Goranboyda Xocalı soyqırımı faciəsinin 31-ci ildönümü ilə bağlı ümumrayon tədbiri keçirilib.
Modern.az xəbər verir ki, tədbirdə Goranboy və Xocalı rayonlarının İcra Hakimiyyətlərinin başçıları, hər iki rayonun digər rəhbər şəxsləri və xidmət sahələrinin rəhbərləri və kollektivi, ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.
Goranboy şəhəri Şəhidlər Xatirə Kompleksi, sonra Yeni Yaşayış Massivində Xocalı soyqırımı qurbanlarının xatisinə ucaldılmış Abidə ziyarət olunub. Tədbirdə soyqırım aktına həsr olunmuş rəsm sərgisi nümayiş etdirilib.
Xocalı soyqırımı faciəsinin 31-ci ildönümü ilə bağlı Aşağı Ağcakənd qəsəbəsində də tədbir keçirilib.
Tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov və digər rəhbər şəxslər, Goranboy və Xocalı rayonlarının ictimaiyyət nümayəndələri iştirak etdilər. Tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının və Vətən müharibəsi şəhidlərimizin xatirəsinə, xocalıların müvəqqəti məskunlaşdığı Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində ucaldılmış abidələri ziyarət ediblər.
Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi tərəfindən Xocalı soyqırımı qurbanlarının və bütün şəhidlərimizin ruhuna ehsan süfrəsi açıldı. Ehsan süfrəsində, Komitə sədri Rövşən Rzayev, Goranboy RİH-nin başçısı Məhərrəm Quliyev, Xocalı RİH-nin başçısı Şahmar Usubov, hər iki rayonun digər rəhbər şəxsləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak etdilər. Bütün şəhidlərimizin ruhuna dualar oxundu, əziz xatirələri ehtiramla anıldı.