Ölkənin gənc xanımlarını karyera qurmağa yönəldən «Karyera quruculuğu: liderlik, natiqlik, nüfuzetmə, kollektivlərin idarə olunması və PR-ın təşkili» mövzularında interaktiv təlimlər başa çatıb.
İştirakçılara karyera qurmaq üçün başlanğıc planların qurulması, auditoriyalar və videokameralar qarşısında mesajların verilməsi, nüfuzetmə nitqlərinin hazırlanması, liderlik, komanda quruculuğu və PR texnologiyaları öyrədilib. Təlimlər zamanı Qərbin ən müasir təlim metodları tətbiq olunub.
“Qadın Liderliyi Uğrunda” İctimai Birliyin (QLUB) “Qadınlar karyeraya doğru: özünü ifadə etmək mədəniyyətinin formalaşdırılması” layihəsı çərçivəsində Bakı şəhərində həyata keçirdiyi təlimlərə onlarla gənc xanım qatılıb. İyul-avqust aylarında sözügedən təlimlərin Qax və Zaqatala rayonlarında yaşayan gənc xanımlar üçün də keçirilməsi nəzərdə tutulub. AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən bu layihənin məqsədi gənc xanımlara karyera qurmağın sirrlərini öyrətmək, onların inkişafına nail olmaq, onları ölkənin ictimai-siyasi həyatında peşəkar səviyyədə iştiraka istiqamətləndirməkdir.

Modern.az