Türkiyənin zaman-zaman Suriya və İraqın şimalında təhlükəsizlik məqsədlərinin təmin olunması üçün keçirdiyi antiterror əməliyyatları ciddi müzakirələrə səbəb olur. Beynəlxalq aktorlar, xüsusən Qərbdəki güc mərkəzləri Türkiyənin gerçəkləşdirdiyi əməliyyatlara mane olmasalar da, bir çox hallarda narazılıqlarını müxtəlif vasitələrlə ifadə edirlər. Ölkə müxalifəti də bəzən parlamentdə ordunun Türkiyə xaricində əməliyyatlar keçirməsinin əlehinə səs verir, itkilər səbəbindən iqtidarı tənqid atəşinə tutur.
Bütün bunlara baxmayaraq, son vaxtlar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və hakimiyyətin digər yüksək vəzifəli nümayəndələrinin açıqlama və müsahibələrində Suriyada yenidən əməliyyatların keçirilməsi zərurətinin yarandığı, bunun tezliklə gerçəkləşdiriləcəyi barədə eyhamlara rast gəlmək mümkündür.
Bəs bu vaxta qədər Türkiyə ölkənin cənub sərhədləri yaxınlığında – Suriya və İraqda hansı əməliyyatları keçirib? Bu əməliyyatlarda məqsəd nə olub və hansı konkret hədəflərə nail olunub?
Türkiyənin cənub qonşularının ərazisində ölkənin milli təhlükəsizliyi, ərazi bütövlüyü və sərhəd toxunulmazlığı üçün təhdidə çevrilən terror qruplaşmalarının yuvalanmasının tarixi ötən əsrin 80-ci illərinə təsadüf edir.
Hafiz Əsədin Suriyası və Səddam İraqının Türkiyəyə qarşı soyuq münasibəti terrorçular üçün daha münbit şərait yaratmışdı. Nəzərə alsaq ki, “soyuq müharibə” dövründə Türkiyə ilə əks cəbhələrdə yer alan və rəqabət aparan SSRİ-nin “ərəb sosializmi” qurmuş, BƏƏS rejimləri tərəfindən idarə olunan hər iki ölkə ilə yaxşı münasibətləri var idi, onda PKK terror təşkilatının Suriya və İraqda özünə yer tapması təəccüb doğurmamalıdır.
“Soyuq müharibə”nin bitməsindən sonra da Türkiyənin Suriya ilə münasibətləri Hafiz Əsədin 2000-ci ildə ölümünə qədər tam isinmədi. Bunda 30-cu illərdən qalan Hatay-Antakya “acığı”, həmçinin ölkələr arasındakı tranzit çayların suyundan istifadə problemlərinin də müəyyən qədər rolu var idi.

Məsələn, 1999-cu ildə Türkiyənin izinə düşdüyü PKK terror təşkilatının lideri Abdullah Öcalanın Suriyada uzun müddət gizlənə bilməsi və ölkə hakimiyyəti tərəfindən himayə olunması, terrorçunun Ankaraya təhvil verilməsindən imtina edilməsi Türkiyə-Suriya münasibətlərinin o dövrdəki vəziyyəti barədə təsəvvür yaratmaq üçün kifayət edə bilər. Daha sonra Suriya “terroru dəstəkləyən dövlət” vəziyyətinə düşməmək, amma eyni zamanda Öcalanın Türkiyə tərəfindən yaxalanmasına imkan verməmək üçün onun ölkədən çıxmasına şərait yaratdı. Afina, Moskva, Roma kimi şəhərləri “gəzəndən” sonra Abdullah Öcalan, nəhayət, Keniyanın paytaxtı Nayrobidə tutularaq Türkiyəyə gətirildi.
Oğul Əsədin 2000-ci ildə hakimiyyətə gəlməsindən sonra Türkiyə ilə münasibətlərin nisbətən normallaşması, eləcə də terror qruplaşmasının ölkədə yaşayan kifayət qədər böyük sayda kürd əhalisini təsir altına almaq ehtimallarından, separatizm təhlükəsindən ehtiyat edilməsi Suriyanın terror qruplaşmalarına münasibətdə siyasətinin dəyişməsinə və daha məsafəli xətt yürütməsinə səbəb oldu. Həmçinin İraqda da dünyadan təcrid olunmaqda olan Səddam Hüseyn rejiminin kürd liderləri ilə problemlərinin yaranması, Hələbcə qətliamı kimi hadisələrdən sonra İraqda da müəyyən müddət – Səddamın devrilməsinə qədər terror qruplaşmalarının zəifləməsi prosesi getdi.

Ötən onilliyin əvvəlində “Ərəb baharı”nın başlaması ilə Türkiyənin cənub sərhədlərində vəziyyət yenidən dəyişdi. Suriyadakı kövrək rejimin ölkənin şimalına nəzarətini tamamilə itirməsi, İraqda da 2003-dən bəri davam edən qarışıqlıq və hərc-mərcliyin daha geniş vüsət alması, İŞİD-in ortaya çıxmasına, habelə PKK terror təşkilatının bölgədə yenidən aktivləşməsinə və onun qolları hesab edilən YPG və PYD qruplaşmalarının güclənməsinə rəvac verdi.
Sonralar Ankara İraqın şimalındakı kürd muxtariyyəti ilə müəyyən əlaqələr yaradaraq bu ərazilərdən ölkəyə qarşı olan terror təhdidlərinin reallaşmasını neytrallaşdırmağa nail olsa da, tam təhlükəsizlik mühitinin əldə edilməsi mümkün olmadı. Suriya ilə bağlı vəziyyət isə daha ciddi idi. Rusiyanın dəstəyi ilə “qamətini dikəldən” Bəşər Əsəd hakimiyyəti ölkənin şimalına nəzarəti tam bərpa edə bilmədi. ABŞ və Rusiya Fərat çayının şərqində Türkiyəni narahat edən YPG-nin də daxil olduğu “Suriya Demokratik Qüvvələri” adlı qrupun de-fakto hakimiyyət qurmasına imkan tanıdı. “Ərəb baharı”nın əvvəllərindən bəri Ərdoğanın hakim rejimə qarşı müxalif qüvvələri dəstəkləməsi Əsədin Dəməşqin nəzarəti bərpa etdiyi bölgələrdə də Türkiyə əleyhinə fəaliyyət göstərən qrupları zərərsizləşdirmək barədə xüsusi həvəs göstərməməyi ilə nəticələndi.

Bütün bunlar Suriyadakı vətəndaş müharibəsinin bütün fəsadlarının ziyanını çəkən – milyonlarla qaçqına qapılarını açan, toqquşmalar nəticəsində zaman-zaman sərhədə yaxın yaşayış məntəqələri zərbələrə məruz qalan və dinc sakinləri həyatını itirən (hətta 2012-ci ildə Türkiyəyə aid təyyarə sərhəd yaxınlığında vurulmuşdu), İŞİD və PKK kimi terror təşkilatları “burnunun ucuna qədər” gəlib çıxan Türkiyəni Ərdoğanın təbirincə söyləsək, “öz göbəyini özü kəsməyə” vadar etdi. Türkiyə sərhədlərindən kənarda antiterror əməliyyatları keçirməklə milli təhlükəsizliyinə qarşı yönələn təhdidləri sıfırlamağa məcbur qaldı.
Beləliklə, Türkiyənin keçirdiyi əməliyyatlara nəzər salaq.
24 avqust 2016 – 29 mart 2017 tarixləri arasında gerçəkləşdirilən “Fərat Qalxanı” əməliyyatı 7 aydan çox davam etmişdi. Burada əsas hədəf Türkiyə sərhədləri ətrafında “təhlükəsiz bölgə” zolağının yaradılması idi. Həmin ərazi PKK/YPG qruplaşmasından, İŞİD terror təşkilatından və Əsəd rejiminə sadiq olan qüvvələrdən təmizlənməli idi. İlkin mərhələdə ümumilikdə 5 min kvadrat kilometr ərazinin “təhlükəsiz bölgə”yə daxil edilməsi nəzərdə tutulmuşdu. Əməliyyatlarda Türkiyə Silahlı Qüvvələri ilə yanaşı, Türkiyə tərəfindən təlim görmüş Bəşər Əsəd hakimiyyətinə qarşı müxalif qüvvələrin formalaşdırdığı “Azad Suriya Ordusu” da iştirak edirdi. PYD-nin nəzarət etdiyi kantonları birləşdirərək avtonom qurum formalaşdıracağını elan etməsindən sonra başlayan “Fərat Qalxanı” həm qurudan, həm də havadan aparılan əməliyyatlarla gerçəkləşdirilmişdi. Əməliyyat nəticəsində qoyulmuş hədəflərə qismən nail olunsa da, antitterror əməliyyatı ümumilikdə uğurla başa çatdırılmışdı. Cerablus, El-Bab və Dabık yaşayış məntəqələri İŞİD-dən təmizləndi. Türkiyə Silahlı Qüvvələri ümumilikdə 243 yaşayış məntəqəsinin yerləşdiyi 2015 kvadrat kilometr ərazini “təhlükəsiz bölgə”yə daxil edilib və bu bölgədə məskunlaşan 43 mindən çox dinc sakinin təhlükəsizliyi təmin olunub. İŞİD-in Türkiyə sərhədləri ilə fiziki bağlantısı tamamilə aradan qaldırılıb.
Türkiyə ordusunun Suriyanın şimalında keçirdiyi digər bir əməliyyat “Zeytun budağı” olub. Bu əməliyyat 2 aydan çox davam edib. 20 yanvar 2018-ci il tarixində başlayan əməliyyat eyni ilin 24 mart tarixində sona çatıb. Bu əməliyyat həmçinin “Afrin hərəkatı” adlandırılırdı və addan göründüyü kimi, əsas hədəflərdən biri Hələb vilayətinin Afrin şəhərinin terrorçulardan təmizlənməsi və azad olunması idi. “Zeytun budağı” uğurla başa çatdırılan əməliyyatlardan biri hesab olunur. Belə ki, antiterror əməliyyatı nəticəsində 2 min kvadrat kilometr ərazi nəzarət altına alınıb. Bülbül, Cinderes, Mabatlı, Raco, Şeran və Şeyx Hədid kimi mərkəzlər də daxil olmaqla, ümumilikdə 282 yaşayış məntəqəsi, 332 yüksəklik və 50 strateji əhəmiyyət kəsb edən nöqtələr Türkiyə tərəfindən azad olunub. YPG və PYD-yə, eləcə də İŞİD-ə qarşı yönələn “Zeytun budağı” əməliyyatının əsas məqsədi Türkiyə sərhədlərinin təhlükəsizliyinin təmin olunması, bölgədə yaşayan dinc sakinlərin terror təhdidindən qurtulması olub.
![]()
Daha bir əməliyyat isə “Barış Pınarı” antiterror əməliyyatıdır. Əməliyyatın əsas hissəsi 9-17 oktyabr 2019-cu il tarixlərində 8 gün ərzində keçirilsə də, ərazidə bu günə qədər antiterror əməliyyatları vaxtaşırı davam etdirilib. Əməliyyatın ilkin hədəfləri Türkiyə sərhədlərindən Suriyanın içlərinə doğru 30 kilometr dərinliyində “təhlükəsiz bölgə” yaradılması, 3.6 milyon dinc suriyalıların bu ərazilərdə yerləşdirilməsi olub. ABŞ və Rusiyanın dəstəklədiyi “Suriya Demokratik Qüvvələri”nə qarşı yönələn əməliyyatda Türkiyə Silahlı Qüvvələri və müxaliflərin “Suriya Milli Ordusu” iştirak edib. Beynəlxalq miqyasda mənfi reaksiyalara səbəb olan əməliyyat Türkiyə tərəfindən uğurla başa çatdırılıb. 30 kilometr dərinlikdə “təhlükəsiz bölgə” formalaşdırmaq hədəfi tam olaraq mümkün olmayıb, lakin Resulayn, Tel Abyad, Suluq daxil olmaqla 600 yaşayış məntəqəsi terrorçulardan təmizlənib, 4820 kvadrat kilometr əraziyə nəzarət təmin olunub. Həmçinin strateji əhəmiyyətli M-4 magistralının Fərat çayının şərqində qalan hissəsi ələ keçirilib. Əsəd rejimi və “Suriya Demokratik Qüvvələri”nin Türkiyəyə qarşı əməkdaşlıq etdiyi bu əməliyyat Rusiyanın vasitəçiliyi ilə Soçi razılaşması əsasında elan olunan atəşkəslə sonlandırılıb.
2020-ci ilin 27 fevral – 5 mart tarixləri arasında gerçəkləşdirilən və 1 həftə davam edən “Bahar Qalxanı” əməliyyatı isə Suriyanın İdlib vilayətində gerçəkləşdirilib. Təhlükəsizliyin təmin olunması və Türkiyəyə doğru köçün qarşısının alınması məqsədilə keçirilən əməliyyat da Moskvada razılığa gəlinən atəşkəslə başa çatdırılıb. M-4 yolunun 6 kilometr cənubunda və 6 kilometr şimalında olmaqla, təhlükəsizlik koridorunun yaradılmasına qərar verilib. Serakib yaşayış məntəqəsi isə Suriya ordusunun nəzarəti altına keçib.

2019-cu ilin 28 mayında başladılan “Pəncə” əməliyyatları isə mütəmadi olaraq davam etdirilməkdədir. “Pəncə-2”, “Pəncə-3”, “Pəncə-Qartal”, “Pəncə-Qaplan”, “Pəncə-İldırm”, “Pəncə-Şimşək”, “Pəncə-Qılınc” və “Pəncə-Kilid” kimi adlarla keçirilən antiterror əməliyyatları Suriyada yox, İraqın şimalında keçirilir. Bu əməliyyatlar daha çox hava zərbələri ilə icra edilir. Əməliyyat nəticəsində Hakurk yaşayış məntəqəsi Türkiyə ordusunun nəzarəti altına keçib. Metina, Zap və Haftanin bölgələrində də strateji məntəqələr Türkiyə tərəfindən təmizlənib və PKK terror təşkilatına qarşı bu əlverişli mövqelərdən zərbələrin davam etdirilməsi üçün istifadə edilir.
Rəsmi Bağdad tərəfindən etirazlarla müşayiət olunan antiterror əməliyyatlarını Türkiyə hüquqi-siyasi baxımdan əsaslandırır. Belə ki, İraq konstitusiyasının 7-ci maddəsində təsbit olunmuş ölkənin terrorun bütün növlərinə qarşı mübarizə aparacağı, ərazilərindən terrorçuların istifadə etməsinə imkan verməyəcəyi barədə müddəaların icra edilməməsi, 1926-cı ildə Türkiyə və İraq arasında imzalanmış Ankara anlaşmasına söykənərək antiterror əməliyyatları davam etdirilir.
Yaxın vaxtlarda keçirilməsi gözlənilən antiterror əməliyyatlarının da məhz milli təhlükəsizlik, ərazi bütövlüyünün qorunması, sərhədlərin toxunulmazlığının təmin olunması və terror təhdidinin aradan qaldırılması məqsədləri daşıyacağı Türkiyə rəsmiləri tərəfindən dəfələrlə bəyan edilib. Yeni əməliyyatlara nə vaxt başlanılması beynəlxalq vəziyyətdən və Türkiyənin daxilindəki siyasi şəraitdən asılı olacaq.