“NATO-nun genişlənməsini dəstəkləyirik”.
Modern.az xəbər verir ki, bunu Macarıstanın ticarət və xarici işlər naziri Peter Siyarto deyib.
O bildirib ki, İsveç və Finlandiyanın NATO üzvü olması ilə bağlı ölkəsinin mövqeyi də çox aydındır:
“Fevral ayında Macarıstan parlamenti toplanacaq və gündəmdə İsveç və Finlandiyanın NATO-ya üzvlüyünün ratifikasiyası olacaq.
O, Türkiyənin bu məsələdə mövqeyinin özünə aid olduğunu xatırladıb. O, İsveçdə Quranın yandırılması faktına da münasibət bildirib.
“Xristian bir insan olaraq, digər bir dinin müqəddəs kitabının yandırılması qəbuledilməz davranışdır. Başqa bir dinin müqəddəs kitabını yandırmaq NATO üzvü olmaq istəyən ölkə üçün qəbuledilməzdir. Çünki bu ölkə Türkiyənin dəstəyini istəyir. Mən İsveç hökuməti üzvü deyiləm, sadəcə müşahidəçi kimi deyirəm ki, bütün beynəlxalq siyasətdə daha çox sayğı göstərilməsi lazımdır”, o deyib.
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu da Türkiyənin NATO-nun genişlənməsini dəstəklədiyini qeyd edib.
Nazir bildirib ki, Türkiyə NATO-nun birliyinə və təhlükəsizliyinə ən çox töhfə verən ölkədir.
“Biz Finlandiya və İsveçin təhlükəsizliklə bağlı narahatlıqlarını başa düşürük. Amma o iki ölkənin təhlükəsizliklə bağlı narahatlıqları aradan qaldırılarkən NATO üzvü olan Türkiyənin eyni yöndə narahatlıqlarını qarşılamaması qəbuledilməzdir. Bu narahatlıq da terrorla mübarizədir”, o söyləyib.