Modern.az

Professor vəfat etdi

Professor vəfat etdi

Aktual

19 Oktyabr 2022, 11:24

Gəncə Dövlət Universitetinin pedaqoji kollektivinə ağır itki üz verib.

 

Modern.az xəbər verir ki, universitetin Riyaziyyat – informatika fakültəsinin Fəxri Professoru Quliyev Əliqulu Umud oğlu 18 oktyabr 2022-ci il  tarixdə vəfat edib.

 

Quliyev Əliqulu Umud oğlu 1939-cu ildə İmişli rayonunun Sarıxanlı kəndində zəhmətkeş ailədə dünyaya göz açıb. Hələ dünyaya gəlməmiş atasını itirmiş, 7 yaşında ikən taleh onu anadan da məhrum etmiş, bir-birindən bir yaş fərqi olan üç bacısı ilə birlikdə yetimçilik həyatı ilə üzləşmişdir. Nəhayət, zaman öz axarı ilə gəlib keçmiş, Əliqulu da orta məktəbi əla qiymətlərlə başa vurmuşdur. 1959-cu ildə Kirovabad Dövlət Pedaqoji İnstitutunun (hazırki Gəncə Dövlət Universitetinin) fizika-riyaziyyat fakültəsinə daxil olaraq 1964-cü ildə İnstitutu fərqlənmə diplomu ilə bitirərək  Xaldan orta məktəbində əmək fəaliyyətinə başlamışdır.  Əliqulu müəllim orta məktəbdə işləməklə yanaşı 1966-cı ildə Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat-Mexanika İnstitutunun aspiranturasına daxil olmuşdur. 1967-ci ildə müsabiqədən keçərək bitirdiyi İnstitutda müəllim kimi fəaliyyətini davam etdirib.

1974-cü ildə Ə.Quliyev aspirant olduğu Riyaziyyat-Mexanika İnstutunda «Məxsusiyyəti olan polinomial əmsallı adi diferensial tənliklərin ümumiləşmiş funksiyalar fəzasında həlli» mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. Onun yaradıcılıq işini görkəmli riyaziyyatçılar  Q.E.Şilov, C.Allahverdiyev, F.Maqsudov və başqaları yüksək qiymətləndirmişlər. Bu o dövrə təsadüf edirdi ki, artıq 5 il idi ki, hakimiyyətə gəlmiş əvəzolunmaz şəxsiyyət Heydər Əliyev Respublikada elmin və mədəniyyətin inkişafını öz himayəsinə götürərək ona böyük diqqət yetiririb.

 

Əliqulu müəllim 42 ilə yaxın tələbələrin təhsili və təlim-tərbiyəsi ilə məşğul olub. Öz peşəkarlığı, tələbkarlığı ilə seçilən  Əliqulu müəllim professor-müəllim heyətinin, tələbələrin dərin hörmət və rəğbətini qazanıb.

 

Əliqulu müəllim uzun müddət Gəncə Dövlət Universitetində Riyazi analiz kafedrasına, sonralar Riyaziyyat-informatika fakültəsinə başçılıq etmiş, Azərbaycanda və xarici ölkələrdə 100-dən çox elmi əsərlər çap etdirmişdir. O, iri həcmli bir monoqrafya və tələbələrin istifadəsinə verilmiş 10 dərs vəsaitinin müəllifidir.

 

Əliqulu müəllim  səmərəli elimi-pedaqoji fəaliyyətinə görə dəfələrlə Universitet rektorunun təşəkkür və fəxri fərmanına, 1999-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəkkürünə, 2004-cü ildə fəxri fərmanına layiq görülmüşdür.  Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2009-cu il tarixli fərmanı ilə Respublika üçün müəllim kadrları hazırlanmasında fəaliyyətinə görə Ə.U.Quliyev  «Tərəqqi  medalı»  ilə təltif olunmuş,  Azərbaycan Respublikası Təhsil Nazirliyinin 9 dekabr 2014-cü il  əmri ilə “Qabacıl təhsil işçisi” döş nişanı ilə, Azərbaycan Respublikası Prezidentinin 31 oktyabr 2018-ci il tarixli sərəncamı ilə “Əməkdar müəllim” adına layiq görülüb.

 

Gəncə Dövlət Universitetinin və eləcə də Riyaziyyat-informatika fakültəsinin inkişafında əvəzsiz xidmətləri olmuş Əliqulu Umud oğlu Quliyevin əziz xatirəsi onu tanıyanların xatirəsində daim yaşayacaqdır.

 

 Allah rəhmət eləsin!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...