Hazırda Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev Modern.az-a bildirib ki, duman sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir.
“Gecə saatlarında buludsuz və az sürətli cənub-şərq küləkləri yer səthində əks şüalanma nəticəsində havanın effektiv soyumasına səbəb olub. Bunun nəticəsində yerüstü hava qatında duman əmələ gəlib", - o deyib.
R. Verdiyev qeyd edib ki, Şabran, Sabirabad, Salyan, Cəfərxan, Neftçala, Biləsuvar, Bakı, Sumqayıt, Maştağa, Binə, Neft Daşları, Pirallahı, Çilov adasında duman müşahidə olunur və dumanda görünüş məsafəsi 50-200 metrədək məhdudlaşır.
Dumalı hava şəraiti martın 12-dək fasilələrlə davam edəcək.
Onun sözlərinə görə, mart ayı üçün xarakterik olmayan yüksək temperatur rejimi fonunda temperatur martın 10-da iqlim normasından 4 dərəcə yüksək olub. Bakıda və Abşeron yarımadasında isə maksimal temperatur 14 dərəcə qeydə alınıb.