Modern.az

Moskva Ermənistanda fitnə törədir? – ABŞ reaksiya verdi

Moskva Ermənistanda fitnə törədir? – ABŞ reaksiya verdi

Aktual

27 Yanvar 2023, 09:48

ABŞ Dövlət Departamenti Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Avropa İttifaqının Ermənistana göndərəcəyi sərhəd missiyası barədə açıqlamasına cavab verib.

 

Modern.az ABŞ Dövlət Departamentinin rəsmi saytına istinadən xəbər verir ki, bu barədə brifinq zamanı qurumun nümayəndəsi Vedant Patel danışıb.

 

"Yəqin ki, görmüsünüz, Rusiya XİN kəskin bəyanatla çıxış edərək Aİ-ni Azərbaycan-Ermənistan sərhədinə mülki monitorinq missiyası göndərdiyinə görə tənqid etdi. Dünən Ned Praysla müzakirə etdiyimiz məsələ idi. Rusiya olduqca qeyri-diplomatik dildən istifadə etdi. Onlar Aİ-ni regionda qarşıdurma siyasəti aparmaqda, geosiyasi qarşıdurmaya gətirməkdə günahlandırdılar. Sual ondan ibarətdir ki, ilk növbədə bu açıqlamaya münasibətiniz nədir? İkincisi, daha geniş şəkildə Dövlət Departamenti Rusiyanın regiondakı roluna necə baxır? Onlar sülhpərvərdirlər, yoxsa fitnə-fəsad törədirlər?", - deyə jurnalist ona sual verib.

 

"Birincisi, ABŞ Ermənistan-Azərbaycan sülh danışıqlarına sadiqdir. Biz tərəfdaşların, o cümlədən Avropa İttifaqının regionda etimadın yaradılması və Ermənistanla Azərbaycan arasında birbaşa dialoq üçün əlverişli mühitin təmin edilməsi istiqamətində səylərini alqışlayırıq. Biz bilavasitə bütün tərəfdaşlarımızla və effektiv olduqda regiondakı tərəfdaşlarımızla sıx işləməyə davam edirik.

 

Konkret olaraq, Rusiyanın roluna gəlincə, ABŞ noyabrda (10 noyabr 2020-ci il üçtərəfli bəyanatı nəzərdə tutulur - red.) Rusiyanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında Rusiya sülhməramlılarının yerləşdirilməsi ilə nəticələnən atəşkəsdə iştirak etməyib, ona görə də mənim bununla bağlı əlavə bir təklifim olmayacaq. Amma əlbəttə ki, bildiyiniz kimi, bu, dövlət katibi üçün çox vacib olan bir mövzudur, yaxından diqqət yetirir və məsələ ilə dərindən məşğul olur", - Patel cavabında qeyd edib.

 

Xatırladaq ki, Rusiya XİN dünənki açıqlamasında Avropa İttifaqının mülki missiyasının Ermənistana yerləşdirilməsini qınayıb: "Avropa İttifaqının nəyin bahasına olursa-olsun, Ermənistanda möhkəmlənmək cəhdi ermənilərin və azərbaycanlıların köklü maraqlarına zərbə vura bilər".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir