“Hər bir vətəndaşın seçki hüququndan istifadə etməsini istəyirik. Biz kimin səs verib-verməyəcəyinə qarışa bilmərik. Bizə səs verərlərsə, qəbulumuzdur. Hamı seçimi qazanmaq üçün yola çıxır”.
Bunu Modern.az-a Cumhuriyyət Xalq Partiyasından (CHP) seçilən deputat Atilla Sertel Xalqların Demokratik Partiyasının (HDP) “Millət İttifaqı”nın prezidentliyə namizədi olan Kamal Kılıçdaroğluna dəstək verməsinə münasibət bildirərkən deyib.
“Millət İttifaqının tərkibində 6 partiya var. Həmin 6 partiyanın ortaq namizədi CHP lideri Kamal Kılıçdaroğlu seçildi. İnşallah, cumhurbaşqanı olacaq. Türkiyənin birliyini, bərabərliyini müdafiə edəcək. Bizim istəyimiz Türkiyənin bölünməzliyi, bütövlüyüdür. Mustafa Kamal Atatürkün bizə əmanət etdiyi Türkiyənin bölünməz bütünlüyü üçün canımızdan, qanımızdan keçərik. Ancaq Türkiyədə yaşayan hər kəsin bərabər şəkildə ədalətdən, haqqdan, hüquqdan yaralanan insanlar olmasını istəyərik”, - türkiyəli deputat vurğulayıb.
Qeyd edək ki, 6 mart tarixində “Millət İttifaqı”nın toplantısından sonra CHP lideri Kamal Kılıçdaroğlu müxalifətin vahid namizədi elan olunub. Bundan sonra kürdlərin çoxluq təşkil etdiyi Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Mithat Sancar Kılıçdaroğlunun namizədliyini dəstəklədiklərini bildirib.
“Cənab Kılıçdaroğlunun namizədliyi xeyirli olsun. Qərargahımızda bu məsələləri müzakirə etmək üçün onun ziyarətini gözləyirik”, - deyə Sancar söyləyib. O, partiyanın seçkiyə başqa namizəd çıxarmayacağını söyləyib.
Bundan sonra hazırda həbsdə olan sabiq HDP həmsədri Selahettin Demirtaş tviter səhifəsində Sancarın açıqlamasını paylaşıb. “Xeyirli olsun. Onu HDP qərargahına gözləyirik”, - deyə CHP liderinə dəstəyini ifadə edib.
HDP-nin Kılıçdaroğluna dəstək verməsi Türkiyənin siyasi səhnəsində birmənalı qarşılanmayıb.