Modern.az

“Şuşasız qalmaq həm çətin, həm də ağlasığmazdır” - MÜSAHİBƏ

“Şuşasız qalmaq həm çətin, həm də ağlasığmazdır” - MÜSAHİBƏ

Aktual

8 May 2013, 13:01

"Şuşasız bir ilimiz də beləcə keçdi..."

Bu gün Qarabağın mərkəzi şəhəri, bütün azərbaycnlıların qan yaddaşına çevrilən Şuşanın işğaından 21 il ötür. İllər bir-birini əvəzlədikcə təkcə hər ilin 8 mayını deyil, ən azı hər günü televiziya, radio, eləcə də bir sıra kütləvi informasiya vasitləri ilə bu ağrını, itkini xatırlayırıq. Şuşanı şuşalılardan xəbər almaq daha doğru olardı. Biz də belə etdik. Müsahibimiz əslən Şuşadan olan Elçin Əhmədovdur. Elçin Əhmədov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının dosenti, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin analitik-informasiya mərkəzinin müdiridir.

- Şuşalı olmaq necə hissdir?

Şuşalı olmaq üçün Şuşada doğulmaq, oranın havasını udmaq, suyunu içmək və o gözəlliyi gözü ilə görmək lazımdır.

- Sual bir az ağır səslənsə də, bəs Şuşasız qalmaq necə duyğudur?

- Evi-eşiyi, malı-mülkü ani bir hadisədən də itirmək olar, amma doğma torpağı, ata-babaların uyuduğu torpağın işgal olunmasına dözmək Şuşasız qalmaq həm çətin, həm də ağlasığmazdır.

- Mütəxəssis kimi strateji baxımdan Şuşanı necə qiymətləndirirsiniz?

- Şuşanın abidələr şəhəri olduğunu söyləyən ümummilli lider Heydər Əliyev onun Azərbaycan üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirərək bildirmişdir ki, “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur”. Bir vaxtlar "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Şərqin konservatoriyası" adlandırılıb. Şuşaya dünya öz qiymətini verib. Bənzəri olaayan diyardı Şuşa...

 - Tarixi abidələrin hazırkı durumu ilə bağlı nələri demək istərdiniz?

- Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində bütün maddi-mədəniyyət nümunələri dağıdılıb məhv edilməklə yanaşı, ermənilər azərbaycanlılara məxsus olan tarixi yazıları silmək, qaşıyıb pozmaq və təhrif etməklə kifayətlənməmiş, onları özününküləşdirməyə çalışıraq öz saxtakarlıq əməllərindən də əl çəkməmişlər. İşğala qədər Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası və 160-dək mədəniyyət və tarixi abidə var idi. Bunların içərisində son tunc və ilk dəmir dövrü abidəsi sayılan Şuşa və Şuşakənd daş qutusu qəbirləri, daş dövrü abidəsi olan Şuşa mağara düşərgəsi, XVIII əsrə dair Şuşa qalasının divarları, Gəncə qapısı, Pənah xanın sarayı və kitabxanası, İbrahim xanın bürcü və qəsri, Xan sarayı və karvansaray, Molla Pənah Vaqifin mədrəsəsi və türbəsi, Yuxarı məscid mədrəsəsi, Hacıqulların malikanəsi, İkimərtəbəli karvansaray, Mehmandarovların malikanə kompleksi, Gövhər ağa, Xoca Mərcanlı, Hacı Abbas, Mərdinli, Saatlı, Köçərli məscidləri, Xurşidbanu Natəvanın evi və bulağı, Ə.B. Haqverdiyevin, Q.B.Zakirin, M.M.Nəvvabın, S.S.Axundovun, N.B.Vəzirovun, Y.V.Çəmənzəminlinin evləri, Mamay bəyin evi, məscidi və bulağı, Behbudovların, Fərəməzovların, Zöhrabbəyovun, Bəhmən Mirzənin evləri, Üzeyir bəy Hacıbəylinin, Bülbülün ev muzeyləri, Xan Şuşinskinin, Tarzən Sadıqcanın evləri, Realni məktəbinin binası, Qız məktəbi, Şirin su hamamı, Meydan bulağı, İsa bulağı və s. tarixi mədəniyyət nümunəsi erməni işğalçıları tərəfindən talan edilib və dağıdılıb.

- Şuşayla bərabər Azərbaycan nələri itirib?

- 1992-ci il mayın 8-də Azərbaycanın qədim musiqi və mədəniyyət mərkəzi olan Şuşa şəhəri Ermənistan ordusu tərəfindən işğal edildikdən sonra şəhərdəki butün maddi-mədəniyyət nümunələri məhv edilib. Belə ki, Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Şuşanın 25 məktəbi, 30 səhiyyə müəssisəsi, 31 kitabxanası, 17 klubu, 8 mədəniyyət evi, 4 texnikumu, 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatrı, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriya, turist bazası, 2 mehmanxana, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şuşa Televiziyası, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq sağlamlıq məktəbi ilə yanaşı, işğala qədər memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası və 160-dək mədəniyyət və tarixi abidə talan edilmiş, yandırılmış və dağıdılıb.

- İştirakçısı olduğunuz respublika, eləcə də dövlət əhəmiyyətli tədbirlərdə  "Qarabağ-Şuşa" movzusu necə dəyərləndirilir?

- Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılıb. Bu baxımdan Heydər Əliyev Fondu, xüsusilə onun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın gördüyü işlər olduqca təqdirəlayiqdir. Fondun həyata keçirdiyi "Qarabağ həqiqətləri" silsiləsi və işğal olunan ərazilərdə mədəni-tarixi abidələrin dağıdılması ilə bağlı nəşr olunan kitab və bukletlər də xarici ölkələrdə yayılır.

- Qarabağ həqiqətlərini dünyaya çatdırmaq üçün nə kimi planları həyata keçirməyi düşünürsünüz?

- Hesab edirəm ki, Qarabağ həqiqətlərini dunyaya catdırmaq üçün ilk növbədə Vətənimizin tarixini mükəmməl bilməliyik. Çünki Vətəninin tarixini mükəmməl bilməyən insan heç vaxt vətənpərvər ola bilməz. Bəzən biz elə hesab edirik ki, Qarabağ haqqında çox şey bilirik. Əslində isə çox az məlumatlıyıq. Bu gün bizim qarşımızda duran əsas vəzifələrdən biri son iki əsrdə xalqımıza qarşı ermənilər tərəfindən həyata keçirilən etnik təmizləmə, soyqırımı siyasəti haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, onun ağır nəticələrinin aradan qaldırılmasına və bir daha belə halların təkrar olunmamasına çalışmaqdır. Bu məsələdə hər kəs öz vətəndaşlıq borcunu şərəflə yerinə yerinə yetirmək üçün əlindən gələni etməlidir. Hər bir kəs oz sahəsində. Gənc nəsli milli ruhda tərbiyə etmək və vətənpərvərlik ruhu aşılamaq lazımdır.

Dürrə HƏSƏN

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı