İsrail parlamenti artıq Likud partiyasının lideri Benyamin Netanyahunun yaratdığı hökuməti təsdiqləyib. Bununla da İsraildə yeni hökumət formlaşmış sayılır. Yeni hökumətlə bərabər əsas diqqət hakimiyyətin xarici siyasətinə yönəlib.
İsrailin Baş naziri Binyamin Netanyahu İsrailin yeni hökumətinin xarici siyasətinə yenidən baxılacağını və öz maraqlarını müstəqil şəkildə müdafiə edəcəyini bildirib.
"Xarici əlaqələrə yenidən nəzər salacağıq. Səsimiz bütün dünyada eşidiləcək. Dünya birliyinin diktəsinə baş əymək əvəzinə, İsrail dövlətinin maraqlarını qürurla müdafiə edəcəyik”, -deyə Baş nazir qeyd edib.
Belə bir məqamda İsrailin Türk dünyası ilə, xüsusilə də Türkiyə və Azərbaycanla əlaqələrinin necə olacağı maraq doğurur.
İsrail və Türkiyə bir neçə il sonra əlaqələrin normallaşması üçün ilkin addımları atıblar. Hətta ölkələr arasında diplomatik münasibətlər bərpa edilib və qarşılıqlı olaraq səfir təyinatları həyata keçirilib.
Türkiyə ilə yanaşı, İsraillə Azərbaycan arasında əlaqələr də yüksələn səviyyədə davam edir. Bu il Azərbaycan diplomatik münasibətləri zirvəyə daşıyaraq İsraildə səfirlik açacaq.

İsrailli ekspert David Geldelman yeni hökumətin xarici siyasətində Azərbaycan və Türkiyə ilə müasibətlərin necə olacağı ilə bağlı Modern.az-ın sualını cavablayıb.
Onun sözlərinə görə, İsraildə yeni hökumət qurulandan sonra münasibətlərdə daha çox müsbət məqamlar diqqət çəkəcək. Ekspert Azərbaycan-İsrail münasibətlərinin daha da güclənəcəyinə əminliyini ifadə edib.
“İsrailin xarici siyasətində Azərbaycan və Türkiyə ilə bağlı hər hansı mənfi mövqeyin olacağını gözləmirik. Xüsusilə də Azərbaycan ilə əlaqələr daha da güclənəcək.
Türkiyə ilə isə münasibətlərin normallaşması prosesi davam edəcək. Hər iki ölkə keçmişi kənara qoyub, birlikdə gələcəyə baxmalıdır. Əksinə, yeni hökumət qurulandan sonra əlaqələrin daha güclənəcəyini düşünürəm. Bura bir neçə sahədə əməkdaşlıq da daxildir. Xüsusilə də hərbi sahədə əməkdaşlıq gözlənilir ki, bu da hər iki ölkəyə aiddir”, - David Geldelman vurğulayıb.

Xatırladaq ki, artıq Netanyahu və hökumət üzvləri vəzifələrinə başlamaq üçün and içiblər.
Belə ki, Netanyahunun mühafizəkar Likud partiyasının üzvü, 64 yaşlı Yoav Qalant ölkənin müdafiə naziri təyin olunub. Qalant 2020-ci ildən 2021-ci ilə qədər İsrailin təhsil naziri vəzifəsində çalışıb. O, əvvəllər Ədliyyə və inteqrasiya naziri (2019-2020), tikinti naziri (2015-2019), İsrailin cənub hərbi bölgəsinin komandanı (2005-2010) və İsrail baş nazirinin hərbi katibi (2002-2005) olub.
Sionizm partiyasına rəhbərlik edən Bezalel Smotriç isə maliyyə naziri təyin edilib. Radikal dindar hesab edilən Smotriç azad bazarları müdafiə etdiyini açıqlayıb. 42 yaşlı nazir Fələstin dövlətçiliyinin əleyhinədir.
Xarici işlər naziri postunu Eli Kohen tutacaq. Əvvəlki Netanyahu hökumətində kəşfiyyat naziri olan 50 yaşlı Kohen Likud partiyasının üzvüdür.
İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirdir. İfrat sağçı Yəhudi Gücü partiyasına rəhbərlik edən Ben-Qvir bütün vətəndaşlar üçün qanun və qaydaya diqqət yetirəcəyinə söz verib.
46 yaşlı Ben-Qvir Fələstinin dövlətçiliyinə qarşıdır və 1990-cı illərdə qurulmuş Fələstin Muxtariyyəti hökumətinin dağıdılmasının tərəfdarıdır. O, vaxtilə İsrail və ABŞ-da "qara siyahı"ya düşən Kahane Çaiyə yəhudi silahlı qruplaşmasının üzvü olub.
63 yaşlı utra-pravoslav ravvin Arye Deri daxili işlər və səhiyyə naziri vəzifəsinə layiq görülüb. 1999-cu ildə Deri rüşvət aldığı üçün üç il müddətinə azadlıqdan məhrum edilib. O, 2012-ci ildə yenidən siyasətə qayıdıb. Koalisiya müqaviləsinə əsasən, Deri iki ildən sonra maliyyə naziri olacaq.
İsrailin Vaşinqtondakı keçmiş səfir Ron Dermer strateji işlər naziri postunu tutub. 2020-ci ildə ABŞ-ın o zamankı prezidenti Donald Trampın vasitəçiliyi ilə İsrailin Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn ilə əlaqələrinin qurulmasında əsas rol oynayıb.