyd etmişlər ki, 1991-ci il avqustun 30-da Azərbaycanın müstəqilliyi haqqında bəyannamə, oktyabrın 18-də isə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olundu. Bununla da Azərbaycan müstəqil, demokratik və dünyəvi bir dövlət kimi yenidən mövcudluğunu dünyaya bəyan edib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaranmasından və beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanmasından da danışılıb.
Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş tədbirin sonunda universitet tələbələri tərəfindən vətənpərvərliyə aid şeirlər də səsləndirilib.